Məhkəmə qərarları › İş №2-1(112)-13097/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13097/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13097/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “qərarın ləğv edilməsi və məsuliyyətə cəlb edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X3 Xidmətinin Qərarının ləğv olunması və qarşı tərəfin məsuliyyətə cəlb olunması barədə yeni qərarın qəbul edilməsi, inzibati protokol tərtib etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 9 iyul 2021-ci il tarixdən 6 fevral 2023-cü il tarixədək "xxxx" saytında rəhbərliklə iddiaçının arasında heç bir rəsmi müqavilə olmadan, qanunsuz olaraq müxbir kimi işlədilmişdir. 2023-cü il yanvar ayının 15- də X3 Xidmətinə bu barədə şikayət etmişdir. Müfəttişliyin işinə baxan əməkdaşı müxtəlif bəhanələrlə qarşı tərəfi inzibati məsuliyyətə cəlb etdirməkdən yayındırıb. Sözügedən iş yerində işləməyinə dair fotolar, imzalı yazılar təqdim etməyinə, eləcə də 2023- cü ilin yanvar ayında ilk müraciətindən sonra 2 dəfə yenidən şikayət etməyinə baxmayaraq, Müfəttişliyin işçiləri əsassız bəhanələr gətirir, qarşı tərəfin məsuliyyətə cəlb edilməməsi üçün canfəşanlıq nümayiş etdirirlər. Son iş günü 6 fevral 2023-cü il olduğu halda, həmçinin, həmin günü işdən çıxarılmağı ilə bağlı işə məxsus “messenger” qrupunda iş yoldaşları ilə sağollaşmağa aid yazışmalar real sübut olaraq təqdim edildiyi halda və bütün bunların öz adına məxsus şəxsi “Facebook” hesabından yazıldığı halda, bu, sübut olaraq qəbul edilmir. Bunun əvəzində isə sonuncu iş günü saxtalaşdırılır, təqdim etdiyi sübutların arasından 2022- ci ilə aid yazışma “seçilib”, son tarix kimi götürülüb qərar qəbul edilir. Son iş günü tarixinin 2022-ci ilə keçirilməsi məhz qarşı tərəfi inzibati məsuliyyətdən azad eləmək məqsədi daşıyır. 2023-cü il tarixdəki imzalı yazılarının isə faktın təsdiqlənməsi, həmin şəxsin olub- olmamasının təyin edilməsi üçün ekspertizaya ehtiyac olduğu bahanə edilir, müxtəlif məhkəmələrə üz tutmağı tövsiyə edilir. Halbuki müfəttişliyə şikayət etdiyi ilk gündən öz adına olan hesabından son iş gününə aid sağollaşma yazıları təqdim olunub. Nədənsə, bu sübuta baxılmayıb daha doğrusu baxmaq istəməyiblər. İddiaçının öz adına olan hesabından sonuncu iş gününü əks etdirən sübutlar, qrup yazışmaları var və buna məhəl qoyulmur. Çünki son tarix 2023-cü il qəbul etsələr sənədlə, gərək hazırda İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə qarşı tərəfi inzibati məsuliyyətə cəlb edələr. Ona görə də bunu sənədləşdirmir, şifahi başqa şey deyir, yazılı başqa şey yazırlar. Ümumiyyətlə, X3 Xidmətinin işimə baxan əməkdaşı haçan getmişəm məzuniyyətdə olub, qəbula gedərkən sübutlarım digər şəxslərin sübutlarına qarışmış halda rəisin qəbuluna gətirilib. Bu biabırçılıqdır, vətəndaşın şikayətinə məsuliyyətsiz yanaşmaqdır, başdan eləməkdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, "xxxx" Xəbər Portalı MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini və Xidmətin Bakı şəhər İdarəsi tərəfindən bundan əvvəlki müraciətləri ilə bağlı araşdırmanın qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmadığını bildirmisiniz. Qeyd edilən halların dəqiqləşdirilməsi, sübutedici sənədlərin (məlumatların) və izahatının təqdim edilməsi, həmçinin mübahisələndirdiyi məsələlərin dürüstləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-17-5/2-B-35798/2024 nömrəli məktubla X3 Xidmətinin Aparatının inzibati binasına dəvət olunmuş, iddiaçı tərəfindən araşdırma ilə əlaqədar olan sənədlər elektron poçt vasitəsilə müraciətin aidiyyəti icraçı şəxsinin korporativ elektron poçtuna göndərilmişdir. Bildiririk ki, iddiaçı tərəfindən aparılan araşdırma zamanı daha öncəki müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq baxıldığı müəyyən edilmişdir. Xidmətin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri üzrə istənilən “DOST” mərkəzlərindən birinə dəvət olunmuşdur. Həmin məktubla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı “DOST” Mərkəzinə gələrək izahatını təqdim etmişdir. Həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməsi və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Xidmətin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Xəbər Portalı MMC-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-B-1102/2024 nömrəli və xx.xx.2024cü il tarixli 3-17-5/2-4270/2024 nömrəli məktublarla müraciət olunmuşdur. Müəssisə tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 01/01-15 nömrəli məktubda onun 2021-ci il tarixdə redaksiya ilə əməkdaşlıq etdiyi, redaksiyada dəfələrlə olduğu, lakin redaksiyanın fəaliyyəti ilə uyğunlaşa bilmədiyi üçün əməkdaşlıqdan imtina etdiyi bildirilmişdir. Nəzərə çatdırılmışdır ki, araşdırmaya təqdim edilmiş sənədlərdən və izahatından xx.xx.2022-ci il tarixinədək "xxxx" Xəbər Portalı MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və "xxxx" Xəbər Portalı MMC-nin rəhbərliyi tərəfindən inzibati xətanın törədildiyi sonuncu günü xx.xx.2021-ci il tarixə təsadüf etdiyindən "xxxx" Xəbər Portalı MMC hüquqi şəxsi və onun vəzifəli şəxsini əməlində Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) tərkibinin olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

10. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

11. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur.

12. Məhkəmə hesab edir ki, iddianın məzmunundan görünür ki, hazırki iddia inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, iddiaçı işəgötürəni barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini cavabdehdən tələb edir. Qeyd edilən hüququn inzibati məhkəmə icraatı qaydasında hüquqi müdafiəsi yoxdur.

13. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.

15. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).

16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

17. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə (iddiaçının qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə) müraciət etmək hüququ izah olunur.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar