Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1313/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reysterində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi faktiki 2200 kv.m torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqları mövcud vəziyyətdə tanınması və tanınmış hüququ barədə cavabdeh orqan tərəfindən iddiaçıya çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, döngə 2, 7 saylı evdə doğulub boya başa çatmşdır. Həmin ünvan iddiaçıya və digər vərəsələrə miras qalmışdır. Miras qalmış evin torpaq sahəsi istifadə növü dövlət olduğundan ,torpaq sahəsinin özələşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. İddiaçının müraciəti qəbul edilərək, fevral 2024 cü ildə ona **********66 saylı məktubla imtina cavabı vermişdilər.İmtina səbəblərindən biri torpaq sahəsinin sənəd üzrə 2450 kv.m qeyd edilsədə faktiki sahə 2200 kv.m təşkil etməsidir.İkinci səbəb isə "xxxx" ASC -yə məxsus 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi olmuş həmin torpaq sahəsinə 1963 cü ildə Azərbaycan SSR komunal təsərüfat nazirliyyi tərəfindən ilkin texniki pasport verilmişdir. Lakin ondanda əvvəldən həmin ünvan iddiaçının valideynlərinin istifadəsində olub.Miras qalmış əmlak 1 əsrdən çoxdur onların istifadəsindədir. Hansı ki, həmin dövrdə elektrik xəttindən ümumiyyətlə söhbət gedə bilməz, nəinki "xxxx". 6 Kv -luq elektrik verilişi xəttinin mühafizə zonası 11 metr təşkil etsədə küçələr əsrlər əvvələr salındığında həmin dövr üçün mühafizə zonası ümumiyətlə olmayıb. Ona görə də iddiaçı qanunla qorunan hüquq və mənafelərinin qorunması üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarilxi qərardadı ilə X9, X7, X8, X6 üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, döngə 2-də istifadədə olan 0.47320 ha torpaq sahəsində yerləşən 361.80 kv.m yaşayış sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 -1/3 hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə, İddiaçı – 1/3 hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X3 -1/9 hissə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, X4 – 1/9 hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına - 1/9 hissə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsi sənəd üzrə 2350 kv.m qeyd edilsə də, faktiki sahə 2200 təşkil edir və elektron kadastr məlumatına əsasən faktiki sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Odur ki, yaranmış zərurətlə əlaqədar "xxxx" ASC-yə sorğu ünvanlanmış, sorğuya cavab olaraq göndərilmiş 10.01,2024-cü il tarixli, 13-13/2- 1/06-4-249/2024 Ns-li məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən sözügedən ünvan 6 kV-luq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, işin hallarından görünür ki, hazırkı halda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, döngə 2-də istifadədə olan 0.47320 ha torpaq sahəsində yerləşən 361.80 kv.m yaşayış sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı paylı mülkiyyətdə olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırkı iş üzrə əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı inzibati orqana paylı mülkiyyətçilərdən biri olaraq müraciət etmiş, eyni zamanda mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərin istifadə qaydası ilə bağlı razılaşdırılmış bölgü sxem, eləcə də fərdi yaşayış evinə olan pay hüquqlarına mütənasib həmin torpaq sahəsinin fiziki cəhətdən bölünməsi ilə bağlı məhkəmə qərarını təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nizamnaməsinin 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Başqa sözlə, mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə razılıq mövcuddursa, ilk əvvəl həmin əmlaka bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət ediməli, cavabdeh imtina etdiyi halda bu imtinanın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq mövcud deyilsə, mülkiyyətçilərdən biri payının naturada ayrılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət etməlidir. Hazırkı işin hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın-qanuni istifadədə olan torpaq sahəsinin fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hüquqi əsas mövcud deyildir. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə nail olması mümkündür. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dğvlət reysterində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1313/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1313/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver