Məhkəmə qərarları › İş №2-1(112)-13151/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13151/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13151/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına qarşı “arxiv sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) xx.xx.1994-cü il tarixli 858/1 saylı sərəncamına dair arxiv sənədindən çıxarışın verilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) xx.xx.1994-cü il tarixli 858/1 saylı sərəncamına əsasən ona Xəzər rayonu, Qala qəsəbəsində 405 №-li sahədə fərdi ev tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. 14 iyul 2023-cü il tarixdə Dövlət Arxivinin Bakı Filialına müraciət edərək həmin sərəncama dair arxiv sənədindən çıxarışın verilməsini xahiş etmişdir. 21 iyul 2023-cü il tarixdə cavabdeh orqan müraciətindən imtina edərək göstərmişdir ki, həmin sərəncam Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyat kitabı ilə uyğusuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1994-cü il tarixli, 858/1 saylı sərəncam saxlama vahidində "Vət. X3" qızına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında olsa da, sərəncamların qeydiyyat kitabının 7-ci səhifəsində “Mərdəkan qəs. Məktəbli küçəsinə X2 o. adının verilməsi haqqında" məzmunu ilə qeydiyyata alınmışdır. Bu səbəbdən həmin sərəncamın təqdim olunması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-06371/2023 nömrəli məktubunda bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 858/1 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1994-cü il tarixli, 858/1 saylı sərəncam saxlama vahidində “Vət. X3" qızına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 7-ci (yeddinci) səhifəsində "Mərdəkan qəs. Məktəbli küçəsinə X2 o. adının verilməsi haqqında” məzmunu ilə qeydiyyata alınmışdır. Odur ki, məlumat üçün həmin sərəncamın, sərəncamların qeydiyyatı kitabının üz qabığının və 7-ci (yeddinci) səhifəsinin təsdiq edilmiş surətindən görünür ki: -Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 858/1 nömrəli Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Sərəncamı ilə Bakı şəhəri, A.Heydərov küçəsi, ev 26A, mənzil 19-da yaşayan, heç bir yerdə işləməyən, ailə tərkibi 1 nəfərdən ibarət İddiaçı Qala qəsəbəsində 405 №-li sahədə fərdi ev tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılması, evin tkintisi təsdiq edilmiş 185-000-111 s tipli layihə əsasında aparılması qərara alınmışdır. -Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyətinin Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 1994-cü ilə aid sərəncamların qeydiyyat kitabı 3-cü cilddə (xx.xx.1994-xx.xx.1994) xx.xx.1994-cü il tarixli sərəncamlar siyahısında 858/1-ci sırada “Mərdəkan qəs. Məktəbli küçəsinə X2 o. adının verilməsi haqqında” sərəncamın adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, B-108-091 nömrəli məktubu ilə Əzizbəyov RİHB-nın 858/1 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsi tərəfindən “təsdiq edirəm” yazısı, imza, möhürü və Xəzər RİHB-nın Qala İƏD üzrə nümayəndəliyinin səlahiyyətli nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48- 2/F2-B-05094/2023 nömrəli məktubunda bildirilmişdir ki, 5 saylı Bakı "Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 858/1 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1994-cü il tarixli, 858/1 saylı sərəncam saxlama vahidində “Vət. X3” qızına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 7-ci (yeddinci) səhifəsində “Mərdəkan qəs. Məktəbli küçəsinə X2 o. adının verilməsi haqqında” məzmunu ilə qeydiyyata alınmışdır. Bu səbəbdən həmin sərəncamın Sizə təqdim olunması tərəfimizdən məqsədəuyğun hesab edilmədi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən arxiv arayışının verilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin sadalanan hallarından görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 858/1 nömrəli sərəncamı ilə İddiaçı Qala qəsəbəsində 405 №-li sahədə fərdi ev tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən sərəncamın dövlət arxivində saxlanılan surətindən arxiv çıxarışının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan adıçəkilən sərəncam arxivdə mövcud olsa da lakin həmin tarixli sərəncamların qeydiyyat kitabının 7-ci (yeddinci) səhifəsində eyni tarixli və nömrəli sərəncamın iddiaçıya torpaq sahəsinin ayrılması barədə deyil, "Mərdəkan qəs. Məktəbli küçəsinə X1 adının verilməsi haqqında” məzmunu ilə qeydiyyata alındığını, bununla da sərəncamın həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğuna şübhə yarandığına istinad edərək sərəncamın arxiv çıxarışının verilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək sərəncamın arxiv surətinin verilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda 33.1.2-ci bənd Azərbaycan Respublikası dövlət arxivlərinin filialları inzibati orqan hesab edilir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasındakı arxiv sənədləri Milli arxiv fonduna daxil edilir. -5-ci maddəsinə əsasən milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir: Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, geologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri və digər sənədlər; kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatların sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər. -16-cı maddəsinə görə Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydaları”nın: -1-ci bəndinə görə bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi və fiziki şəxslərin dövlət arxivlərinin sənədlərindən istifadə qaydalarını müəyyən edir. -2-ci bəndinə görə dövlət arxiv fondunun sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir. -3-cü bəndinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən, onlara aid elmi məlumat bankından istifadə etmək hüququna malikdirlər. -4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslərin dövlət arxiv fondunda saxlanılan sənədlər əsasında arxiv arayışları, arxiv sənədlərinin təsdiq olunmuş surətlərini və ya arxiv sənədlərindən çıxarışlar almaq hüquqları vardır. Vətəndaşlar dövlət arxivlərinin oxu zalında arxiv sənədlərindən sərbəst surətdə çıxarışlar edə və qeydlər götürə bilərlər. -7-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları dövlət arxiv fondunda saxlanılan sənədlərdən səlahiyyətli təşkilatların məktubları əsasında istifadə edə bilərlər. İdarə, təşkilat və müəssisənin blanklarında tərtib olunmuş, onun rəhbəri, yaxud elmi katib tərəfindən imzalanmış məktubda arxivə göndərilən tədqiqatçının soyadı, adı və atasının adı, vəzifəsi, elmi dərəcəsi, tədqiqat mövzusunun adı, əhatə etdiyi dövr və tədqiqatın məqsədi göstərilir. -8-ci bəndinə görə müstəsna hallarda ayrı-ayrı vətəndaşlar (pensiyaçılar, işləməyənlər və s.) şəxsi ərizə əsasında sənədlərdən istifadə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamənin: -4.1-ci bəndinə görə dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir. -4.4-cü bəndinə görə dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. -4.5-ci bəndinə əsasən dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında hüquqi və fiziki şəxslərin sorğularına cavab verir, sərgilər təşkil edir, kütləvi informasiya vasitələri üçün materiallar hazırlayır, arxiv sənədləri və sənəd kolleksiyaları əsasında sənəd külliyyatları hazırlayaraq nəşr etdirir və sənədlərdən istifadə sahəsində digər tədbirləri həyata keçirir. -4.8-ci bəndinə əsasən milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə edilə bilər. -4.9-cu bəndinə görə dövlət arxivləri sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. Arxivlər vətəndaşlara yalnız onları maraqlandıran məlumatların saxlandığı müvafiq arxiv fondlarının yerləri haqqında məlumat verir və sənədlərdən istifadə qaydaların izah edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. -7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-ci maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Məhkəmə arxiv sənədinin verilməsindən cavabdehin imtina əsası ilə razılaşmır. Belə ki, işin hallarından müəyyən olunur ki, ilk növbədə Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 858/1 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı Əzizbəyov Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə dövlət arxivində mövcuddur. Cavabdeh inzibati orqan bir tərəfdən mötəbərliyinə şübhə etdiyi sərəncamı arxiv üzrə təhvil alaraq mühafizə etməsi əsaslarını izah edə bilmir, digər tərəfdən mövcud olan sərəncamın arxiv surətinin iddiaçıya təqdim edilməsini istisna edən qanuni əsası məhkəməyə təqdim etmir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam dövlət arxivində saxlanılır, bu zaman hüquq sahibi olan iddiaçının barəsində olan sərəncamın arxiv surətini əldə etmək hüququ vardır. Məhkəmə o halı da nəzərə alır ki, sözügedən sərəncam dövlət arxivində mövcud olmaqla yanaşı hazırkı Xəzər rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli məktubla həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tərtib edərək iddiaçıya təqdim etmişdir. Başqa sözlə, hazırkı yerli icra hakimiyyəti adıçəkilən xx.xx.1994-cü il tarixli 405 nömrəli sərəncamın mötəbəliyini qəbul etmişdir ki, həmin sərəncam əsasında torpağın yerləşmə cizgisini tərtib edərək iddiaçıya təqdim etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 858/1 saylı sərəncamının arxiv surətinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 858/1 saylı sərəncamının arxiv surətinin verilməsi vəzifəsi Dövlət Arxivinin Bakı Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar