Məhkəmə qərarları › İş №2-1(112)-1315/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1315/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1315/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh2 qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Təndir” restoranı) yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 idarəsi rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək ünvan 1 ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində sızmanın olduğu müəyyən olunmuş və bu da gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şəraitin yaratmasını qeyd etmişdirlər. Qeyd olunanlara əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi və 2ci ərazi X2 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bundan sonra İddiaçı nümayəndələri, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X2 İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin mərkəzi rayon üzrə TİX-n, X1 və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ünvandakı qeyri- yaşayış obyektlərinə baxış keçirilmiş, ünvan 3ında, 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrində (zirzəmi və yarımzirzəmilərdə) obyektlərin altından keçən qaz xəttində sızma olduğu müəyyən edilərək yerində aktlaşdırılmışdır. Tərtib olunmuş aktların bir nüsxəsi qaz xəttinin həmin ünvanda yerləşən obyektlərin daxilindən kənarlaşdırılması üçün tədbir görülməsi məqsədilə qeyd olunan obyektlərin nümayəndələrinə təqdim olunmuşdur. Eyni zamanda ünvan 1 ünvanda 5 mərtəbəli yaşayış binasına bitişik Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsi və yarımzirzəmi mövcuddur. Tərtib olunmuş akt üzrə Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Təndir” restoranına xəbərdarlıq (pretenziya) məktubu göndərilərək obyekt tərəfindən baş vermiş qaz xəttində sızmaya dair sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə tədbir görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Bakı Regional Qaz İstismar Departamentindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında sakinlər tərəfindən qoruq zonası pozulmuş d219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin prinsipal sxeminə əsasən Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Təndir” restoranı D219 mm-lik qaz xəttinin mühafizə zonasının 1,5 metr məsafəsində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının 1,5 metr məsafəsində yerləşir. Həmin ünvanda “Təndir” restoranı fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM") müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9328/2022 nömrəli qərardadı ilə iş üzrə yerində müayinə aparılması təyin edilmişdir. İddiaçı sonradan iddia tələbində dəqiqləşmə apararaq, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında 5 mərtəbəli binaya bitişik və eyni zamanda yeraltı orta təzyiqli D219 ınnm-lık qaz xəttinin mühafizə zonasının üzərində lahiyədən kənar qanunsuz inşa edilmiş (“Təndir” restoranı) qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9328/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1315/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. İş materiallarında olan poçt xəbərnaməsindən (SX004355667AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiklərinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə hazırki iddia tələbi ilə ağaşıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. Həmin Fərmanın 4.11.10-cu bəndinə əsasən tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. İddiaçı inzibati orqanın iddia ərizəsində qeyd etdiyi “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir” məsələsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 4.10-cu bəndində həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qeyd edilən normaların tələblərindən görünür ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər. Qeyd etmək lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir. Göstərilənlərlə bağlı olaraq, məhkəmə qeyd edir ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirlərinin, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlərin icra edilməsində yerli icra hakimiyyətləri səlahiyyətli olmadığından qeyd edilən iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar