Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13096/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq tutulmuş pulun geri qaytarılması” tələbinə dair il üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hər ay pensiyasının 10% tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə "xxxx"dan 2444.04 ABŞ dolları kredit götürmüşdür. Bank işçisi ilə belə razılaşmışlar ki, ABŞ dollarını rəsmiləşdirərək bankdan ona krediti milli pulla manatla verilmiş və ödəmə cədvəlini də manatla tərtib etmişlər. Beləliklə, o, ödəmə cədvəlinə uyğun olaraq ödənişə başlamışdır. Sonra pensiyasından özbaşına olaraq pul tutulmasına başlamışlar və ondan hər ay pensiyasının 25%-ni "xxxx" tutur və 25%-ni “Bank of Baku”. Hazırda da pulun pensiyasından tutulması davam edir və 1136 AZN qalıb. Hazırda da iddiaçının başqa gəlir yeri olmadığından pensiyasından tutmalar davam etdirilir ki, bununla da onun əmlak hüququnun pozulması davam etdirilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hesab edir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində ona zərər vurulmuşdur. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardim məktubu ünvanlayaraq, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Lakin hüquqi yardım məktubu məhkəmə tərəfindən iddiaçıya göndərsə də, yardım məktubunun iddiaçıya çatdırılması mümkün olmamış və poçt xidməti tərəfindən “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiacıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Lakin, məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddianın mümkün sayılaraq, işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) Hazırki iş üzrə iddia tələbindən görünür ki, İddiaçı banka olan borcuna əsasən hər ay pensiyasından tutulmalar aparılır. İddiaçı bununla bağlı olaraq məhkəməyə müraciət edərək, hər ay pensiyasının 10% tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarından görünür ki, hazırkı iddia tələbi "xxxx" ASC-yə qarşı qaldırılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, hazırki mübahisə bağlanılmış kredit müqaviləsi üzrə kredit öhdəliklərindən yaranmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 2015-ci ildə "xxxx" ASC -dən kredit götürmüş və iddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanılmışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh kimi göstərilmiş "xxxx" ASC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə deyil, o, AR Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs də deyil. Məhkəmə onu da qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki, 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində "xxxx" ASC çıxış edir ki, həmin qurum qanunvericilikdə inzibati orqan kimi müəyyən edilməmişdir və onlar (tərəflər) arasında yaranan mübahisə, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir. Göstərilən normaların tələblərindən göründüyü kimi mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İddiaçıya izah olunur ki, hazırki iş üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Odur ki, qeyd edilən iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev