Məhkəmə qərarları › İş №2-1(112)-13114/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13114/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13114/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “növbədənkənar mənzilin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “növbədənkənar mənzilin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edən iddia ərizəsinin məzmunu və nəticə hissəsində anlaşılmazlıqla bağlı iddia tələbinə dəqiqləşmə aparılıb aparılmaması barədə iddiaçıya münasibət bildirilməsini təklif etmiş, iddiaçı tələbinin yalnız cavabdeh tərəfindən ona iki otaqlı mənzilin verilməsi ilə bağlı olduğunu bildirmişdir. Göründüyü kimi iddia 2 otaqlı mənzilin verilməsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Cavabdehin etirazının əsaslandırması: Etiraz onunla əsaslandırılmışdır ki, 1997-ci il tarixdən güzəştli siyahıda mənzil növbəsində olsam da mənzillə təmin edilmə həyata keçirilməmişdir. Halbuki, o, əmək əlilliyi olan şəxs olmuş, eyni zamanda qaçqın statusunda olan şəxs olmuşdur ki, ona mənzilin verilməsi həyata keçirilməli idi.Dövlət orqanının hərəkəti nəticəsində ona ziyan vurulmaqdadır. İddiaçı hesab edir ki, ona 2 otaqlı mənzilin verilməsi həyata keçirilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vəsiqədən görünür ki, iddiaçı ikinci qrup əlilliyi müəyyən edilmiş şəxsdir. Sosial Xidmətlər Agentliyinin məktubundan görünür ki, iddiaçı müvafiq sərəncama aid olan kateqoriyalı şəxs hesab edilmədiyindən Nazirlik tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması mümkün olmamışdır. Cavabdehin məktubundan görünür ki, iddiaçı 1997-ci il tarixli sərəncam əsasında 2ci qrup ümumi səbəbdən əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsindədir. Bakı İnzibati Məhkəməsinin qərardadlarından görünür ki, mənzillə təmin edilmə barədə iddiaçının ərizəsi geri götürülmüş hesab edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlkin olaraq məhkəmə onun diqqətə çatdırılmasını zəruri hesab edir ki, iddia tələbinin məzmunu baxımından iddiaçının hüquqi marağına uyğun olaraq tələbə, xüsusi ilə də onun nəticə hissəsinə dəqiqləşmə edilməsi təklif edilmiş, iddiaçı tələbinin məhz ona 2 otaqlı mənzilin verilməsi ilə bağlı olduğunu bildirmişdir. Göründüyü kimi iddia tələbi ziyanın ödənilməsi, mənzil növbəsinə durma əsaslarının dəyişdirilməsi barədə yox, sərəncama əsasən ona 2 otaqlı mənzilin verilməsi ilə bağlıdır. Məhkəmə həmin tələbə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Doğrudur ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı hesab edir ki, onun imtiyazlı şəxs kimi növbəlik qaydasında deyil, məhz növbədənkənar qaydada mənzillə təmin olunmaq hüququ yaranır. Bununla bağlı Məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçı əlilliyin müəyyən edilmiş şəxs kimi imtiyazlı mənzil növbəsində dayansa da, onun növbədənkənar qaydada mənzillə təmin olunmaq hüququ yaranmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci maddəsində qeyd olunmuşdur ki, 25. Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) Bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması, onlarla sosial kirayə müqavilələrinin bağlanması və mənzil növbəsinə götürülməsi qaydaları həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin, həmçinin də Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaların müddəalarında əks olunmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olan Mənzil Məcəlləsinin və əilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşın mənzillə təmin olunması iki qaydada həyata keçirilir: növbəli və növbədənkənar. Növbəli qaydadan fərqli olaraq vətəndaşların növbədənkənar qaydada mənzillə təmin olunmaları müvafiq əsaslar olduğu halda mümkündür ki, qüvvədə olan qanunvericilik bu əsasların mövcudluğunun imperativ qaydada nəzərdə tutmuşdur. Növbədənkənar mənzillə təmin olunan vətəndaşlar (əlilliyi müəyyən edilən şəxslər də daxil olmaqla) aşağıda göstərilən vətəndaşların kriteriyalarına malik olmalıdır: - yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; - bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Bəhs olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmə hesab edir ki, iddiaçı ikinci qrup ümumi əsaslarla əlilliyi müəyyən edilmiş şəxs olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi imtiyazlı mənzil növbəsində dayanması onun növbədənkənar qaydada mənzil ilə təmin olunmasına əsas vermir. Belə ki, bir daha qeyd olunur ki, əlilliyi müəyyən edilən şəxslərin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edildiyindən və iddiaçı nəinki Mənzil Məcəlləsinin 56.2-ci maddəsində nəzərdə tutulan şəxslərin, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, iddiaçı həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə də düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı ikinci qrup əlil olduğundan, onun həmin əsas ilə növbədənkənar qaydada mənzillə təmin olunması məsələsi də aradan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imitnası qanuni və əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar