Məhkəmə qərarları › İş №2-1(112)-1312/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1312/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1312/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar X11 və X12 nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçılar X11 və X15 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3 saylı “ASAN Xidmət”, X9 üçüncü şəxs qismində cəlb olunmaqla) “sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 və X15 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 10 aprel 2016-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin 4a bəndinin etibarsız hesab edilməsi və sadələşdirilmiş vergi şəklində İddiaçı2 tutulmuş 1048,82 (bir min qırx səkkiz manat 82 qəpik) manat artıq ödənilmiş vergi məbləği və ona hesablanmış 472,50 (dörd yüz yetmiş iki manat 50 qəpik) manat fair məbləği və İddiaçı1 tutulmuş 1048,82 (bir min qırx səkkiz manat 82 qəpik) manat vergi məbləği və ona hesablanmış 472,50 (dörd yüz yetmiş iki manat 50 qəpik) manat faiz məbləği olmaqla, cəmi 3042,64 (üç min qırx iki manat 64 qəpik) manatın qaytarılması və vəkilə hüquqi yardım göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manatın iddiaçılara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, 10 aprel 2016-ci il tarixdə AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcılar X7 və İddiaçı2 ilə alıcı X16 arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X5 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 3a nömrəli binada 47.21 kv.m yaşayış, 30.48 kv.m yardımçı, 77.69 kv.m ümumi sahədən ibarət olan 17 nömrəli mənzil X1. Həmin alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilən zaman 3 saylı ASAN Xidmət Mərkəzində notarius tərəfindən Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslərə hesablanan vergini tutulmuşdur. İddiaçı hesab edir ki, həmin verginin tutulması Vergi Məcəlləsinin tələblərinə uyğun olmayaraq hesablanmışdır. Belə ki, VM-in 218-ci maddəsində sadələşdirilmiş vergi ödəyiciləri subyektləri sadalnmışdır. Həmçinin VM-in 218-1.1.5-ci maddəsində fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi zamanı vergidən azad olması nəzərdə tutulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 3a nömrəli evin 17 saylı mənzilində paylı mülkiyətçilər X7 və İddiaçı2 xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmuşdur. Buna görə də qanunun tələbinə əsasən iddiaçılardan xx.xx.2016-cı il tarixdə mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən vergi tutulmamalı idi. İddiaçılar hesab edir ki, AR VM-in 59.3-cü, 87-ci və 218-1.1.5-ci maddələrinin tələbləri nəzərə alınaraq, xx.xx.2016-cı il tarixli, AN ******* aylı alqı-satqı müqaviləsinin 4a bəndinə əsasən onalrdan tutulmuş veri məbləği qaytarılmalıdır. Həmçinin VM-in 59.3-cü maddəsinə əsasən artıq ödənilmiş vergi məbləğinə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında hesablanan faiz olaraq X7 və İddiaçı2 hər birinə 472,50 manat (1048,82 x 0,1 % x450 gün) qaytarılmalıdır. Ərizədə o da bildirilmişdir ki, “alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Yasamal RM-in xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Lakin AR Vergilər Nazirliyinin Yasamal RM-in qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilərək iddiaçılara izah edilmişdir ki, artıq ödənilmiş verginin qaytarılması ilə əlaqədar olaraq müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilərlər. Həmçinin qeyd edilmişdir ki, məhkəmədə iddia qaldırılması üçün Femida vəkil bürosunun vəkili Vəkil ilə X7 arasında 09 oktyabr 2020-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən vəkilə 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzində notariat kontoru və X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə iddiaya dair yazılı vəsatətlər təqdim edərək bildirmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçılar X5 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi, Əziz Nəsirov küçəsində yerləşən 3A nömrəli binada 77,69 kv.m ümumi 47.21 kv.m yaşayış və 30,48 kv.m yardımçı sahədən ibarət olan 14 nömrəli mənzil alıcı X1. Həmin alqı-satqı müqaviləsi 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X9 (VÖEN **********) tərəfindən təsdiq edilmişdir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius bu Məcəllənin 220.8ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir. Qanunvericiliyin qeyd olunan normasına istinad edilərək bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan əməliyyat üzrə notarius tərəfindən tutulmuş və dövlət büdcəsinə ödənilmiş sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması tələbi üzrə iddiaçıların birbaşa cavabdeh vergi orqanına qarşı iddia verməsi düzgün deyil. Hətta məhkəmə qərarına əsasən iddia tələbi üzrə tələb olunan məbləğin iddiaçılaraq qaytarılması öhdəliyi DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərində qoyulsa belə, həmin qərarın icrası mümkün olmayacaq. Ona görə ki, mübahisələndirilən məbləğ iddiaçılar tərəfindən yox, 3 saylı ASAN Xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X9 tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmin məbləğin qaytarılmasını da X10 tələb edə bilər. Odur ki, hazırkı tələb Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı yönəldilməli deyil. Əlavə olaraq bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda isə iddiaçılar xx.xx.2016-cı il tarixdə ödədikləri vəsaitin geri qaytarılmasını tələb edir. Hansı ki, həmin vəsaitin 5 il ərzində qaytarılması mümkündür. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, iddiaçı tərəf xx.xx.2016-cı il tarixdə ödədiyi vəsaiti xx.xx.2021-ci il tarixədək tələb edə bilər. Halbuki iddiaçı tərəf iddia tələbi üzrə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cəlb edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçıların məqsədi mənzilin alqı-satqısına görə ödəmə mənbəyində sadələşdirilmiş vergi şəklində tutulmuş pulun qaytarılmasıdır. Bunun üçün cavabdehdən tələb olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqan kimi vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə qanunamüvafiq qaydada rəyin tərtib edilərək maliyyə orqanına göndərilməsidir. Bu hərəkət isə cavabdeh vergi orqanının hər hansı inzibati aktının qəbul edilməsi ilə müşayiət olunmadığından iddia mahiyyətcə öhdəliyin icrası növünə uyğundur. Öhdəliyin icrası barədə iddianın İPM-də nəzərdə tutulmuş xüsusi mümkünlük şərti məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir ki, hazırkı işdə bu şərtə əməl olunmuşdur. Öhdəliyin icrası haqqında iddianın verilməsi üçün isə İPM-də müddət nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunur ki, Vergi Məcəlləsinin 15.1-ci və 85.5-ci maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Xüsusi notarius isə vergi agenti kimi Vergi Məcəlləsinə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Göründüyü kimi, iddiaçılar vergi ödəyicisi kimi artıq tutulmuş hesab etdikləri vergi məbləğinin geri qaytarılması üçün hazrıkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdirlər. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin iddianın mümkün sayılmaması ilə bağlı yazılı münasibətində bildirdiyi dəlilləri qəbul etmir və hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, iddiaçıların hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -İddiaçılar tərəfindən artılq ödənilmiş vergi məbləğinin onlara ödənilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə aşağdakılar bildirilmişdir: “xx.xx.2016-cı il tarixdə satıcılar İddiaçı1 və İddiaçı2 ilə alıcı X16 arasında AN-İ ******* saylı "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 3A nömrəli binada 77,69 kv.m. ümumi, 47,21 kv.m. yaşayış və 30,48 kv.m. yardımçı sahədən ibarət olan 17 nömrəli mənzil alıcı X2 Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslərə hesablanan vergi tutulmuşdur. Qeyd etmək istəyirik ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 3A nömrəli evin 17 saylı mənzilinə paylı mülkiyyət hüququ olan İddiaçı1 və İddiaçı2 xx.xx.2007-ci il tarixdən həmin ünvanda qeydiyyatda olmuşdurlar. Buna görə də qanunun tələbinə əsasən İddiaçı1 və X8 xx.xx.2016-cı il tarixdə "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” bağlanarkən vergi tutulmamalı idi. Qeyd olunan mübahisə üzrə Bakı inzibati Məhkəməsinə müraciət etsək də, artıq edənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmədiyimizə görə xx.xx.2021 -ci il tarixdə ərizə ilə məhkəməyə nüraciət edərək sənədlərimiz məhkəmədən geri götürülmüş və Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-5671/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad səbul olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.3-cü, 87-ci və 218-1.1.5-ci maddələrinin tələbləri və "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalar”ının tələbləri nəzərə alınaraq, 10 aprel 2016-cı il tarixli AN-İ Ne0536565 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 4a bəndinə əsasən satıcılar İddiaçı1 artıq tutulmuş 1048,82 (bir min qırx səkkiz manat səksən iki qəpik) manat və İddiaçı2 tutulmuş 1048,82 (bir min qırx səkkiz manat 82 qəpik) manat olmaqla, cəmi 2097,64 (iki min doxsan yeddi manat 64 ıspik) manat vergi məbləği İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Qeyd olunan cəmi 2097,64 (iki min doxsan yeddi manat 64 qəpik) manat artıq ödənilmiş vergi məbləğinin bizə qaytarılmasını Sizdən xahiş edirik. -xx.xx.2016-cı il tarixdə bağlanılmış və 3 saylı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariausu X9 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 və X15 mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 77.69 kv.metr olan 4 otaqlı mənzili X3. Müqavilənin 4a bəndindən görünür ki, AR VM-in 220.8-ci maddəsinə əsasən yaşayış sahəsinin təqdim edilməsinə görə satıcı İddiaçı2 1048,82 manat, İddiaçı1 1048,82 manat sadələşdirilmiş vergi tutulmuşdur. -Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı1 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, İddiaçı2 xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 2 ünvanda qeydiyyatda olduğu bildirilmişdir. -İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X4 və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı xx.xx.2016-cı il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə sadələşdirilmiş vergi şəklində tutulmuş vəsaitin AR Vergilər Nazirliyindən tutularaq geri qaytarılmasını xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilmişdir. Qərardad xx.xx.2016-cı il tarixli qəbzlə iddiaçıların nümayəndəsinə təqdim edilmişdir. Qərardadın mübahisələndirilməmişdir. -Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2018-ci il tarixdə cavabdehlər 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X4, Azərbaycan Respublikası Vergilər Nazirliyinə və AR Maliyyə Nazirliyinə qarşı tələb irəli sürərək xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə sadələşdirilmiş vergi şəklində tutulmuş vəsaitin AR Vergilər Nazirliyindən tutularaq geri qaytarıllmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(004)-5174/2018 saylı qətnaməsindən görünür ki, həmin tələb qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 3a nömrəli binanın 47.21 kv.m yaşayış, 30,48 kv.m yardımçı, 77.69 kv.m ümumi sahədən ibarət olan 17 nömrəli mənzilədair 10 aprel 2016-ci il tarixdə təsdiq edilmiş AN-İN ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 4a bəndinə əsasən satıcılar İddiaçı2 tutulmuş 1048.82 (bir min qırx səkkiz manat səksən iki qəpik) manat və İddiaçı1 tutulmuş 1048.82 (bir min qırx səkkiz manat səksən iki qəpik) manat, ümumilikdə isə 2097.64 (iki min doxsan yeddi nanat altmış dörd qəpik) manat qanunsuz tutulmuş sadələşdirilmiş verginin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən İddiaçı2 və İddiaçı1 geri qaytarılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(103)-10393/2018 saylı qərardadından görünür ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(004)-5174/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X11 və X12 alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və pul tələbi barədə birgə iddiaları əsasında başlanmış mülki işin icraatına xitam verilmiş, iddiaçılara ərizədə qeyd edilən məsələnin həlli ilə əlaqədar müvafiq inzibati orqana-Azərbaycan Respublikası Vergilər və Maliyyə Nazirliklərinə, həmin inzibati orqanların qəbul etdiyi qərar (inzibati akt) və ya həmin orqanların vəzifəli şəxsinin (şəxslərinin) hərəkət (hərəkətsizliyi) onların maraqlarına toxunduğu halda isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmələri izah edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1.4-cü maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarındandır. -24.1.10-cu maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. -85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. -85.5-1-ci maddəsinə görə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. -87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. -87.4.-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -149.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarından: -1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. -2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. -2.4. Vergi ödəyicisi faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1ci bəndində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir. -3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: ... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. -6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Beləliklə, hazırkı işin hallarına əsasən iddiaçılar mülkiyyətlərində olmuş daşınmaz əmlakın 2016-cı ildəkı alqı-satqısı üzrə onlardan tutulmuş 2097,64 manat məbləğində vergi məbləğinin geri qaytarılmasını istəyirlər. Bunun üçün iddiaçılar hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar artıq ödənilmiş vergiləri tələb etmək üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 il müddəti ötürmüşlər. Belə ki, qeyd olunan normaya görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, maddi hüquq norması artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaları məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini yalnız müddətlə məhdudlaşdırmış, artıq ödəmənin qaytarılmasından imtinanın digər dispozitiv şərtlərini müəyyən etməmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsi, tələbetmə müddətinin axımının başlanmasını vergi hesabatı dövrünün qurtarmasından hesablayır. VM-in 149.2-ci maddəsinin ikinci cümləsindən isə görünür ki, xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. İddiaçıların mülkiyyətində olmuş mənzilin alqı-satqısı 10 aprel 2016-cı il tarixdə aparıldığı nəzərə alındıqda, vergi hesabatı dövrünün sonu 20 iyul 2016-cı ilə təsadüf edirdi (2016-cı ilin aprel ayı üzrə rübün başa çatdığı iyun ayının 30-undan sonrakı 20 gün). Belə olan halda iddiaçıların 5 illik tələb etmə müddəti həmin tarixdən hesablanmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıların artıq ödəməsi xx.xx.2016-cı il tarixdən yaranmış və onların həmin ödənişin qaytarılması üçün müvafiq dövr üzrə vergi hesabatı dövrünün qurtardığı xx.xx.2016-cı ildən müraciət etmək imkanları olduğu halda xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, müddətinin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsas olduğundan cavabdehin hərəkətləri qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar