Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13185/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququn qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququn qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Medik” X1 üzvlərinin 04 nömrəli, 10 dekabr 1989-cu il tarixli iclasının protokolundan çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Medik” X2 üzv qəbul edilmiş və 40 və 41 №-li torpaq sahəsi (1080 kv.m) onun istifadəsinə verilmişdir. İddiaçıya “Medik” X1 üzvü olmasına dair üzvlük bileti verilmişdir. Torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...idarənin arxivində saxlanılan “Medik” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, təqdim edilən səndlərdə bağ sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Bundan əlavə, bağ sahəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 1987-ci il tarixdə X4 və Ginekologiya İnstitunun “Medik” bağçılıq yoldaşlığının idarə heyyətinin yığıncağının 4 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, (o vaxtkı Əzizbəyov) Zirə qəsəbəsi ərazisində olan 27x40 metr olmaqla ümumi sahəsi 1080 kv/metr olan 40 və 41 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi hal-hazırda da istifadəsindədir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin nömrəsi 40 qeyd edilsə də, bağçının üzvlük kitabçasında torpaq sahəsinin nömrəsi 40-41 qeyd edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından (0.5-1.15 metr) yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 1080 kv.m qeyd edilsə də, faktiki 1068 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Medik” X1 üzvlərinin 10 dekabr 1989-cu il tarixli iclasında qəbul edilmiş 19/340 nömrəli qərarla iddiaçı həmin bağçılığa üzv qəbul edilmiş və ona 40 və 41 №-li torpaq sahəsi (1080 kv.m) ayrılmışdır. İddiaçıya “Medik” X1 üzvü olmasına dair üzvlük bileti verilmişdir. Torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Plan ölçüdə torpağın sənəd üzrə sahəsi 1080 kv.m, faktiki sahəsi 1068 kv.m, torpağın № si 40 qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə qismən əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçının üzvlük kitabçasının əslini və üzvlərin iclas protokolunun notarial qaydada təsdiq edilmiş surətini təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxivində saxlanılan “Medik” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir; 2) Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin nömrəsi 40 qeyd edilsə də, bağçının üzvlük kitabçasında torpaq sahəsinin nömrəsi 40-41 qeyd edilmişdir.; 3) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından (0.5-1.15 metr) yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur; 4) Üzvlük kitabçasında ölçüsü 1080 kv.m qeyd edilsə də, faktiki 1068 kv.m təşkil edir. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıları qeyd edir: 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə bağçılıq-yoldaşlıq cəmiyyətinin üzv olmasına dair üzvlük biletinin əslini və protokoldan çıxarışı təqdim etmişdir. İddiaçının bağçılığın üzvü olması mötəbər sübutla, üzvlük kitabçasının əsli və protokoldan çıxarış ilə təsdiq edilir. Təqdim edilən sənədlərdən görünür ki, “Medik” bağçılıq-yoldaşlıq 1987-ci ci ildə yaranıb. İddiaçı isə bağçılığa 1989-ci ildə üzv qəbul edilib. Ona görə də, iddiaçının adının bağçılığın üzvlərinin siyahısında olması mümkün deyildir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, İş materiaallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya sahəsi 1080 kv.metr olan 40 və 41 № li bağ sahəsi ayrılmış, ayrılan torpaq sahəsinin cizgisi, yerləşməsi və sahəsi göstərilən sxem tərtib edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsü də sənəd üzrə 1080 kv.metr və faktiki 1068 kv.metr göstərilmişdir. Həmin plan ölçü sənədində bağ sahəsinin nömrəsi kimi 40-41 deyil, yalnız 40 rəqəminin göstərilməsini məhkəmə texniki səhv kimi qiymətləndirir və hazırkı iddianın təmin olunmasına mane olan hal deyildir. Çünki qeyd edildiyi kimi, bağın nömrəsinin 40-41 deyil, 40 göstərilməsinə baxmayaraq söhbət eyni sahəli, yəni sənəd üzrə iddiaçıya ayrılmış 1080 kv.metr torpaq sahəsindən gedir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, bu hal torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. 4-cü halla bağlı məhkəmə cavabdehin dəlili ilə razılaşaraq hesab edir ki, iddia qismən təmin edilməli, torpaq sahəsinin faktiki ölçülərinə uyğun iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, cavabdehin etirazında bildirdyi hal, yəni torpaq sahəsinin ölçüsünün 1068 kv.metr olmas, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədi ilə də təsdiq edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin olunsun. “Medik” bağçılıq yoldaşlığının idarə heyyətinin yığıncağının 4 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində ümumi sahəsi 1068 kv.metr olan 40 və 41 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13185/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13185/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver