Məhkəmə qərarları › İş №2-1(112)-13164/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13164/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13164/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməli olan 6598 (altı min beş yüz doqsan səkkiz) manat ƏDV məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2025-ci ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi (https://new.e-taxes.gov.az/etaxes/) vasitəsilə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması" ilə bağlı elektron ərizə ilə müraciət etmişdir. Lakin müraciətimə rədd cavabı verilmişdir. Rədd cavabında bildirilmişdir ki, alıcı yaşayış və qeyri-yaşayış sahəsinin tam dəyərini (ƏDV daxil olmaqla) satıcının bank hesabına ödəsə də, ƏDV məbləği ayrıca olaraq satıcının ƏDV depozit hesabına köçürülməli idi. Bu səbəbdən ƏDV-nin qaytarılmasından imtina edilmişdir. Halbuki, “Avant Group" MTK tərəfindən xx.xx.2025 tarixində verilmiş arayışa əsasən, mənzilin satışı dövründə “e-qaimə"nin təqdim olunması qanunvericiliklə tələb olunmadığından, belə bir sənəd təqdim edilməmişdir. Arayışda həmçinin qeyd olunur ki, 144183 (yüz qırx dörd min yüz səksən üç) manat məbləğində ödənişin içərisində olan 21994.02 manat ƏDV məbləği MTK tərəfindən ümumi hesabatda bəyan edilmiş və vergi öhdəliyi tam şəkildə ödənilmişdir. Bu səbəbdən həmin ƏDV üzrə təkrar “e-qaimə-faktura”nın təqdim olunması texniki olaraq mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanına, eləcə də Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxslərin nağdsız ödənişlə aldıqları yaşayış sahələrinə görə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Onun tərəfindən bu qanunvericiliyə uyğun olaraq bütün tələb olunan ödənişlər və sənədlər təqdim olunmuşdur

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

6. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

7. Hazırkı iş üzrə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılmasını tələb etmişdir.

8. Məhkəmə işə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarın ləğv edilməsi və ƏDV-nin 30 faizinin ödəyiciyə qaytarılması kimi baxır.

9. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. 15 aprel 2022-ci il tarixli 0168 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 4-cü blok, 10-cu mərtəbə, 7 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 144183 manat təşkil edir.

11. 15 aprel 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 4-cü binasında, 4-cü blok, 10-cu mərtəbə, 7 saylı, 3 otaqlı, 95.17 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 15 aprel 2022 tarixli, 0168 saylı Payçı müqaviləsinə əsasən 6-cı binasında, 4-cü blok, 10-cu mərtəbə, 7 №-li, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

12. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 156 nömrəli arayışında qeyd edilmişdir ki, ““Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 144183 manat məbləğin 21994.2 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. X3 Xidmətinə təqdim etmək üçün təqdim edilir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 17 iyun 2025-ci il tarixli **********813400 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə “0168” saylı alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, təsdiq edilmiş qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2022-ci il tarixli 2000 manat, xx.xx.2024-ci il tarixli 2000 manat, xx.xx.2024-ci il tarixli 2000 manat, xx.xx.2024-cü il tarixli 2000 manat, xx.xx.2024-cü il tarixli 1350 manat, manat bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş müqavilə nömrəsinin “0168” qeyd edildiyi müəyyən edilmişdir. Əlavə olaraq onu da bildiririk ki, alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə alıcı tərəfindən deyil digər şəxs tərəfindən ödəniş və vergi orqanına müraciət olunduqda yalnız və ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnaməsi və ya həmin ödəmələrin və müraciətin edilməsinə dair alıcı tərəfindən ona etibar edilməsinə dair notarial qaydada təsdiq olunmuş müvafiq sənədlər təqdim edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

İV. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

15. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

16. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

17. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi qeyd olunmuşdur.

18. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır.

19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir:

20. İddiaçı tərəfindən qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin müvafiq olaraq, 144183 manat dəyəri tam hissəsi (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

21. İddiaçı yaşayış sahələrinin dəyərini satıcıya ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmış və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. İddiaçının ƏDV-nin qaytarılması barədə müraciətinə cavab olaraq cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış bildirişdə təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-daxil) satıcının bank hesabına ödənildiyindən cavabdeh orqan “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********13400 nömrəli qərar qəbul etmişdir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahələrinin dəyərinin tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-yə həmin ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi müəyyən edilmişdir.

23. Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir.

25. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilməz.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar