Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13115/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı "konpensasiyanın ödənilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Vəkillər X3 Səbail Rayon Məhkəməsinin 2(009)-782/2024 saylı və Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7272/2024 saylı qərardadları əsasında təyin edilmiş, 3 saylı Vəkil Bürosunun “vəkili” Səmidə Kələşovanın iddiaçının ondan imtina və şikayət etdiyini nəzərə alaraq, digər vəkillər ilə əvəz edilməsinə, 2(009)-782/2024 saylı qərardaddan apellyasiya şikayəti verilməsi müddətinin cavabdehin özbaşınalığını nəzərə alaraq, üzürlü hesab edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-642/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasınadək vəkilin əvəzlənməsinin təyin edilməsinə, əks təqdirdə 2(103)-642/2024 saylı mülki iş üzrə dayandırılmış mülki icraatın (xx.xx.2024 tarixdən hesasblanaraq) gecikdirilən hər ay üçün iddiaçıya 1000 manat kompensasiya ödənişinin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7272/2023 saylı qərardadları ilə iddiaçıya Azərbaycan Dövlətinin vəsaiti hesabına vəkil təyin olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət heyəti məhkəmə aktlarını icra üçün eyni-3 saylı Vəkil Bürosuna göndərmiş və sonuncu da hər iki mülki iş üzrə eyni vəkil təyin etmişdir. Hər iki iş üzrə 3 saylı Vəkil Bürosu tərəfindən təyin olunmuş vəkil iddiaçının hüquqlarını müdafiə etməkdənsə, pozmuşdur. İddiaçı ərizə ilə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmaq istəmiş və təmin olunmuşdur. Cavabdeh iki iş üzrə təyin etdiyi bir vəkili dəyişməkdən imtina edir. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan iddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi digər mülki işlər üzrə ona təyin edilmiş dövlət hesabına vəkilin digər vəkil ilə əvəz edilməsi, apellyasiya şikayəti verilməsi müddətinin üzürlü hesab edilməsi və bununla bağlı ona vurulmuş zərərin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: - Maddə 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. - Maddə 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. - Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. - Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İstinad olunan normalardan görünür ki, istər şəxsin dövlət hesabına vəkil ilə təmin olunması ( o cümlədən təyin edilmiş vəkilin başqa bir vəkil ilə əvəz edilməsi), istərsə də, prosessual hərəkətlərin edilməsi ilə bağlı buraxılmış müddətin bərpası işə baxan məhkəmə tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin məsələ ilə bağlı ayrıca iddia qaydasında inzibati məhkəməyə deyil, işinə baxılan məhkəməyə müraciət etməlidir. Vəkilin öz vəzifələrini icra etməməsinə görə iddiaçıya dəymiş ziyanın ödənilməsinə gəldikdə, məhkəmə hesab edir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə bağladığı vəkilin müqvilə öhdəliklərini lazımınca yerinə yetirməməsini və bununla ona maddi zərər vurulmasını iddia edirsə, ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddianı inzibati deyil, mülki mühakimə icraatı qaydasında qaldıra bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13115/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13115/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver