Məhkəmə qərarları › İş №2-1(112)-131/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-131/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-131/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə (qısaldılmış halda Nərimanov RPİ) qarşı cavabdehin Ə60Ş/h-078-20 saylı xx.xx.2020-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçının xidmətə bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (qısaldılmış halda DİN) ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin Ə559Ş/h-039-16 saylı xx.xx.2016-cı il trixli əmri ilə işə qəbul olunmuş və xidməti fəaliyyətə isə Bakı şəhəri Nərimanov rayon ərazində həyata keçirmişdir. Polis orqanlarında işlədiy müddətdə heç bir intizamsızlığ etməmiş və qanun pozuntusuna yol verməmişdir. Lakin Nərimanov RPİ-nin Ə60Ş/-078-20 saylı xx.xx.2020-ci il tarixli əmri ilə xidmətdən azad olunmuşdur. Onun işdən xaric edilməsi barədə əsas ondan ibarət olmuşdur ki, guya DİN əməkdaşlarına xidmət edən Poliklinikada onun müayinəsi zamanı psixotrop tərkibli ekstaz qəbul etdiyi barədə məlumat verilmişdir. Qeyd edir ki, onun barəsində həkim rəyi saxtadır və Nərimanov RPİ-nin rəhbərliyi tərəfindən qərəzli olaraq yazdırılmışdır. Belə ki, onun polis orqanında xidmət keçməsi Polis İdarəsinin rəhbərliyi tərəfindən birmənalı qarşılanmamışdır. Ona görə onun xidmətdən xaric edilməsi təşkil edilmişdir. O zaman həkimin onun barəsində yazdığı əsassız həkim mülahizəsinə etiraz etmiş və ona görə Polis İdarəsinin göndərişi ilə X1 Komissiyasına göndərilmişdir. Tibbi Ekspertiza Komissiyasında onun ətraflı müayinəsi aparılmış və nəticə olaraq rəy tərtib etmişdir. Həmin rəydə bir mənalı olaraq qeyd olunmuşdur ki, o, narkotik istifadəçisi deyil və onun qanında heç bir narkotik maddələrinin əlamətləri yoxdur. Lakin buna baxmayaraq Nərimanov RPİ “Polis haqqında” qanunun 34-cü maddəsinin İ hissəsinin 9-cu bəndinə və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin”nin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşının polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etməyini əsas gətirilməklə xidmətdən xaric edilmişdir. İddiaçı işdən çıxarılması üçün əsas olmuş halların və əmrin surətini tələb etsə də, Polis İdarəsi onun xahişinə cavab verməmişdir. Vəkil sorğusu ilə qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq, sənədləri bu vaxta kimi təqdim edilməmişdir. Hesab edir ki, onun barəsində “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinin tətbiq edilməsi ilə işdən azad olunması düzgün deyildir və hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-1836/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-928/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-1836/2021 saylı qərarının ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı ərizə təqdim edərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsini cavabdeh qismində cəlb edilməsini və DİN-nin iddiaçının barəsində qəbul edilmiş 14 avqust 2020-ci il tarixli, Nərimanov rayon Polis İdarəsinin 17 avqust 2020- ci il tarixli əmrlərini ləğv edilməsi, işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsi cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən ərizə təqdim edərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cavabdeh siyahısından çıxarılmasını və iddia tələbinin cavabdeh DİN tərəfindən qəbul edilmiş 14 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 17 avqust 2020-ci il tarixdə iddiaçıya elan olunmuş, A.Məmmədova məxsus hərbi bilet və əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırki iddia ərizəsi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq bildirir ki, cavabdeh əmrin mübahisələndirilməsi üçün prosessual müddətin ötürüldüyü qənaətinə gəlsə də, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixə aiddir. İddiaçı isə həmin əmrin mübahisələndirilməsi ilə bağlı iddianı xx.xx.2020-ci il tarixdə irəli sürmüşdür. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; Maddə 28. Polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 29. İ. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm” Maddə 34. İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-) 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin:

29. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər.

108. Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-) 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Nəzərə alınmalıdır ki, onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, onların xüsusi xarakter daşıyır. Bu bilavasitə onunla bağlıdır ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə daxili işlər orqanın işçisi öz vəzifə borcunu layiqincə yerinə yetirməli, xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanının nüfuzunu daim artırmalıdır. Qeyd olunanlardan belə bir nəticəvi qənaətə gəlmək olar ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alanda ki, iddiaçı polis serjantı olduğuna görə intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyana, əsas hüquq və vəzifə standartlarına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrlərinin tələblərini rəhbər tutmalı, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməlidir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı barəsində daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı qəbul edilmiş əmrin əsasında şəxsin “Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərində nəzərdə tutulmuş tələblərinin pozması dayanır. Mübahisələndirilən əmrdə, iddiaçı “Polis haqqında” Qanunun 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1,2,11,17 və 22-ci maddələrinin tələblərini pozub qanunsuz olaraq psixotrop maddə əldə edib ondan istifadə etmiş, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyi, eyni zamanda Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı barəsində qəbul edilmiş “töhmət” inzibati tənbehinin qüvvədə olduğu qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı barəsində əmr qəbul edərkən iki hala istinad etmişdir:

1. İddiaçının psixotrop maddədən istifadə etməsi;

2. “Töhmət” inzibati tənbehin qüvvədə olmasıdır. Məhkəmə iddiaçı barəsində qəbul olunmuş əmrin əsassız olub-olmaması istiqamətində dəyərləndirmə apararkən cavabdehin istinad etdiyi hər bir əsasa ayrıayrılıqda münasibət bildirilməsini zəruri hesab edir . Məhkəmə ilk növbədə birinci əsasa münasibət bildirir. Belə ki, iş materiallarında olan tibbi müayinənin keçirilməsi haqqında aktın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəznində olan 1 №-li poliklinika tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı sidik nümunəsi götürülmüş, nümunədə opiy və marixuana qrupuna aid narkotik maddə aşkar olunmamış, lakin metamfetamin qrupuna aid psixotrop maddənin aşkar olunduğu müəyyən olunmuşdur. Doğrudur ki, daha sonra, yəni 17 iyul 2020-xx.xx.2020-ci il tarixlərində aparılan tibbi ekspertiza zamanı iddiaçıdan götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar olunmamışdır. Lakin bu hal ilkin yoxlama nəticəsinin əsassız olmasını və iddiaçının psixotrop maddə qəbul etmədiyi mənasını vermir. Nəzərə alınmalıdır ki, insan organizmində (qan və sidik nümunələrində) hər hansı bir maddənin yüksəklik aktivliyi individualdır. İnsan hər hansı bir dərman vasitəsini qəbul etdikdən sonra bu dərman insan orqanizmində metabolizm prosesinə uğrayır, parçalanır və bədəndən ixrac olunur. Bu müddət orqanizmdə gedən metabolizm prosesinin surətindən, qəbul edilən dərmanların növündən (dərman prolonqik və prolonqik olmayan formaları) və dozasından asılıdır. Xüsusi ilə qeyd olunmalıdır ki, hər hansı maddənin yüksək aktivliyinin insan organizmində qalma müddəti yuxarıda da qeyd olunduğu kimi individualdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəznində olan 1 №-li poliklinika öz səlahiyyətləri çərçivəsində iddiaçının metamfetamin qrupuna aid olan maddədən istifadə etdiyini müəyyən etmişdir. Ekspert rəyində həmin maddənin 3 gün sonra yəni 17 iyul 2020-ci il tarixdə başlanan və 27 iyul 2020-ci il tarixdə başa çatan yoxlama zamanı aşkar edilməməsi isə məhkəmə qeyd edir ki, iddiaçının psixotrop maddədən istifadə etməsi faktını istisna etmir. Belə ki, ümum məlum olan haldır ki, psixotrop maddələrin orqanizmdə qalma müddəti fərqlidir ki, iddiaçının istifadə etdiyi psixotrop maddə qan və sidik nümunələrində qalma müddətindən asılı olaraq ən gec 4 gündən çox olmayaq mövcud ola bilər ki, iddiaçıda da yoxlama 17-27 iyul 2020-ci il tarixləri arasında olmuşdur. Halbuki, həmin psixotrop maddə həmin gün belə orqanizmdən kənarlaşma xüsusiyyətinə malikdir. Göründüyü kimi poliklinikanın rəyi ilə şəxsə metanfetamin aşkar edilmişdir ki, ekspert rəyində həmin halın aşkar edilməməsi tibbi cəhətdən mümkün olsa da, iddiaçının psixotrop maddədən istifadə etməsi halını istisna etmir. Poliklinikanın rəyində də heç bir səbəb olmadan metanfetaminin aşkar edilməsinə münasibətdə məhkəmədə formalaşan daxili inam da hazırkı iddianın rəddinə əsas yaradır. Məhkəmə cavabdehin iddia etdiyi ikinci əsasa münasibət bildirir. Belə ki, polis serjantı İddiaçı barəsində toplanmış materiallardan görünür ki, iddiaçıya: -DİN-in xx.xx.2001-ci il tarixli “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair” Təlimatın tələblərini pozaraq ona təhkim olunmuş “Zəfər K” markalı silahın əvəzedici kartoçkasını itirdiyinə və bu barədə rəhbərliyə məlumat vermədiyinə görə xx.xx.2018-ci il tarixdə Nərimanov RPİ-nin xx.xx.2018-ci il tarixli Ə495-078-18 saylı əmri ilə “töhmət”; -Geyim formasını pozaraq avtopatrulun sükanına ayaqlarını uzadaraq mobil telefondan istifadə etdiyinə görə Nərimanov RPİ-nin xx.xx.2019-cu il tarixli Ə295-078-19 saylı əmri ilə “töhmət”; -Vəzifə borcunun icrasına məsuliyyətsiz yanaşaraq xidməti intizam qaydalarını pozduğuna görə Nərimanov RPİ-nin xx.xx.2019-cu il tarixli Ə426-078-19 saylı əmri ilə “şiddətli töhmət"; -Vəzifə borcunun icrasına etinasız yanaşaraq xx.xx.2019-cu il tarixdə saat 05:40-da təhkim olunduğu postda şəxsi avtobildə yatdığına görə Nərimanov RPİ-nin xx.xx.2019-cu il tarixli Ə506-078-19 saylı əmri ilə “Xidmətə vəzifəyə tam uyğun olmaması ilə bağlı” xəbərdarlıq; -xx.xx.2020-ci il tarixdə saat 06:45 radələrində RPİ-də keçirilən səhər təlimatında iştirak etməyərək ona təhkim olunmuş avtopatrulun açarını xidmətdən sonra təhvil verməməsi səbəbindən həmin avtopatrulun vaxtında xəttə çıxmasına mane yaratdığına görə Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli Ə224-078-20 saylı əmri ilə “töhmət”; -Xidmət zamanı sayıqlığını itirərək patrul avtomobilində yatdığına, məsuliyyətdən yayınmaq məqsədilə qeyri-səmimiliyə yol verdiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Ə347-039-20 saylı əmri ilə “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehlərinə layiq görülmüşdür. Göründüyü kimi iddiaçınin xidmət etdiyi dövrdə onun barəsində bir neçə dəfə töhmət elan edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-cı il tarixli, Ə224-078- 20 saylı əmrlə iddiaçı intizam məsuliyyətinə cəlb olunduqadan sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozmuş, bununla bağlı ona xəbərdarlıq elan edilmişdir ki, nəticə etibarı ilə xx.xx.2020-cı il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndələrinə əsasən xidmətdən xaric edilmişdir. Mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmə bir daha təkrar edir ki, iddiaçının əvvəlki işlədiyi dövrlərdə də etik davranış qaydalarına riayət etməyərək, eyni zamanda xidməti vəzifələrinin icrasına laqeyd yanaşdığına görə töhmət və şiddətli töhmət aldığı təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçı tərəfindən birinci dəfə xidməti vəzifəsinin icrasına və etik davranış qaydalarının riayət etməməsinə görə onu xidmətdən xaric etməmiş, əksinə ona şiddətli töhmət vermiş, eyni zamanda “xidməti vəzifəyə tam uyğun olmaması barədə” xəbərdarlıq elan etmişdir ki, bununla da əməkdaşada gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır. Buna baxmayaraq, iddiaçı “Töhmət” və “Xəbərdarlıq” intizam tənbehindən nəticə çıxarmadığına görə daxili işlər orqanından xaric edilmişdir. Doğrudur ki, qüvvədə olan qanunverilikdə məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması qeyd edilsə də, həmin töhmət əmrlərin (2020-ci ildən əvvəl olanlar) qüvvədə olmaması ilə bağlı hal özü özlüyündə iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı məsələyə qiymət verilərkən birbaşa məcburi qüvvəyə malik olmasa da nəzərə alınmamalı olan hal kimi dəyərləndirilməməidir. Belə ki, iddiaçının xidmətdən xaric edilməyə səbəb olan hərəkətlərə yol verməsi töhmət intizam tənbeh tədbirindən nəticə hasil etməməyinin göstəricisi qismində çıxış edir. Belə olan halda Məhkəmə hesab edir ki, daxili işlər orqanının əməkdaşları tərəfindən xidməti intizam və etik davranış qaydalarının pozulması intizam məsuliyyətinə cəlb edilmə üçün əsas olduğundan və bu hal bir il ərzində təkrarlandığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmr əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-327/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur, “Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 118 nömrəli əmrlə iddiaçı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb olunduqadan sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə, xx.xx.2016-cı il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9 və 10cu bəndələrinə əsasən xidmətdən xaric edilmişdir.” Bundan başqa kassasiya instansiya məhkəməsinin oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-334/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, yuxarıda məhkəmə təcrübəsinin formalaşdırılması mövqeyi kimi gətirdiyi məhkəmə qərarlarında tərəflər fərqli olsa da, iddianın mahiyyəti etibarı ilə xidməti intizam və etik davranış qaydalarına riayət etməməsi (il ərzində təkrarlanması), səbəbi ilə şəxsin (həmin iş üzrə iddiaçının) xidmət xaric edilməsinə dair qəbul olunmuş əmr əsaslı hesab olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar