Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13155/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan X1rşı protokolların silinməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BNA 0219878-xx.xx.2019, BNA 0417777-xx.xx.2019, BNA0574817-xx.xx.2019, BNA0594996-xx.xx.2019, BNA 1260470-30.01.21, BNA 1166735- xx.xx.2020-ci il tarixli protokolların silinməsi, maddi və mənəvi zərərə görə 500 manat məbləğində pulun AYNAdan tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin növbəti texniki baxışdan keçirilməsi üçün iddiaçı Daxili işlər Nazirliyinin qeydiyyat İdarəsinə müraciət etmiş, müraciət zamanı onun adında BNA-tərəfindən tərtib edilmiş İX Protokollarının olduğunu bildirilmişdir. İddiaçı həmin protokolların mövcudluğundan xəbərdar olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Protokolların ləğv edilməsi;
2. Maddi və mənəvi ziyanın ödənilməsidir. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsi ilə bağlı mümkünlük şərtlərinin ödənilməməsini aşağıdakilar ilə əsaslandırır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri; 40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyində inzibati məsuliyyətin əsasını iki hal müəyyən edir: • inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar); • inzibati hüquqi vəzifələrin icra edilməməsi və ya düzgün icra edilməməsi. İnzibati xətalar haqqında işlər üzrə icraat özündə icraatın iştirakçıları, sübutlar, protokolun tərtib edilməsi, icraatın başlanması, işlərə baxılması, qəbul edilmiş qərarlara yenidən baxılması və s. məsələləri özündə ehtiva edir. İXM-in 12-ci maddəsində inzibati xətanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Əməl o zaman inzibati xəta sayılır ki, İXM-in Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Hazırkı işin faktiki hallarından isə müəyyən olunur ki, iddiaçı onun barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş edir. Qeyd olunmalıdır ki, yaranmış bu mübahisənin mahiyyəti inzibati orqanın inzibati hüquq sahəsindəki deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyəti nəticəsində yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə dair işlərə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən mahiyyəti üzrə qiymət verilməsi və qeyd olunan növ işlərə baxılmasında inzibati məhkəmənin səlahiyyəti olmayan məhkəmə hesab edilməsi nəzərə alınmaqla iddia həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının ikinci tələbinin mümkünlük şərtlərinin ödənilməməsi ilə bağlı aşağıdakiları diqqətə çatdırır. Belə ki, AR İPM-nin 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin, məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması o zaman mümkündür ki, həmin kompensasiya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə yaranmış olsun. Hazırkı iş üzrə cavabdehin qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyinin törədilməsi halı istinsa edilməsə də, məhkəmə hesab edir ki, inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan ehtimal olunan qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə kompensasiyanın ödənilib-ödənilməməsinə dair iddianın mahiyyəti üzrə qiymətləndirilməsi inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, AR İPM-nin 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən yaranmış inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun. İnzibati hüquq münasibətləri dedikdə isə “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və 1.2-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətindən (hərəkətlərindən) doğan münasibətlər başa düşülür. Başqa sözlə “İnzibati icraat haqqında” Qanunun tənzimləmə predmetinə aid olan münasibətlərin inzibati mübahisə olmasından söhbət gedə bilər. Həmin qanunvericiliyin tələbinə aid olmayan münasibət və həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə hesab edilməməklə fərqli tənzimləmənin tətbiqinə əsas yaradır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyanına görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Hazırki halda iddiaçının hüquqi marağı inzibati xəta haqqında protokollar əsasında ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsidir ki, bu tələbə inzibati icraat çərçivəsində baxılması mümkün deyil. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə 2-1(102)-2149/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-2070/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-984/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarında və digər aidiyyəti üzrə qərarlarında oxşar mövqedən çıxış edilmişdir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, eyni zamanda inzibati məhkəmə icraatı qaydasında iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi, tələbin hazırki məhkəmə icraatı qaydasında, yoxsa inzibati xəta üzrə məhkəmə icraatı qaydasında baxılması məsələsinə münasibət bildirilməsi təklif olunmuşdur. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı tələbi ilə aidiyyəti üzrə inzibati xətalar dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov