Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1311/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı qərarının ləğv edilməsi və həmin qərara əsasən əmək haqqından tutulmuş 314 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixdə ötən illər üçün 628,65 manat ödənilməsi barədə 30 saylı qərar qəbul etmişdir. Həmin qərarın icra edilməsi üçün 12 mart 2021-ci il tarixli məktub Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən işlədiyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Maliyyə şöbəsinə 01 iyun 2021-ci il tarixdə daxil olmuş və əmək haqqının 50 faizi miqdarında tutulmadan sonra, yəni 04 iyun 2021-ci il tarixdə məlumat əldə etmişdir. Həmin qərar qanunsuzdur. Belə ki, 27.07.2016-cı il tarixdən 04.03.2020-ci il tarixədək əmlak vergisi üzrə ödənişləri etmiş, cavabdeh orqanın 628,65 manat məbləği hansı əsasla hesablaması əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı qərarının ləğv edilməsi və həmin qərara əsasən əmək haqqından tutulmuş 628,65 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 25 avqust 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı qərarı ilə, İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 628,65 manat məbləğində borcun Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraatında olan icra işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İcra işindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı icra sənədi üzrə 12.07.2017-ci il tarixdə icraat başlanmış, 12.03.2021-ci il tarixli məktubla iddiaçının işlədiyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunaraq 628,65 manat məbləğində pul vəsaitinin onun əmək haqqından hər ay borc bitənədək 50% Rəsulzadə bələdiyyəsinin hesabına, borc məbləği bitdikdən sonra isə borc məbləğinin 7%-i miqdarında icra ödənişi kimi 44 manatın isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xüsusi Fonduna köçürülməsi tələb olunmuş, borc məbləğinin iddiaçı tərəfindən təmin edilməsi nəticəsində 04.08.2021-ci il tarixdə icra sənədinə xitam verilmişdir. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə borc məbləği hesablanmış, həmin boc məlbəği iddiaçının əmək haqqından tutulmaqla ödənilməsi təmin edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir və ödənilmiş borc məbləğinin geri qaytarılmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2-ci maddəsinə əsasən, Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir; 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir; 7.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir; 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Həmin normaya uyğun olaraq Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirən, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: 3.2 və 3.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək Bələdiyyə vergi xidməti orqanının hüququdur; 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir; 5.4-cü maddəsinə əsasən, ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər; 5.6-cı maddəsinə əsasən, bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir; 5.7-ci maddəsinə əsasən, ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir; 5.10-cu maddəsinə əsasən, bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir; 5.11-ci maddəsinə əsasən, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12-ci maddəsinə əsasən, məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Sadalanan normalardan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin borcun ödənilməsi ilə bağlı qərarı bələdiyyə qəbul etmir. Bu zaman:
1. Bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir;
2. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir;
3. Bələdiyyə həmin akta baxaraq ödəyiciyə münasibətdə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır;
4. Çıxarılmış qərarın surəti və vergi borcunun ödənilməsi barədə tələbnamə ödəyiciyə göndərilir.
5. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödəmədikdə, bələdiyyə vaxtı keçmiş borcların məcburi qaydada alınması üçün vergi xidməti orqanının təqdimatı əsasında məhkəməyə müraciət edir. Lakin işin hazırkı hallarından müəyyən olunur ki, Cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmiş, iddiaçını öz qərarı ilə hesablanmış vergi borcunu ödəməyə məcbur etmiş və bu qərarı icraya yönəltmişdir. Doğrudur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi (bundan sonra mətndə - VM) vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. VM-nin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. VM-in 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. VM-in 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Buna görə də cavabdehin ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. İPM-in 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də aradan qaldırılmalı və həmin qərara əsasən tutulmuş 628,65 manatın iddiaçıya geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı qərarı ləğv edilməli və həmin qərara əsasən tutulmuş 628,65 manatın (altı yüz iyirmi səkkiz manat altmış beş qəpik) İddiaçı geri qaytarılması vəzifəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 30 iyun 2017-ci il tarixli, 30 saylı qərarı ləğv edilsin. Həmin qərara əsasən tutulmuş 628,65 manatın (altı yüz iyirmi səkkiz manat altmış beş qəpik) İddiaçı geri qaytarılması vəzifəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov