Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13170/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh BAzərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı ildə Şuşa rayonu, Göytala kəndində doğulmuşdur. xx.xx.1966-cı il tarixli, 17 № li doğum akt qeydində iddiaçını adı «Багыр» yazılmışdır. 1982-ci ildə 8-ci sinifi bitirməsi haqqında “Təhsil haqqında Şəhadətnamədə” iddiaçının adı “Bakir” kimi yazılmışdır. İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində adı “Bakir” İddiaçı xx.xx.1988-ci ildə X3 ilə nikaha daxil olmuş, nikah akt qeydinə iddiaçının adı “Bakir” kimi yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda iddiaçının adı “Bakir” kimi yazılmışdır. İddiaçının uşaqları Davud Abbasovun, Sadıq Abbasovun və Abas Abbasovun doğum akt qeydlərində ata adı “Bakir” kimi yazılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək doğum akt qeydində adının “Baqir” adından “Bakir” adına düzəliş edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şuşa rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı ildə tərtib edilmiş, 17 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adı bəndində “Bağır” qeyd olunmuşdur. Təqdim edilən şəxsiyyət vəsiqəsində təsdiq edən sənəddə ad bölməsində “Bakir” yazıldığından məlumatlar ziddiyyət təşkil edir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilir. İddiaçı tələbi və tələbin əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı ildə tərtib edilmiş, 17 saylı doğum haqqında akt qeydində düzəliş edilməklə adının “Bakir” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında Şəhadətnamə alınarkən Şəhadətnamədə onun adı “Baqır” kimi qeyd olunmuşdur. Həmin şəhadətnaməni o itirmişdir. Hal-hazırda o yeni doğum haqqında şəhadətnamə almaq istəyir. Bununla əlaqədar o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehn müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilərək ona təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin ona imtina edilərək bildirilmişdir ki, onun akt qeydində adı “Baqır” kimi yazılmış, şəxsiyyət vəsiqəsində isə adı “Bakir” kimi qeyd olunmuşdur. Bununla bağlı ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Yuxarıda sadalan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün hüquqmüəyyənedici sənədlərində, şəxsiyyət vəsiqəsində, təhsil müssələrindən verilmiş sənəddə, mülkiyyyət hüququna dair çıxarışda, övladlarının doğum haqqında Şəhadətnamələrinin onun adı “Bakir” kimi yazılmışdır. Belə olan məhkəmə iddiaçının doğum akt qeydində adının «Багыр» kimi yazılmasını texniki yalnışlıq olaraq qiymətləndirir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki yalnışlıq aradan qaldırılaraq onun adı digər sənədlərinə uyğunlaşdırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Şuşa rayonu qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1966-ci il tarixli, 17 saylı doğum akt qeydində düzəliş edilərək ad qrafasında «Багыр» əvəzinə “Bakir” yazılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov