Məhkəmə qərarları › İş №2-1(112)-1313/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1313/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1313/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X6 cavabdehə qarşı “imtiyazlı şəxs kimi mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi növbədən kənar (16 may 2006-cı ildən növbədə olmağı nəzərə alınmaqla) mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixidən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (16 may 2006-cı il tarixdən növbədə olması nəzərə alınmaqla) mənzillə təmin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildə Qazax rayon, Fərəhli kəndində anadan olmuşdur. 1 il 6 ay sovet ordusunda, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş və bədəninin digər nahiyələrindən xəsarət almışdır. xx.xx.1998-ci ildən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanmışdır. İddiaçı qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan müharibə əlilləri tam şəkildə mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinin ona qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə. Eyni zamanda bildiririlir ki, iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yasinədək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı İİ qrup müddətsiz əlil olduğuna görə növbədənkənar qaydada mənzil ilə təmin olunması məsələsi aradan qalxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin olunamaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən bundan sonra müvafiq tələblə məhkəmədə cavabdehə qarşı iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun baxılacağı bildirilmişdir. -Elektron hökumət portalının “”giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat sistemindəki 1 saylı ASAN xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA4111006 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X11 xx.xx.1972-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuşdur. ünvan 1də qeydiyyatdadır. -3 saylı Bakı ASAN xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 (xx.xx.1972-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuş) ailə tərkibi aşağıdakılardan ibarətdir: arvadı- X5, qızı- X7, oğlu- X16. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. -Müvafiq elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitusiya quruluşunun müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. -Yasamal Rayon İcra Hakimiyyəti başçısının 184 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2023-cü il tarixli qərardadı və xx.xx.2023 tarixli məktubu ilə X6 Qazax Rayon İcra Hakimiyyəti Başçısının 16 may 2006-cı il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzarə alınmaqla, 16 may 2006-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. X1 ünvan 1 ünvanında qeydiyyatdadır və və 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə birgə təsərrüfat aparırlar. İddiaçı mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq X6 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-ci il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Qeyd olunan Sərəncamın verilməsi üçün əsas olmuş və Yasamal RİH tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: -Qazax Rayon İcra Hakimiyyəti başçısının 9-21/382 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə X6 yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə bağlı ərizəsi nəzərə alınaraq Qazax RİH-də İİ dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentiyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X2 Rayon İcra Hakimiyyətində xx.xx.2006cı il tarixdən 4 nəfər ailə üzvü ilə birgə yaşayış yeri ilə təmin edilməsi üçün növbəyə alınmış və xx.xx.2015-ci il tarixli 67 nömrəli məktub əsasında onun yaşayış yeri ilə təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra vətəndaş İsə Nəbiyevin mənzil növbəliliyi Yasamal RİH-ə keçirilmiş və 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısı üzrə 6-cı şəxs olmuşdur. -Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (İsə) Mustafa oğlunun 2006-2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixl sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı (İsə) Mustafa oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Qazax Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubundan bildirilmişdir ki, “Azəriqaz” X10 X18 İdarəsi Qazax xidmət sahəsinin xx.xx.2024-cü il tarixli 01/08 ŞƏ-26 nömrəli arayışına əsasən sizin adınıza Qazax rayonunun Fərəhli kəndində **********00000 nömrəli abonent kodu mövcuddur və qaz xətti üzərində Zenner G-4T smart tipli **********434 nömrəli qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən sizə mənzil və ya fərdi yaşayış evi verilməmişdir. Müvafiq sorğuya cavab olaraq “Azəriqaz” İB tərəfindən İddiaçı dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallarda olan: “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 35/6294 saylı müqavilənin surətindən görünür ki, Şəmkir RQİİ-nin Qazax xidmət sahəsində “Paylayıcı” Şəmkir RPİİ-nin rəisi ilə “İstehlakçı” İddiaçı (AZE ********) arasında Qazax şəhəri, N.Tusi küçəsi ünvanda yerləşən evə dair müqavilə bağlanmışdır (abonent kodu **********732, sayğacın markası və nömrəsi G-4T, **********9, quraşdırılma tarixi xx.xx.2019-cu il). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Qazax şəhəri, N.Tusi küçəsi ünvanda yerləşən evə dair “Azəriqaz” İB ilə X8 (istehlakçı) arasında (AKX-06110xx/xx-2024 saylı) və xx.xx.2024-cü il tarixli, 35/6294 saylı müqavilə bağlanmışdır (abonent kodu **********732). X11 tərəfindən səalhiyyətlərə orqanlara verilməsi üçün tərtib edilmiş və notarial qaydada təqdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, “Azəriqaz” İB-də ona məxsus və istifadəsində olan 29**********732 nömrəli abonent kodunun X3 adına dəyişdirilməsinə və onunla yenidən müqavilə bağlanmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Cavabdeh Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 27 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, Qazax Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 12 mart 2014-cü il tarixli 6/113 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda X6 16 may 2006-cı il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 946 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış 10,0 (on) milyon manat vəsait hesabına imtiyazlı şəxslərə Nazirlik tərəfindən fərdi yaşayış evləri inşa olunmuş, o cümlədən İsə Nəbiyev üçün 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi tikilərək vətəndaşın istifadəsinə verilmişdir. Tikinti işləri Nazirliklə podratçı təşkilat "xxxx" MMC arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli T-013/15 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında aparılmışdır ki, qeyd olunan tarixdə imzalanmış “Müqavilənin xüsusi şərtləri”ndə Sifarişçi tərəfindən İcraçıya Qazax rayonunun Fərəhli kəndində 1 ədəd üçotaqlı fərdi evin tikintisi tapşırılmışdır. Həmçinin bildirilir ki, Nazirliyin yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) Nazirliyin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə (TOOM) ünvanlanmış 31 mart 2015-ci il tarixli 67 nömrəli məktuba əlavə edilmiş qoşmada Qazax rayonunda fərdi yaşayış evi tikiləcək 5 nəfərin, o cümlədən X6 adı qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı yazaraq imzaladığı və Bakı şəhəri 27 saylı Notariat ofisinin notariusu E.H.Qurbanovun təsdiq etdiyi **********2881 nömrəli ərizədə Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində ona tikilən fərdi evin tikintisinin başa çatdırılması və fərdi evlə bağlı heç bir şikayətinin olmaması qeyd edilmişdir. İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 19 oktyabr 2022-ci il tarixinədək Qazax rayonu, Fərəhli kəndində olmuş, həmin tarixdən sonra qeydiyyatını ünvan 1 ünvanına dəyişmişdir. 16 may 2006-cı il tarixindən mənzil növbəsində olması nəzərə alınaraq İddiaçı növbəlilik qaydasında Nazirlik tərəfindən Qazax rayonunda fərdi evi ilə təmin edildiyi halda Qazax Rayon İcra Hakimiyyətində olan həmin növbənin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə köçürülməsi ilə bağlı sonuncuya müraciət etmişdir. Müraciətinə imtina verildikdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin mənzil növbəsi siyahısına Qazax Rayon İcra Hakimiyyətində uçota alındığı 16 may 2006-cı il tarixindən daxil edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Vətəndaş üçün Qazax rayonunda fərdi yaşayış evinin inşa olunması barədə məhkəməyə məlumat verilməmişdir. Əlavə olaraq bildirilir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınmış və həmin növbə əsasında dövlət vəsaiti hesabına mənzil və ya fərdi evlə təmin edilmiş imtiyazlı şəxsə təkrarən dövlət vəsaiti hesabına mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulmamışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: Qazax RİH tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında 12 mart 2014-cü il tarixli məktub ilə Qazax RİH-də mənzil növbəsinə dayanmış imtiyazlı vətəndaşların siyahısı həmin quruma göndərilmişdir. Siyahıdan görünür ki, 16 may 2006-cı il tarixdən mənzil növbəsinə götürülmüş İİ Qarabağ əlili, Fərəhli kənd sakini X6 adı siyahının 17-ci bəndində qeyd olunmuşdur. AR ƏƏSMN Dövlət Sosial Təminat Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 67 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası çərçivəsində Ağdaş, Ağcabədi, Qazax, Salyan və Zaqatala rayonlarında növbəlilik əsasında qoşmada adları qeyd edilən şəxslərə fərdi evlərin tikilməsi məqsədəuyğundur. “2015-ci ildə Qazax rayonu üzrə fərdi ev inşa ediləcək imtiyazlı şəxslərin adlı siyahısı”nda X6 (növbəyə götürüldüyü tarix: xx.xx.2006-cı il, ailə üzvünün sayı: 4 nəfər, otaq sayı: 3) 2-ci sırada olduğu görünür. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin xüsusi şərtlərindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən “sifarişçi” “icraçı”ya LOT-3 üzrə Qazax rayonunun Fərəhli kəndində 1 ədəd üç otaqlı fərdi evin tikintisi tapşırılmışdır. Qazax rayonunun Fərəhli kəndində qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 26 dekabr 2018ci il tarixli **********881 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində ona tikilən fərdi evlə əlaqədar heç bir şikayətinin olmadığı, tikintinin başa çatdırıldığı və nəzərə alınmasını xahiş etmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. -AR Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı doğum haqqında akt qeydində adının “İsə”yə dəyişdirilməsi barədə müraciəti daxil olmamış, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış adın dəyişdirilməsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. -AR Ədliyyə Nazirliyi Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 02 avqust 1972-ci il tarixdə Qazax rayonu, Fərəhli kəndində anadan olan X9 məxsus doğum haqqında akt qeydinin üzərində heç bir düzəliş və əlavə aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. -48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 946 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlill olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının 2014-cü ii dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10,0 (on milyon) vəsait ayrılması qərara alınmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçı İİ dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərə mənzil növbəsinə götürülmüş, sonradan yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə əlaqədar Qazax RİHB-nin xx.xx.2022-ci il tarixli, 9-21/382 nömrəli sərəncamı ilə Qazax RİH-də mənzil uçotundan çıxarılmış və mənzil uçot sənədləri Yasamal RİH-ə göndərilmişdir. Yasamal RİHB-nin xx.xx.2023-cü il tarixli, 184 nömrəli sərəncamı ilə iddiaçı 4 nəfər ailə üzvü ilə bilrikdə güzəştli mənzil növbəsinə götürülmüş mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-cı il) 2-ci dərəcə Qarabağ əlillərinin güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. İddiaçı iddia edir ki, 2006-cı ildən mənzil növbəsində götürülməsinə baxmayaraq, hazıradək yaşayış sahəsi ilə təmin edilməmişdir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, iddiaçı mənzil növbəsinə götürüldüyü əsaslar üzrə 2016-cı ildə yaşayış sahəsi ilə təmin edildiyindən onun yenidən eyni əsaslarla yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərlə iddiaçının Qazax Rayon İcra Hakimiyyətində 4 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qazax rayonunun Fərəhli kəndində 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi inşa edilərək istifadəsinə verildiyi təsdiqini tapmışdır. Bununla bağlı iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi əlili kimi ona tikilib təhvil verilmiş fərdi yaşayış evi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı hər nə qədər təkzib etmiş olsa da, onun güzəştli əsaslarla mənzil növbəsində olduğu vaxt yaşayış sahəsi ilə təmin edilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmiş və iddiaçı tərəfindən bu qənaətin əksini təsbit edən hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq yaşayış sahəsi almaq hüququndan artıq bir dəfə istifadə etmişdir və o, hazırkı iddianı irəli sürməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar