Məhkəmə qərarları › İş №2-1(112)-13097/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13097/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13097/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi əsassız qərarı ləğv edib, əmək kitabçasında yazılmış və təsdiq olunmuş iş stajlarının qəbul olunması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Əmək pensiyaları haqqında AR Qanununun 7-ci maddəsinə əsasən iddiaçı 65 yaşı (xx.xx.1959-cu il) tamam olduğundan 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib bütün sənədlərii təqdim etdi. xx.xx.2024-cü il tarixində DOST Mərkəzindən 3-17-1/2-N-297536/2024 nömrəli rəsmi məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə cavab aldı. Bildirilirdi ki, işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1997-cu il tarixindən xx.xx.2001 tarixinədək (işdən çıxma əmrləri bazar gününə təsadüf edir) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Beləliklə, onun 6 il 10 ay 15 gün iş stajı sayılmadığından cəmi sığorta stajı 20 il 7 ay 18 gün təşkil etmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında qanunları oxuyub nəzərdən keçirdi, bazar günləri işləmək olmaz, bazar günlərində əmək kitabçasında qeydlər etmək qadağandır, kəlmələrinə rast gəlmədi. Bu barədə açıqlama verilməsi üçün DOST Mərkəzinə yazılı müraciət etdi, bir aydan çox keçməsinə baxmayaraq cavab almamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun haqqında verdiyi qərarın qanunsuz olduğunu sayaraq məhkəməyə müraciət edir: İşçilərin əmək kitabçasının forması və onun tərtibi haqqında Qanunda deyilir: 1.1.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçasıda onda var, təqdim etmişdi, tərtibi bütün qanunların tələbinə uyğun yazılmış və təsdiq edilmişdir. İşdən çıxma əmrləri bazar gününə təsadüf edilir, fikrinə isə bildirir: ona görə ki, işlədiyi təşkilat kiçik müəssisə idi, dövlət idarəsi deyildi. Onunla bağladığı müqaviləyə əsasən bazar günləri də işləyirdi, bayram günləri də. Bazar etmək istədikdə isə istədiyi vaxta razılaşırdı. AR Əmək Məcəlləsinin 172.6 bəndinə əsasən: İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Burda deyildiyi kimi, sonuncu iş günüm bazar gününə düşdüyü üçün, işdən çıxma əmri də bazar günündə verilmişdir. Deməli, əmək kitabçasında yazılan əmrlərdə bu qanuna əsaslanmışdır. Ona verilən əmək kitabçsı ИТ-İ N-0224616 xx.xx.1977-ci ildən xx.xx.2004-cü illərə kimi yazılmışdır və o, bu yazılara görə məsuliyyət daşımır.

4. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər, həmçinin xx.xx.1978-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, təhsil illəriniz və əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla cəmi sığorta stajınız 20 il 7 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmrlərinin tarixi qeyri-iş gününə təsadüf etdiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) və əyani təhsil almağınızı təsdiq edən müvafiq sənədi (arayışı) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin, həmçinin təhsil iilərinizin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin emək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2024-cü il tarixindən (aktiv vergi ödəyicisi kimi fəaliyyətiniz xx.xx.2024-cü il tarixində dayandırıldığından) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Ötən dövr üçün (xx.xx.2024-cü il tarixindən) ödənilməli olan müavinətin məbləği aylıq müavinətinizin üzərinə əlavə edilməklə ödəniləcəkdir.”

5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək (işə daxilolma və işdən azadolma əmrlərinin tarixi qeyri-iş gününə təsadüf edir) və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək (işdən azadolma əmrinin xx.xx.2001-ci il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilib, həmçinin həmin tarix qeyri-iş gününə təsadüf edir) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər, həmçinin xx.xx.1978-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, təhsil illəri və əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla mübahisələndirilməyən sosial sığorta stajı 20 il 7 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 156 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” ləğv edilmişdir. Qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kkabçasının forması və onun doldurulması qaydaları”nın 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallar işçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi kömək göstərməlidir. Normanın məzmunundan aydın olur ki, əmək kitabçasında aşkar səhv və qeyri-dəqiq qeydlərin düzəldilməsi üçün işçi tərəfindən müraciət olunmalı və müvafiq hərəkətlər edilməlidir. Lakin iddiaçı bugünki tarixədək həmin səhvlərin aradan qaldırılması ilə heç bir tədbir görməmişdir. Qaydaların 3.8-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq qeyd aparmış dövlət orqanı (qurumu) ləğv edilmişdirsə, düzəlişlər onun hüquqi varisi tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. İddiaçının təqdim etdiyi “Ruzi” kiçik müəssisənin xx.xx.1993-cü il tarixli arayışı oxunaqlı deyil, həmçinin işə daxilolma və işdən azadolma əmrlərinin nömrələri qeyd edilməmişdir. Bu səbəblə də həmin sənədin mötəbər hesab edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, 1999cu i iyulun 1-dən qüvvəyə minmişdir. Əmək Məcəlləsinin 317-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Eyni zamanda “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri” haqqında Azərbaycan Respublibası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSRnin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X1, 1971 -ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilmişdir. Lakin iddiaçının işdən azadolma əmrinin tarixi xx.xx.2001-ci il olaraq qeyd edilməsinə baxmayaraq qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinin 37ci maddəsinə istinad edilmişdir. Bu hal da özlüyündə iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhə yaradır. Hesab edilir ki, işçi üçün onun xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini təsdiqləyən əsas sənəd qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasıdır. Belə olan halda işçinin əmək kitabçasında yol verilmiş aşkar səhvlərin düzəldilməsini tələb etməməsi onun etinasızlığının nəticəsidir.

6. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

15. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək (işə daxilolma və işdən azadolma əmrlərinin tarixi qeyri-iş gününə təsadüf edir) və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək (işdən azadolma əmrinin xx.xx.2001-ci il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilib, həmçinin həmin tarix qeyri-iş gününə təsadüf edir) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

16. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

17. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1989-xx.xx.1993-cü il tarixədək işlədiyi müddəti işə daxilolma və işdən azadolma əmrlərinin tarixi qeyri-iş gününə təsadüf etdiyindən, həmçinin xx.xx.1997-xx.xx.2001-ci il tarixinədək işdən azadolma əmrinin xx.xx.2001-ci il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edildiyindən, həmçinin həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən cavabdeh həmin dövrləri sığorta stajına daxil etməmişdir.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

21. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdən azadolma əmrinin xx.xx.2001-ci il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.

22. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.

23. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi xx.xx.1989-xx.xx.1993, xx.xx.1997-xx.xx.2001-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

25. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

26. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

27. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət etdiyi illər daxil edilməklə) 20 il 7 ay 18 gündür.

28. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək əyani təhsil almış, həmçinin xx.xx.1978-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə oldub, onun işlədiyi müəssisələr mövcud olmuş və onun həmin müəssisələrdə xx.xx.1989-xx.xx.1993, xx.xx.1997-xx.xx.2001-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.

29. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

31. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1989-xx.xx.1993, xx.xx.1997xx.xx.2001-ci ilədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşdan, xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar