Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1311/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayədəsi, eyni zamanda vəkili Vəkil (ünvanı: ünvan 1ənzil 58; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 14 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X1 (Ünvan: Cəbrayıl, S.Vurğun, 13; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya hesablanması zamanı iddiaçının ölmüş əri X2 pensiya hüququ yarandığı tarixdən yəni 04.04.2009-cu il tarixdən pensiyasının həmin dövrdə qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun 10. 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orla aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 22.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 22.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ilə X5 arasında 08.08.1975-ci ildə nikah bağlanmışdır. X5 10.04.1947-ci il təvəllüdlü olmaqla 16.08.1971-ci ildən 12.11.2019-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ölmüş əri X3 ilk dəfə 23 may 2011-ci il tarixdə 153 nömrəli qərarla DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. DSMF-nin Şirvan şəhər şöbəsi Muradov Mirağaya müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 63 yaşdan pensiya təyin etmişdir. Həmin qərardan narazı qalan Muradov Mirağa 2012-ci ildə DSMF-nin Şirvan şəhər şöbəsinə müraciət edərək ona 62 yaşı tamam olan tarixdən pensiyanın təyin olunması və yaranmış məbləğ fərqinin ödənilməsini xahiş etmişdir. DSMF-nin Şirvan şəhər şöbəsi 10 sentyabr 2012-ci il tarixli 40-769 nömrəli məktubla həmin müraciəti təmin etməmişdir. Bundan sonra Muradov Mirağa cavabdeh DSMF-nin Şirvan şəhər şöbəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Həmin işə baxan Şirvan İnzibati-İqtisadi Məhkəməsi 04.12.2012-ci il tarixli 2-1(86)-1183/2012 nömrəli qərarla Muradov Mirağanın iddiasını təmin edərək cavabdeh DSMF-nin Şirvan şəhər şöbəsinin üzərinə iddiaçı X3 əmək pensiyası hüququnun yarandığı vaxdan, yəni 10.04.2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın qəbul edilməsi, həmçinin həmin tarixdən 01.01.2010-cu il tarixədək olan dövr ərzində pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyini qoymuşdur. Həmin qərar qnuni qüvvəsini almış və icra olunmuşdur. Adıçəkilən qərarla müəyyən edilmişdir ki, X3 DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən 63 yaşı tamam olduğu 10 aprel 2010-cu il tarixdən pensiya təyin olunması qanunsuz olmuşdur. Bu əsasla məhkəmə X2 62 yaşının tamam olduğu 10 aprel 2009-cu il tarixdən onun yaşa görə əmək pensiyası hüququnun yarandığını qeyd etmişdir. X5 12 noyabr 2019-cu il tarixdə ölmüşdür. Həmin vaxtdan etibarən iddiaçıya DSMF-nin Xətai rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmş və həmin pensiyanı hazırda alır. Hesab edir ki, ölmüş ərinə pensiya hesablanması zamanı qanunsuzluğa yol verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Bu Qanunun 27-ci maddəsinə əsasən isə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sıqortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Belə ki, İddiaçı 01.06.2020-ci il tarixdə 358,36 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ƏƏSMN və DSMF publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək, ona 01.06.2020-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş imtina məktubu ilə iddiaçıya 01.06.2020-ci il tarixdə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 26-cı və 27-ci maddələrinə əsasən sığortaolunanlar üzrə faktiki orta aylıq əməkhaqqını nəzərə alaraq əmək pensiyalarının hesablanmasının nəzərdə tutulmaması qeyd edilmişdir. Həmin Qanunun 29.1 -ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1- 1 -ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Əlavə olaraq qeyd etmək istərdik ki, iddiaçı iddia ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasında keçmiş qanunvericiliyin tələblərinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmənin sorğusuna cavab olaraq X4 pensiya işinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, 319239 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X5 ilə İddiaçı 08.08.1975-ci il tarixdə nikah bağlamışlar. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən X3 23.05.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)- 1183/2012 saylı 04.12.2012-ci il tarixli qərar ilə iddiaçı X2 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üzərinə iddiaçı X3 əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 10 aprel 2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın qəbul edilməsi, həmçinin həmin tarixdən 01 yanvar 2010-cu il tarixədək olan dövr ərzində pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, 049023 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X5 12.11.2019-cu il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı ölmüş əri X2 pensiya hüququ yarandığı 04.04.2009cu il tarixdən pensiyasının yenidən hesablanmasını tələb etsə də, X2 pensiya hüququnun 04.04.2009-cu il tarixdən yaranması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən X3 23.05.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra məhkəmə qərarı əsasında X3 yaşa görə əmək pensiyası 10 aprel 2009-cu il tarixdən təyin edilərək, həmin tarixdən 01 yanvar 2010-cu il tarixədək olan dövr ərzində pensiya məbləği hesablanaraq ödənilmişdir. Göründüyü kimi, iddiaçı mərhum əri X2 pensiya hüququnun 04.04.2009-cu il tarixdən yarandığını qeyd etsə də, məhkəmə qərarına əsasən X2 pensiya hüququnun 10 aprel 2009-cu il tarixdən yaranması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı pensiya hesablanması zamanı iddiaçının ölmüş əri X2 04.04.2009-cu il tarixdən həmin dövrdə qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun 10, 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etdiyindən (cavabdeh inzibati orqana da eyni tələblə müraciət olduğundan, yəni 04.04.2009-cü il tarixdən nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etdiyindən) və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından, digər müddətlə (10.04.2009) bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən, məhkəmə məhz tələb üzrə 04.04.2009-cu il tarixdən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ölmüş əri X2 pensiya hüququ 04.04.2009cu il tarixdən yaranmadığından iddiaçıya pensiya hesablanması zamanı pensiyasının həmin dövrdə qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun 10, 26 və 27ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1311/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1311/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver