Məhkəmə qərarları › İş №2-1(112)-1313/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1313/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1313/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın, çıxarışın ləğv edilməsi və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində inşa edilmiş ümumi sahəsi 52.4 kv.m olan özbaşına tikilinin Cavabdeh3 adına sənədləşdirilməsi barədə verilmiş qeyriqanuni sərəncamının və çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsindən keçən İddiaçı ASC-nə məxsus 2 ədəd, hər birinin diametri 500 mm. Olan “Sənaye zonası” magistral su xətləri üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək magistral su xəttinin mühafizə rejiminin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə və 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3cü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin mümkün sayılaraq,təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi V.Ağazadə izahat verərək qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi sərəncamın və çıxarışın ləğv edilməsi ilə bağlıdır. Cavabdeh3 çıxarışın verilməsi əsasını məhz alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarışın verilməsi zamanı hər hansı bir qanunazidd hərəkəti olmamışdır. İddiaçı ilkin olaraq çıxarışın verilməsində əsas olan alqı-satqı müqaviləsini mülki qaydada mübahisələndirməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərə əsasən: - İddiaçı ASC tərəfindən qəbul olunmuş mühafizə zonasının pozulması barədə xx xxx 2019-cu il tarixli aktdan görünür ki,Suraxanı rayonu Sukanal İdarəsinin TİŞ-nin mühəndisləri tərəfindən əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/ş-dən keçən 2 ədəd 500 mm-lik magistral su kəmərinin üzərində “aptek” qeyri-yaşayış sahəsi tikilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AN-İ № ******* saylı, xx xxx 2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 ilə alıcı Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 3D ünvanında yerləşən ümumi sahəsi 42.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədlərə (sərəncamlar və müvafiq sənədlər) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3 D ünvanında inşa edilmiş tikili barəsində sərəncamın təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya cavab məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D üzərində X1 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışın verilməsinə əsas isə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında xx xxxxxx 2003-cü il tarixli, 000044 saylı şəhadətnaməsidir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara və vətəndaşların ad, soyadlarına görə Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumatın əldə olunmasının imkan xaricində olduğu göstərilmişdir. Məhkəmə iddia tələbinin sərəncamın ləğvi hissəsinə münasibətdə bildirir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D ilə bağlı qeyriyaşayış sahəsinə dair icra hakimiyyəti tərəfindən sərəncamın mövcud olmasına istinad edərək, həmin sərəncamın ləğvini tələb edir. Halbuki, iddiaçı həmin sərəncamın surətini iddia ərizəsinə əlavə etməmiş, həmçinin, məhkəmə araşdırılması zamanı ünvanlanmış müvafiq sorğular nəticəsində, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinə dair sərəncamın mövcud olması aşkar olunmamışdır. Hətta, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundanda məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olan X2 sözügedən sahə üzrə çıxarışı məhz Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında xx xxxxxx 2003-cü il tarixli, 000044 saylı şəhadətnamə əsasında almışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı icra hakimiyyətinin sərəncamı aşkar olunmadığından, iddiaçı həmin sərəncamı mübahisələndirmək hüququna malik deyildir. Belə olan halda, işin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsini 3-cü şəxs Cavabdeh3 alqı-satqı əsasında əldə etmiş və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə ilk öncə qeyd etmək isəyir ki, qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən ilkin hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qaydasında etibarsız hesab edilsin. Hazırki mübahisənin kökündə mülki hüquq münasibəti (alqı-satqı) durur. Mübahisələndirilən çıxarış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi isə tərəflər arasında bağlanmış mülki əqddir. Alqı-satqı müqaviləsi inzibati akt deyil, mülk əqd olduğundan, həmin əqdin etibarsızlığı ilə məsələ qaldırıldıqda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddiaçının iddia tələbinin -tikilinin cavabdehin hesabına sökülməsi və su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi hissəsinə münasibətdə bildirir ki, iddiaçının iddia tələbinin həmin hissəsinə baxılması da mülki məhkəmənin səlahiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd etmək istəyir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 3D ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər (alqı-satqı müqaviləsi, şəhadətnamə) ləğv edildiyi və həmin sahə özbaşına tikili hesab edildiyi təqdirdə belə, həmin tikilinin sökülməsi məhz onu həyata keçirmiş şəxs tərəfindən həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddia tələbinin həmin hissəsinə mülki məhkəmə icraatı zamanı baxılmış və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2560/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı ASC-nin balansında olan 500 mm diametrli iki ədəd su kəmərinin sanitar mühafizə zonasında – Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində Cavabdeh3 tərəfindən tikilmiş qeyriyaşayış obyekti (Aptek) əvəzi ödənilmədən Cavabdeh3 hesabına sökülməsi və su kəmərlərinin sanitar mühafizə rejiminin bərpa edilməsi qət edilmişdir.Hazırda həmin qətnamə apelyasiya icraatında mübahisələndirilir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki vəziyyətdə iddiaçıya izah edilir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirildikdən sonra, o, çıxarışın ləğv edilməsi barədə məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın, çıxarışın ləğv edilməsi və tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar