Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13187/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək soyadının “Adilli”dən “Yarməmmədli”yə dəyişdirilməsinin təmin edilməsi vəzifəsinin səlahiyyətli orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə nikaha daxil olarkən “Adilli Yarməmmədli” soyadını qəbul etmişdir. Bundan sonra iddiaçının 5 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciəti əsasında soyadı (qeydiyyat şöbəsinin 26 saylı xx.xx.2023-cü il tarixli “Soyadın adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən) “Adilli Yarməmmədli”dən “Adilli”yə dəyişdirilmişdir. İddiaçı 2024-cü ilin avqust ayında növbəti dəfə soyadının “Adilli”dən “Yarməmmədli” yə dəyişdirilməsi ilə bağlı Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin, müraciət inzibati orqanın 14 avqust 2024-cü il tarixli məktubu ilə təmin olunmamışdır. Qeydiyyat şöbəsindən iddiaçıya cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə istinad olunmuşdur (Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir). İddiaçı hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. İddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi hüququ olduğu halda sözügedən orqan müvafiq hüququn həyata keçirməsini məhdudlaşdırmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Siz xx.xx.2022-ci il tarixdə nikaha daxil olarkən “Adilli Yarməmmədli” soyadını qəbul etmisiniz, 5 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin 26 saylı xx.xx.2023-cü il tarixli “Soyadın adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən soyadınız “Adilli Yarməmmədli”dən “Adilli” yə dəyişdirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Adın ,ata adın və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qeyd olunanlara əsasən soyadınızın növbəti dəfə dəyişdirilməsi barədə ərizənizin qeyiyyat şöbəsində icrası mümkünsüzdür.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Suraxanı rayon qeydiyyat şöbəsində soyadının növbəti dəfə “Adilli”dən “Yarməmmədli”yə dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmış və müəyən edilmildirlmişdir ki, o, xx.xx.2022-ci il tarixdə nikaha daxil olarkən “Adilli Yarməmmədli” soyadını qəbul etmiş, 5 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin 26 saylı xx.xx.2023-cü il tarixli “Soyadın adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən soyadını “Adilli Yarməmmədli”dən “Adilli” yə dəyişdirmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Adın ,ata adın və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qeyd olunanlara əsasən İddiaçı soyadının növbəti dəfə dəyişdirilməsi barədə ərizəsinin qeyiyyat şöbəsində icrası mümkün olmadığı bildirilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə keçiriləcək işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir.
5. İş materiallarına əlavə olunmuş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur.
6. İş materiallarına əlavə olunmuş Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Yarməmmədli”, arvada “Adili” soyadı verilmişdir. (şəhadətnamə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir)
7. İş materiallarına əlavə olunmuş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
11. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
14. X8 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X8 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
15. İlk növbədə qeyd edilməlidir ki, X8 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).
16. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X8 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.
19. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X3 ilə nikah bağlamış (nikahdan əvvəl iddiaçının soyadı “Adilli” olmuşdur) və “Adilli Yarməmmədli” soyadını qəbul etmişdir. Daha sonra iddiaçının 5 saylı “ASAN Xidmət” Mərkəzinə müraciəti əsasında qeydiyyat şöbəsinin 26 saylı xx.xx.2023-cü il tarixli “Soyadın adın və ata adının dəyişdirilməsi haqqında” Akta əsasən soyadı “Adilli Yarməmmədli”dən “Adilli”yə dəyişdirilmişdir. İddiaçının hazırki iddia tələbi isə soyadının “Yarməmmədli” olaraq dəyişdirilməsidir.
20. Məhkəmə işin faktiki hallarını ümumiləşdirərək müəyyən edir ki, iddiaçı nikaha daxil olarkən ərinin soyadını qəbul etmiş, daha sonra nikahdan əvvəlki soyadına qayıtmış, hazırda isə yenidən soyadının dəyişdirilməsini (ərinin soyadını qəbul etməyi) tələb edir.
21. İddiaçı soyadın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə etmişdir. Odur ki, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyə əsasən mümkün deyil.
22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva