Məhkəmə qərarları › İş №2-1(112)-13098/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13098/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13098/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı “görülən tədbirlər barədə cavab verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən faktları nəzərə almaqla ərizələri əsasında ciddi araşdırılma aparılması və tədbir görülməsinin cavabdehdən tələb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə cavabdeh Nəsimi Rayon İcra Hakimiyyəti Cavabdeh ilə əvəz edilmiş, iddia tələbi “qeyd edilən faktları nəzərə almaqla görülən tədbirlər barədə cavab məktubunun Cavabdeh tərəfindən təqdim edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC şirkəti iddiaçıları məhkəməyə verərək mülklərini alıb sökmək istəyirdi. Lakin rayon məhkəməsini və apellyasiya məhkəməsini uduzdu. Buna baxmayaraq məlum olmayan şəxslər tərəfindən mülkü hasara alanaraq sökməyə başladılar. Bununla əlaqədar dərhal aidiyyəti strukturlara şikayətlər göndərdi. Nəsimi Rayon İcra Hakimiyyətinə xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi göndərmişdi. Buna baxmayaraq heç bir cavab və araşdırma bu günə gədər yoxdur. Vətəndaşların müraciəti haqqında qanunu nəzərə alaraq məhkəməyə müraciət etmək hüququ yaranıb. Mülkü qanunsuz olaraq icazələri olmadan, müqavilə olmadan yarı sökülmüş, yararsız vəziyyətə salınıb. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onıarın mülkiyyəti toxunulmazdır və Cinayət Məcəlləsində buna dair müvafiq maddələr qeyd edilib. Hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsi, 31-ci maddəsi, 33-cü maddəsi, 43-cü maddəsi pozulub və Cinayət Məcəlləsinin 179-cü maddəsi, 180-ci maddəsi, 186-cı maddəsi, 188-ci maddəsi, 193-1 maddəsi, 194-cü maddəsi, 222-1 maddəsi kobud şəkildə pozulub. Cavabdehin qanunla təyin edilmiş səlahiyətləri və öhdəlikləri var. Qanunvericiliyə əsasən, icra hakimiyyətinin bu cür hallarda araşdırma aparmaq, akt tərtib etmək və zəruri tədbirlər görmək səlahiyyəti vardır. İcra hakimiyyəti müəyyən hallarda qanunsuz tikintiləri dayandırmaq və ya sökmək səlahiyyətinə malikdir. Lakin bu səlahiyyət yalnız müvafiq qanunvericilik çərçivəsində və hüquqi əsaslarla həyata keçirilməlidir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. II. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

11. Məhkəmə hüquqi yardım etmə vəzifəsinə uyğun olaraq iddiaçılara “araşdırılma aparılması və tədbir görülməsinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə iddia tələbləri aydın olmadığından iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi barədə təklif məktubu ünvanlamışdır.

12. İddiaçılar xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilən faktları nəzərə almaqla görülən tədbirlər barədə cavab məktubunun Cavabdeh tərəfindən təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə həmin dəqiqləşməni icraata qəbul etmişdir.

13. İş materiallarını araşdıraraq məhkəmə müəyyən etdi ki, iddiaçılar tərəfindən Cavabdehna müaciət edilməsinə dair sübut dəqiqləşdirilmiş iddia ərizəsinə əlavə edilməmişdir.

14. Bununla bağlı məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə təyin olunmuş xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə dəqiqləşdirilmiş cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamış, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır, cavabdehə iddia ərizəsindəki tələblə müraciət edilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, cavabdehə hazırkı tələblə müraciət edilməsinə dair sübut iş materiallarında aşkar olunmadı. Bu baxımdan hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

15. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

16. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

17. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar