Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13105/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı İbrahimxən oğlunun, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İbrahimxən oğlunun cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İbrahimxən oğlu məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinə xidmətinin xx.xx.2025-ci il tarixli 99453869 nörməli qərarı ləğv edilməklə onun xx.xx.1965ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı İbrəhimxən oğlu xx.xx.1965-ci il tarixdə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Orta təhsilini Əli-Bayramlı (indiki Şirvan) şəhəri 16 saylı tam orta məktəbdə almışdır. Əli-bayramlı şəhərində əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə təhsil almaq üçün getmişdir. SSSR-in dağılması dönəmində Rusiya Federasiyasına işləmək məqsədi ilə getdiyindən müvəqqəti yaşamaq üçün icazə verildi. Sonradan Rusiya Federasiyasının vətəndaşlığın qəbul etdi. Bir neçə il Azərbaycan Respublikasında yaşadıqdan sonra 1999-cu ildə Ukrayna Respublikasına getmişdir. xx.xx.2009-cu il tarixdə Ukrayna vətəndaşı ilə nikah münasibətlərini rəsmiləşdirmişdir. İddiaçının nikahından 27 oktyabr 2011-ci il tarixdə X5 adlı bir övladı anadan olmuşdur. Onun Ukrayna Respublikasından daimi qeydiyyata alınmağına dair xx.xx.2015-ci il tarixli İH075702 nömrəli daimi yaşayış sertifikatı verilmişdir. Daha sonra hərbi mükəlləfiyyətli olmağı barədə 3 illik razılaşma imzalanmışdır. xx.xx.2023-cü il tarixdə atası X1 vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəlmişdir. Müvafiq qaydada 3 ay müddətinə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçıya məxsus pasportun müddətinin bitməsi ilə əlaqədar Ukrayna Respublikasına buraxılmağına məhdudiyyəti nəzərə alaraq, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etmişdir. Onun daimi yaşayış yerinin Ukrayna Respublikası olduğundan Rusiya Federasiyasında müvəqqəti yaşamağa, müraciət etməyə, həmçinin, maddi cəhəttdən imkanı olmadığına görə gedə bilmir. Rusiya Federasiyasının vətəndaşı olduğundan və pasportunun müddəti bitdiyindən mövcud vəziyyətlə əlaqədar (müharibə şəraiti) Ukrayna Respublikası onu qəbul etmir. Onun Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi vətəndaşlığına görə müraciətinə baxmır. Hazırda Rusiya Federasiyasının vətəndaşlıq müddəti bitmişdir. Vətəndaşlığı olmayan şəxsdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar verilmişdir. Daha sonra Ukraynanın Azərbaycan Respublikasında Fövqəladə və X6 Husyevə və Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mixail Yevdokimova müraciət etdi. Müarciətləri müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair Dövlət Miqrasiya Xidmətinə müraciət etdi. Dövlət Miqrasiya Xidmətinə xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 99453869 nörməli qərar qəbul edilmişdir. Qərara əsasən, İddiaçı İbrəhimxən oğlunun xx.xx.2023-cü il tarixli 417641/m nömrəli müraciət əsasında icraat aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 və 4.4-cü bəndləri rəhbər tutularaq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli təkrar müraciətinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda şəxsin Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı qeyd edilmişdir. Müraciətin dəlilləri iş materialları ilə birlikdə araşdırılaraq hesab edilir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv olunmalı və yeni inzibati akt qəbul edilərək İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Təkrar müraciət üzrə icraat zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli X2 (MAPS) üzrə məlumat şöbəsinə sorğu göndərilmiş, daxil olmuş məlumatda İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, xx.xx.1965ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Hesab edir ki, Dövlət Miqrasiya Xidmətinə xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 99453869 nörməli qərarı əsassızdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı”nın (Qərar) 4.1.4.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Lakin təcrübədən görsənir ki, 4.1.4.1-ci yarımbənddə qeyd olunan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilərkən xx.xx.1998-ci il tarixədək 18 yaşı tamam olduğu təqdirdə, onlara münasibətdə 4.1.1-ci yarımbəndi tətbiq olunaraq xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaları tələb olunur. Göstərilən tarixədək 18 yaşı tamam olmayan şəxslərin isə valideyinlərinin yaşayış yeri üzrə qeydiyyatları araşdırılır. Halbuki, Qərarın 4.1.4-cü yarımbəndində “yetkinlik yaşına çatmayan şəxs” və ya “uşaq” sözündən deyil “şəxs” sözündən istifadə olunmuşdur. Bu isə bu bəndlə bağlı Qanunvericinin yaş həddi müəyyən etmədiyini göstərir. Habelə hər iki yarımbənddə Qərarın 4.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı hallar göstərilmişdir ki, 4.1-ci bəndinə əsasən isə bu hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Belə olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, onun xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.
3. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-cü il tarixli ******* qərarına əsasən, 12 iyul 1965-ci il təvəllüdlü İddiaçı İbrahimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.
4. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli ******* qərarına əsasən, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Mövcud sənədlərə əsasən İddiaçı İbrəhimxəlil oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılmış və onun Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli təkrar müraciətinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda şəxsin Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı qeyd edilmişdir. Təkrar müraciət üzrə icraat zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli X2 (MAPS) üzrə məlumat şöbəsinə sorğu göndərilmiş, daxil olmuş məlumatda İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998- ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər (o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun) Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar ləğv edilərək İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2025-ci il tarixli, 99453869 nömrəli qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən, bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək onun qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini, yəni özünün xeyrinə əlverişli inzibati aktın qəbul olunmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. Belə ki, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
13. Odur ki, hazırkı iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir. İddia mümkündür.
Məhkəmənin mövqeyi
14. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
15. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsinin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
16. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).
17. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin birinci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, X9 Məhkəməsinin presedent hüququna əsasən, vətəndaşlıq məsələləri qeyri-mülki hüquq və vəzifələrə aid edildiyindən 6-cı maddənin təminatları hazırki mübahisədə keçərli deyil.
18. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.4.10-cu bəndinə münasibətdə məhkəmə bildirir ki, (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.
22. İşin faktiki hallarına əsasən, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən əldə edilənlərə əsasən İddiaçı İbrahimxən oğlunun Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir.
23. Göründüyü kimi baxmayaraq ki, İddiaçı İbrahimxən oğlu vətəndaşsızlıq vəziyyətindədir, cavabdeh orqanın araşdırma nəticəsində iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.
24. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
25. Məhkəmə qeyd edir ki, iddiaçı “ius sanguinis” (qan hüququ) və “ius soli” (torpaq hüququ) əsasında vətəndaşlıq əldə etmədiyindən (Azərbaycan SSR-in vaxtında doğulduğu üçün) vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva