Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1310/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “vergi qeydiyyatının və qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi qeydiyyatının (VÖEN **********) və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********932800 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və onun adına ********** saylı VÖEN açılıb. Məktubda göstərilir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hazırda iddiaçının adına açılan ********** saylı VÖEN üzrə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 5702,04 manat (beş min yeddi yüz iki manat dörd qəpik) borc olduğu göstərilir və vergi yoxlamasının başa çatdırılması üçün göstərilən sənədlərin (cari gəlir vergisi, ətraflı izahat məktubu, digər zəruri sənədlər) təqdim olunması tələb olunur. Məktubda Vergi Məcəlləsinin 23.1.1-ci, 23.1.2-ci maddələrinə istinad edilir. Bütün bunlara aydınlıq gətirilməsi üçün iddiaçı tərəfindən 2 dəfə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə yazılı müraciət olunmuşdr. Lakin həmin idarənin cavab məktubunda yaradılmış problemin həll olunması üçün heç bir tədbirin görülmədiyi aydın olmuşdur. İddiaçının onun adına olan VÖEN-nin açılmasından heç bir xəbəri yoxdur. Vergi qanunvericiliyinin tələblərinə əsasən şəxsin məcburi vergi uçotuna alınması yalnız ƏDV vergisinə münasibətdə nəzərdə tutulmuşdur, gəlir vergisi üzrə şəxsin vergi orqanı tərəfindən məcburi vergi uçotuna alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Vergi orqanına vergi uçotuna alınmaqla bağlı iddiaçının müraciətinin olmadığını nəzərə alaraq vergi orqanı tərəfindən onun adına VÖEN açılması vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının heç bir sahibkarlıq fəaliyyəti olmadığı, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim etməyi barədə tələb tamamilə qanunsuzdur. Vergi orqanın bu mövqeyi yanlışdır. İddiaçının adına qanunsuz olaraq VÖEN açıldığı və iddiaçının heç bir sahibkarlıq fəaliyyəti olmadığı üçün cari gəlir vergisi və başqa sənədlərin tələb olunması heç bir məntiqə, qanuna sığmır. İddiaçının vergi orqanaları qarşısında heç bir öhdəliyi olmadığı üçün həmin maddələrin tələblərinin ona heç bir aidiyyatı yoxdur.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, cavabdeh Bakı səhəri X7 üzrə Bas İdarəsi icraatınızda olan e-2-1 (112)- 10503/2023 saylı is üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarsı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İlk növbədə işin halları ilə bağlı bildiririk ki, vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən elektron alış aktı ilə malların təqdim edilməsi halları aşkar edilmişdir. İddiaçı öz ərizəsində bildirmişdir ki, adına olan VÖEN-in açılmasından heç bir xəbəri olmamışdır. Bununla əlaqədar olaraq, fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixli **********438000 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi Məcəlləsinin 3.2.37-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yuxarıda qeyd olunan maddələrin də məzmunundan da göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X1 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı 2-1(102)- 478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. İddiaçı ərizəsində həmçinin bildirmişdir ki, heç bir sahibkarlıq fəaliyyəti olmadığı üçün, o cümlədən onun tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim edilməsi barədə tələb qanunsuzdur. Bununla əlaqədar hesablamaya münasibətdə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, aparılan araşdırılma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumilikdə 67400,0 manat dəyərində olmaqla, elektron alış aktı ilə 37000,0 manat dəyərində 1 ədəd nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********), 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) və 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********848800 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 3370,00 (67400*20%-75%) manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********932800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin məcəllənin 37.1 -ci maddəsinə əsasən kamera! vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə, 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Beləliklə, vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması tamamilə qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli **********406700 №-li əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında" ərizə formasının doldurulması qaydasına əsasən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması fiziki şəxslərin vergi uçotunun ləğv edilməsi məqsədilə fəaliyyətinə xitam verildikdə fiziki şəxs tərəfindən, fiziki şəxs vəfat etdikdə (yaxud məhkəmə tərəfindən itkin düşmüş, ölmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda) onun varisi (varisləri) və ya səlahiyyətli digər şəxs tərəfindən doldurularaq vergi orqanına təqdim edilir. İddiaçı tərəfindən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X5 üzrə Baş İdarəsinə müraciət edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarııda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq cavabdeh orqan İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasım təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən satın alındıqda qaimə faktura və elektron-qaimə fakturanı müvafiq olaraq “Malların alış aktı” əvəzləyir. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Aparılmış araşdırılma zamanı tərəfinizdən 2021-ci il ərzində 67400,0 manat məbləğ dəyərində 3 ədəd nəqliyyat vasitələrinin elektron alış aktları vasitəsi ilə təqdim edildiyi müəyyən edilmişdir. Lakin müvafiq dövr üzrə iddiaçı tərəfindən gəlir vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluqla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə **********848800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər və müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il üzrə 3370,0 manat məbləğində əlavə gəlir vergisi hesablanaraq ona xx.xx.2022-ci il tarixli **********932800 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Müraciətdə qeyd edilənlərlə əlaqədar məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), nəqliyyat vasitələrinin sahibi olduğunuzu təsdiq edən dövlət qeydiyyatı şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətlərinin, təqdim etdiyiniz nəqliyyat vasitələrinin mülkiyyətinizdə olma müddəti barədə müvafiq sənədləri, həmin nəqliyyat vasitələri üzrə alqı-satqı (tərəfinizdən alışı zamanı) müqavilələrini, alış dəyərini təsdiq edən sənədləri, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), təqdim edilmiş nəqliyyat vasitələrinin elektron alış aktları ilə bağlı aparılmış əməliyyatlara dair açıqlama (üzləşmə aktları), qarşılıqlı əlaqələr üzrə bağlanmış müqavilələrin, təhvil-təslim aktlarının, ləğv edilmiş alış aktları ilə bağlı üzləşmə aktları və zəruri olan digər təsdiqedici sənədlərin, eyni zamanda müvafiq dövr üzrə cari (dəqiqləşmiş) gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim olunaraq yenidən müraciət edilməsi iddiaçıya bildirilir.
5. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan “vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 3 ədəd elektron alış aktı üzrə 67400 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş alış aktları üzrə aparılmış təhlillərnəticəsində tərəfinizdən təqdim edilmiş malların tərkibi, miqdarı və dəyəri həmin malların sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildiyi ehtimalını yaradır. Nəzərinizə çatdırırıq ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs vergi ödəyicisi kimi həm özünün olduğu (yaşadığı) yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi orqanında uçota dayanmalıdır. Bunun üçün Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş formada müvafiq ərizə və şəxsiyyət vəsiqəsinin surəti vergi orqanına kağız daşıyıcısında və ya vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alınması üçün ərizəni təqdim edilə bilər. İddiaçı tərəfindən 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim eidlməlidir. Əks təqdirdə vergi orqanı tərəfindən məcburi qaydada vergi uçouna alınacaqdır.
6. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılan araşdırılma zamanı tərəfinizdən 2021-ci il ərzində 67400 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:
1. Müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergi bəyannaməsi;
2. Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu;
3. Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə məcburi qaydadada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində qeydiyyata alınmış və onun adına ********** nömrəli VÖEN açılmışdır.
8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********932800 nömrəli Qərara əsasən 2021-ci il bəyənnamə və hesabat dövrün ərzində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən X3 münasibətdə 3.370,00 manat məbləğində vergi hesablanmışdır.
9. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəyə ünvanlanan “iddia müddətinin bərpa edilməsi barədə” vəsatətdə qeyd olunmuşdur ki, formal olaraq həmin iş üzrə iddia müddəti buraxılmış sayıla bilər. Lakin bu obyektiv səbəbdən baş vermişdir. Bununla əlaqədar bildirilmişdir ki: İddiaçı adına VÖEN açıldığını bildikdən sonra xx.xx.2022-ci ildə Vergi orqanına müraciət etmişdir. Vergi orqanının cavab məktubu iddiaçıya xeyli müddət keçdikdən sonra çatmışdır. Həmçinin bundan sonra da mübahisənin məhkəmədən kənar danışıqlar yolu ilə həll olunması üçün Vergi orqanı ilə uzun müddət danışıqlar aparılmışdır. Lakin danışıqların heç bir nəticə vermədiyini və Vergi orqanı tərəfindən hər hansı tədbirlər görülmədiyini gördükdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir (Oxşar işlər üzrə Ali Məhkəmə tərəfindən yekun qərarlar qəbul edilmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsində deyilir: Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
I. İddianın növü və mümkünlüyü
12. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
15. İPM-dən: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
16. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi hissəsində müəyyən etmə və tanınma növündə iddia, qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiadır.
17. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbulu iddiaçının vergi ödəyicisi kimi uçota alınmasının hüquqi nəticəsi olaraq qəbul edildiyindən və qanunvericilikdə müəyyənetmə və tanınma növündə iddialara münasibətdə iddia müddəti müəyyən olunmadığından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.
18. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
19. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.
20. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir
21. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir.
22. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.
23. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
24. Sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır.
25. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
26. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.
27. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadda ifadə edilən mövqeyə əsasən:
37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
28. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər.
29. Lakin məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri görə bilər (Cinayət Məcəlləsinin 192ci maddəsinə əsasən).
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı adına açılmış ********** nömrəli VÖEN və Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********932800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********932800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva