Məhkəmə qərarları › İş №2-1(112)-13121/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13121/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13121/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi ünvanın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mübahisəli yaşayış hüquqi ünvanının dəyişdirilməsi əsasları barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 1994-cü il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: ümumi sahəsi 456,96 kv.m. olan torpaq sahəsinin bölgüsü aparılsın. Ümumi həcmli tikililər nəzərə alınmaqla Mazalkin O.V. üçün 171,36 kv.m., Sapelkin Y.A. üçün 285,60 kv.m. müəyyən olunsun. Sapelkinlərin pəncərəsinə tərəf 6 və 7 saylı mətbəxlərin arasındakı ümumi divardan İm. 46 sm. yüksəklikdə sərhəd xətti müəyyən olunsun və hasar və ya divarın hörülməsinə icazə verilsin. Həyətdən çıxış Mazilkin O.V. ailəsi üçün plana uyğun olaraq, Sapelkin Y.A. ailəsi üçün Məcidov (Məktəbli) küçəsi, ev 4 saxlanılsın. Bakı şəhər Məhkəməsinin 24 avqust 2000-ci il tarixli qərarı ilə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa məhkəmənin qərarı ilə iddiaçı mübahisələrin aradan qaldırılması məqsədi ilə mətbəxi X1 güzəştə getmişdir. Bununla əlaqədar olaraq hasar çəkilmişdir. Lakin belə bölgü münasibətlərinin pisləşməsinə və daimi insidentlərə gətirib çıxarmış, məsələ dəfələrlə bədən xəsarətlərinin yetirilməsi faktı ilə qaldırılan cinayət işi üzrə məhkəməyə qədər gedib çatmışdır. Beləliklə, iddiaçı mətbəxi onlara güzəştə getməyə və aradan hasarın hörülməsinə razı olmuşdur. Bununla belə, bu güzəşt onların bütün kommunal xidmətlərdən məhrum olmasına gətirib çıxarmışdır. Bundan başqa bölgü nəticəsində Mazalkinlərin ərazisində qalmış tamburdan 1.46 sm. digər tərəfə Mazalkinlər tərəfindən qəsdən dağıdılmışdır. Bu hallar sistematik olaraq qalmaqallara gətirib çıxarmışdır. İddiaçı hesab edir ki, qanuna əsasən iddiaçı və digər şəxslər kommunal xidmətlər üzrə bərabər hüquqlara malikdirlər, belə ki, evin böyük pay hissəsi 5/8 iddiaçınındır. Bundan istifadə edərək Mazakin O.İ. onun bütün qaz və elektrik xətlərini kəsmişdir. Yalnız, məhkəmənin qərarı ilə iddiaçı qaz və işığı bərpa edə bilmişdir. Lakin, indiyə kimi iddiaçının 4 nəfərdən ibarət ailəsi kanalizasiya xəttindən məhrumdur. Beləliklə, yuxarıda qeyd olunmuş bölmə problemi mahiyyəti üzrə həll edilməmişdir. Bundan başqa, belə bölgüdən istifadə edərək əvvəlki pay mülkiyyətçisi iddiaçı və ailəsini göstərilən ünvandan qeydiyyatdan çıxarmışdır. Yalnız 1999-cu ildi Bakı şəhər Sabunçu rayon Prokurorluğunun təqdimatı ilə onların hüquqi ünvanı bərpa olunmuşdur. Bununla belə iddiaçı təəccüblənmişdir ki, necə qanunsuz şəkildə mübahisəli evin hüquqi ünvanını dəyişmişdir. Belə halda, iddiaçının TİB-də qaldırdığı məsələnin həll olunması üçün qeydiyyat şəhadətnaməsi, kupçanın alınması ilə bağlı materialların tələb olunması zəruri olmuşdur. İdidaçı hesab edir ki, bu tələbin yerinə yetirilməsi (Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 04 aprel 1994-cü il tarixli Şövkət Nəcəfovun sədrliyi ilə) mübahisələrdən qaçmaq üçün mətbəxi X1 güzəştə getdiyi evin və torpaq sahəsinin bölgüsü haqqında qərarının icra olunmaması faktını sübuta yetirər. Məhz bununla əlaqədar olaraq hasar hörülmüşdür. Beləliklə, əgər qərar icra olunmamışdırsa, onda müqavilənin qeydiyyatı zamanı istifadə olunan texniki pasportda etibarsızdır. Nəticədə, alqı-satqı müqaviləsinə görə mətbəx qeyri-qanuni şəkildə cavabdehin öhdəsinə verilmişdir. Prosessual qanuna əsasən əgər məhkəmə qərarı 3 il müddətində icra olunmayıbsa, onda o icra oluna bilməz. Cavabdehlərə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 04 aprel 1994-cü il tarixli qərarının icra olunması məsələsi ilə əlaqədar olaraq müraciət etdikdə onlar iddiaçını anlayışla qarşılamamış və müraciəti təmin olunmamışdır. Bundan əlavə, mübahisəli yaşayış obyektinin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı cavabdehlə əlaqə saxlanılmışdır. Lakin cavabdeh tərəf onun şikayətini təmin etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi və tərəfin dinlənilməsi məqsədlə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş göndərilmidir. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qanunun tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarda həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi qeyri-müəyyən olduğundan iddiaçının hüquqi marağının konkret nəyə yönəldiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının məqsədi yaşadığı mənzilin ünvanının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdırsa, bununla bağlı iddia qaldırmamışdan əvvəl cavabdehə müraciəti və bu müraciətin təmin edilməsindən imtina edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, qeyd olunan iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərtinə tabedir. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğu əsaslandıra bilməmişdir Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının narazılığı Sabunçu Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra qurumunun icra icraatı çərçivəsində hərəkətsizliyi ilə bağlıdırsa, bu zaman həmin tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilər. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinin tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar