Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13194/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «plan və ölçünün verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «plan və ölçünün verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə (çıxarış **********38) dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli notarial alqı-satqı ilə əldə etmişdir. Qeyd olunan daşınmaz əmlak həmin dövrdən iddiaçının istifadəsindədir. Həmin daşınmaz əmlak dövlət reyestrində onun adına qeydiyyata alınsa da, cavabdeh həmin torpaq sahəsinə plan ölçü tərtib olunmasından xx.xx.2023-cü il tarixli məktubla mənfi cavab vermiş və uyğunsuzluq olması səbəbindən imtina etmişdir. İnzibati orqanın bu hərəkətini əsassız hesab etdiyindən pozulmuş hüququnun bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətndədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə (çıxarış **********38) dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə məxsus torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcud olduğundan plan-ölçü sənədinin tərtib edilməsi idarə tərəfindən mümkün olmamış və **********30 nömrəli xx.xx.2023-cü il və **********56 nömrəli xx.xx.2023-cü il tarixli məktublar ünvanlanmışdır. Həmçinin hasarlanma işləri əvvəlki mülkiyyətçisinə məxsus torpaq sahəsinin planölçüsünə uyğun aparılmamışdır. Bundan əlavə iddiaçı idarəyə müraciəti zamanı elektron kadastr baza məlumatlarına əsasən eyni ərazini fərqli konfiqurasiyalarla göstərmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə X2 adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsini İddiaçı satmışdır. - xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin plan ölçüsündə qeyd olunan koordinatlar ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcud olduğundan plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İdddia əsaslı və qanuni olduğu üçün təmin edilməlidir. Hazırki mübahisə mahiyyət etibarı ilə, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsindən ibarətdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin plan ölçüsündə qeyd olunan koordinatlar ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcud olduğundan plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur: Belə ki, mövcud qanunvericilik (o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində müvafiq alqısatqı müqaviləsi əsasında alıcı kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyatı ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Üzərində hüquq qeydiyyat alınmış (ləğv edilməmiş) həmin torpaq sahəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına müraciəti heç bir halda mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir. Məhkəmə hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirində ...torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi..., torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, ... torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), ... torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X5 Kitabında uçota alındığı nömrə və tarix ... göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Normaların məzmunundan göründüyü kimi, “Torpaq sahəsinin planı və ölçüsü” özündə torpaq sahəsinin kadastr göstəricilərini, o cümlədən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, torpaq sahəsinin qonşu sərhədlərini, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planının və s. əks etdirən texniki sənəddir və torpaq sahəsi üzərində qeydə alınan və ya alınmalı olan hüquqların yaranma (əldə etmə) əsaslarını dəyişmir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı onun adına qeydə alınmış torpaq sahəsinə mülkiyyət hüququnu alqı-satqı yolu ilə əldə etmiş, həmin torpaq sahəsi onun əvvəlki mülkiyyətçisi X2 adına 2017-ci ildə qeydə alınmış, xx.xx.2017-ci il tarixdə X2 adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçının hazırkı məzmunda tələbi də məhz hüquq sələfinin adına tərtib edilmiş sənəd üzrə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsindən ibarətdir. Başqa sözlə, hazırkı halda, daşınmaz əmlaka hüququn qeydə alınması deyil, artıq qeydə alınmış hüququn aid olduğu daşınmaz əmlakın texniki göstəricilərinə dair sənədin verilməsi öhdəliyinin cavabdeh tərəfindən icra olunması tələb edilir. Cavabdehin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur və bu dəlillər onu hazırkı məzmunda öhdəliyi icra etmək vəzifəsindən azad etmir. Onun bu vəzifəsi isə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.16-cı bəndinin tələbindən irəli gəlir. Həmin normaya görə, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi iş üzrə materiallarla təsdiq olunur. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə (çıxarış **********38) dair İddiaçı adına plan və ölçü sənədinin tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə (çıxarış **********38) dair İddiaçı adına plan və ölçü sənədinin tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev