Məhkəmə qərarları › İş №2-1(112)-13124/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13124/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13124/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti xx.xx.2017-ci il tarixində Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında baxılmış və “Ürəyin aterosklerotik xəstəliyi. Aterosklerotik kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks. Hidroperikard. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX: stabil gərginlik stenokardiyası F.S.İİİ, tez-tez tutmalarla. Ürək çatmamazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, hipertoniya xəstəliyi, ən yüksək risk.” Diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə Bakı 38 nömrəli Şəhər Poliklinikasının 4118003AAE14 nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokardiyası İİİ f\s (Üç). İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmamazlığı İİ f\s AF= 49 %, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli R00069740ANG nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xoralı kolit. Soltərəfli zədələnmə ilə. Xroniki fasiləsiz residivləşən gedişli aktiv faza. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:. Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin K00146728İAL ömrəli göndərişi əsasında baxılmış və “Qeyri spesifik xoralı kolit. Soltərəfli zədələnmə ilə. Xroniki fasiləsiz residivləşən gedişli aktiv faza. Anal kanal çatmamazlığı.3cü dərəcə.” Diaqnozu ilə ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 80 % (səksən faiz) pozulması ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “...Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7720/2022 nömrəli qərarı icra edilərək, aparılmış xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv edildiyi tarixdən bərpa edilmişdir. Əlillik müddəti bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişiniz əlilliyin müəyyən edildiyi tarixdən (xx.xx.2023-cü il tarixindən) etibarən hesablanılacaqdır”. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə də ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, əlavə müalicəsinin uğursuz olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə də ikinci dərəcə əlilliyi bərpa edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitəndən sonra iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında qiymətləndirilmiş və ona hər iki göndəriş əsasında əlavə müalicəyə ehtiyacının olması əsas gətirərələk əlillik təyinatının aparılmasından imtina edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və həmin tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 80 % pozulması ilə əlaqadar əlillik təyinatı aparılmışdır. Hazırkı işdə iddaçı ona ilkin olaraq əlillik təyinatının müddətinin bitməsindən sonra rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli göndəriş əsasında, həmin tarixdən ona təyin əlillik təyinatı aparılan, xx.xx.2023-cü il tarixədək əlilliyin bərpa edilməsi tələbini irəli sürüb. İddiaçı iddia tələbini həmin dövlər üzrə əlilliyin bərpa edilməsi şəklində irəli sürsə də, həmin dövrlərdə iddiaçının əlilliyi olmadığından əslində iddiaçının hüquqi marağı əlilliyin bərpasına deyil, həmin dövrlər üzrə əlillik təyinatının aparılmasına yönəlib. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu iddianın irəli sürməkdə isə iddiaçının çatmaq istədiyi hüquqi marağı ondan ibarətdir ki, həmin dövrlər üzrə almadığı əlilliyə görə pensiya ödənişlərini alsın. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında iddiaçıya əlillik təyinatı aparılmasından imtina qərarları hazıradək qüvvədə olduğundan və həmin qərarlar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçının əlillik təyin edilməsi barədə qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının TSEK qərarı ilə xx.xx.2023-cü il tarixdə yenidən əlilliyi müəyyən edildiyindən, həmin təyinatın xx.xx.2022-ci il tarixdən təyin edilməsi barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1776/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli və 2-1(102)-324/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar