Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-131/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Xalıq oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı ali təhsil müəssisəsinə köçürülmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun Türkiyə Resublikasının dövlət universiteti olan Yıldırım Beyazit Universitetinin Hüquq fakültəsindən Azərbaycan Respublikasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə köçülməsinə verdiyi imtinaya dair 28.02.2019-cu il tarixli qərarının ləğv edilərək, Bakı Dövlət Universiteti, Hüquq fakültəsinə köçürülmə hüququnun tanınması üçün qərar qəbul etmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Neftçala rayonunda anadan olmuşdur. Tam orta təhsilini Azərbaycan Respublikasında bitirdikdən sonra 2002-2007-ci illər ərzində Türkiyə Respublikası Ankara şəhəri X6 Universitetində biologiya sahəsi üzrə bakalavr, daha sonra, 2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində həmin sahə üzrə magistr təhsili almışdır. Bundan sonra isə təhsilini davam etdirmək qərarına gəlmiş və 2011-ci ildə Türkiyə Respublikası Ankara şəhəri X6 Universitetində botanika sahəsi üzrə doktorantura təhsilinə başlamışdır. Hal-hazırda həmin universitetdə sözügedən ixtisas üzrə doktorantura təhsili almaqdadır. Hərbi xidmətdə olmuş, ailəli və iki övladı vardır. Botanika sahəsi üzrə doktoranturada oxuduğu müddət ərzində eyni zamanda, hüquq sahəsinə böyük marağı olduğu üçün 2014-cü ildə ingilis dilində SAT (X1) imtahanını, yəni Ali təhsilə qəbulla bağlı Qiymətləndirmə Test imtahanını müvəffəqiyyətlə verərək topladığı balla Ankarada yerləşən və dövlət universiteti olan Yıldırım Beyazıt Universiteti Hüquq fakültəsinə qəbul olmuşdur (əyani). Hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsidir. Təhsil aldığı universitetin hüquq fakültəsində tədris olunan dərslərin 30 %-i ingilis dilindədir və bu xüsusiyətinə görə Türkiyə Respublikasında ilk və tək dövlət universitetidir. Ailə vəziyyəti ilə əlaqədar 2016-cı ildə Bakıya köçmüşdür. Hüquq fakültəsindəki bakalavr təhsilini Azərbaycana köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra “Nazirlik”) dəfələrlə müraciət etmişdir. Sonuncu dəfə 07.02.2019-cu il tarixində Nazirliyin transfer.edu.az veb portalında köçürülmə ilə əlaqədar bütün sənədləri təqdim edərək qeydiyyatdan keçmişdir. 28.02.2019-cu il tarixində Nazirlik heç bir səbəb göstərmədən köçürülmədən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Xalıq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti Tələbə işləri üzrə idarə rəhbərliyi tərəfindən verilmiş 07.01.2016-cı il tarixli, **********5 №-li tələbə barədə məlumatın surətindən görünür ki, İddiaçı hüquq fakultəsinin 2-ci kursunda təhsil alır. Qeydiyyat tarixi 03.09.2014-cü ildir. Həmin universitetin 2015-2016 təlim-tədris ili payız semestrində hüquq fakultəsinin tələbəsidir. - Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti tərəfindən verilmiş 07.01.2016-cı il tarixli İddiaçı aid transkripitin surətindən görünür ki, hüquq fakultəsinin tələbəsi İddiaçı 2014-2015-ci il payız semestri üzrə uğurlu semest krediti 34,00, ümumi ağırlıqlı uğur balı 116,50, uğurlu semestr ağırlıq balı 116,50, 2014-2015-ci il yaz semestri üzrə uğurlu semest krediti 36,00, ümumi ağırlıqlı uğur balı 215,00, uğurlu semestr ağırlıq balı 215, 2015-2016-ci il yaz semestri üzrə uğurlu semest krediti 3,00, ümumi ağırlıqlı uğur balı 227,00, uğurlu semestr ağırlıq balı 227 olmuşdur. - İnternet resuslarından çıxarışdan görünür ki, Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti 2016-cı ildə dünyanın reytinqli universitetlərinin siyahısındadır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinə ünvanladığı 4A-11-1444/17 №-li, 24.02.2016-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Türkiyə, Yıldırım Bəyazit Universiteti “hüqüqşunaslıq” ixtisası, köçürülmək istədiyi ixtisas, təhsilalma forması “Hüquqşunaslıq” ixtisası, əyani şöbəsinə TQDK-a imtahanlarında iştirak etmədiklərinə görə imtina edilmişdir. - “transfer.edi.az” saytından çıxarışdan görünür ki, 28.02.2019-cu ildə İddiaçı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə köçürülməyindən imtina edilib. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 04- 11-54/12 №-li, 13.07.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a (bundan sonra Qaydalar) əsasən X4 tərəfındən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycarı Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı onların beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr, qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri və təhsil aldıqları ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması nəzərə alınır. İddiaçı məsələsinə bu tələblər nəzərə alınmaqla bir daha baxılmışdır. Bildirilir ki, Qaydalarda “dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması” dedikdə konkret reytinqlər (X5 X2 (https://www.timeshiqhereducation.com/world-universitvrankinqs/2017/world rankinq; Quacquarelli Symonds - QS X2 (http:// www.topuniversities. com/universitv-rankinqs), Academic Ranking of World Universities – Shanghai Ranking (http://www.shanqhairankinq.com/ARWU2013.html) nəzərdə tutulur. İddiaçı təhsil aldığı Yıldırım Bəyazit Universiteti 2011-ci ildə yaradılmış və cari ilədək Qaydalarda qeyd olunan reytinq cədvəllərində yer almamışdır. Qeyd olunanları və Qaydaların tələblərinin ödənilmədiyini nəzərə alaraq İddiaçı respublikanın ali təhsil müəssisələrinə köçürülməsini məqsədəuyğun hesab etmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarının dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 03.09.2014-cü ildə Türkiyə Respublikası Yıldırım Beyazit Universitetinin hüquq fakultəsinin əyanı şöbəsinə qəbul olunmuşdur. 2-ci kursda təhsil alan zaman aliə vəziyyəti ilə bağlı həmin universitetdən Bakı Dövlət Universitetinin hüquq fakultəsinə köçürülməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. 28.02.2019-cu il tarixində cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan imtinasını iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların: - 2.1-ci bəndinə əsasən tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. - 2.8-cü bəndinə əsasən DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. - 2.10-ci bəndinə əsasən bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. - 2.11-ci bəndinin tələblərinə görə köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilirş Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı qənaətbəxş akademik göstəriciləri olmasına, beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələri olmasına baxmayaraq təhsil aldığı Yıldırım Bəyazit Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almadığından onun köçürülməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-131/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-131/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver