Məhkəmə qərarları › İş №2-1(112)-13198/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13198/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13198/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilin eskizinin etibarsız sayılması və mənzilin qaytarılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin eskizinin etibarsız sayılması və mənzilin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, mənzil 2 iddiaçının mərhum atası X6 (1962-ci il təvəllüdü), həyat yoldaşı X1 (1969-çı il təvəllüdlü) özəlləşmə razılığı (xəbəri) olmadan (üç övladı – 1988 il təvəllüdlü X7, 1991-ci il təvəllüdlü X4, 1992-ci il təvəllüdlü X5 həmin vaxt azyaşlı olmuşlar), qardaşı X10 və bacıları Cavabdeh, X9 və X8 əmlak nümayəndələrinin orderli evin texniki pasportunun (eskiz lahiyə ölçülərinin 1970-ci illərdə plan-lahiyə-ölçüləri sökülüb dəyişdirilmişdir) təsdiqini, uyğunluğunu yoxlamadan, evi qeyri-qanuni yolla 1957-çi ilin köhnə lahiyəsinə əsaslanıb atası X6 adina özəlləşdirmişlər. Halbuki, həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən o (iddiaçı) və ailəsi orada yaşamış və hazırda da yaşayırlar. Mərhum atası X11 vəfat edənədək iddiaçı və və ailəsi onun qayğısına qalırdı. Qalan bacı-qardaşları isə özlərinə məxsus evdə yaşayırlar. Lakin bacısı Cavabdeh atası 2019-cu ildə qəflətən vəfat etdikdən sonra iddiaçının yaşadığı evi hansısa yollarla bölərək, həyətində 20 kv.m qeyri-qanuni ev tikmişdir. Hər dəfə evlə bağlı ailəsində söz-söhbət yaradaraq iddiaçıya hədə-qorxu gəlirdi. Həmin şəxs iddiaçıdan xəbərsiz Lökbatan qəsəbəsində yerləşən 45 saylı Notariat Kontoruna müraciət etmiş, özünü yeganə varis sayaraq qeyri-qanuni sənədlərlə mülkə sahiblənmişdir. Atasının ona 25 may 2012-ci il tarixdə verdiyi etibarnaməni məlumatsız şəkildə qüvvədən salmışdır. «Notariat haqqında» Qanunun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alıb, notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin, miras əmlakı siyahıya almalı, onu qorumalı, əmlak idarəçisini təyin etməli vərəsələrin dairəsini müəyyənləşdirməlidir. Miras əmlaka başqa vərəsənin olmadığını dəqiqləşdirmək üçün, ailə tərkibi haqqında forma 2 saylı, mirasın həbsdə olub-olmadığını aydınlaşdırmaq üçün isə forma 1 arayışı tələb etməlidir. Əgər həmin sənədləri tələb etmədən digər vərəsələrin olub-olmadığını aydınlaşdırmadan miras əmlakı yalnız birinin adına keçirib şəhadətnamə verirsə həmin şəhadətnamə qanun üzrə etibarsız sayılır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1133, 1134, 1145, 1151, 1159.1.1, 1159.1.3 və 1166-cı maddələrini rəhbər tutaraq belə nəticəyə yaranır ki, vərəsələr arasında miras əmlak bərabər paylarla bölünməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçının mərhum atası X6 Bakı şəhəri ünvan 1 ünvanındakı mənzilin sənədləşmə və evin eskiz planı 10 sentyabr 1957-ci il üzrə həqiqi eskizə uyğun olmadığına səhvə yol verildiyinə görə etibarsız sayılması, mülkiyyətçi X2 Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, 18 saylı binanın 2 saylı mənzilinə sənədləşmə və evin eskiz planı 10 sentyabr 1957-ci il üzrə həqiqi eskizinə uyğun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən təsdiqləndiyinə və mənzildə qeydiyyatda olan bütün şəxslərin notarial qaydada ərizə razılıqları ilə reyestrdən çıxarışı X3 verilməsinə təsdiqləyənməsinə görə, həmin mənzilin qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iş üzrə məhkəmə iclası təyin edilməklə bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Nizamnamənin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə həmin İdarə daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər – İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mahiyyətcə mülki xarakterlidir və iddiaçının müvafiq mənzillə bağlı, yəni qeydiyyatın ləğvi üzrə aidiyyəti səlahiyyətli quruma (daşınmaz əmlaka hüququn qeydiyyatını aparan orqana) müraciəti olmadığından, məhzilə hüququnun mübahisələndirilməsi üzrə inzibati mübahisə yaranmış olmur. Bu səbəbdən məhkəmə “cavabdeh inzibati orqan göstərilməklə iddianın dəyişdirilməsi” ilə əlaqədar iddiaçıya tövsiyə verilməsini məğbul bilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı hazırda tələbinin (tələb aydın əsaslandırılmamış və ifadə olunmamışdır) əsası kimi mənzillə bağlı notariat sənədlərinin qanunsuzluğunu bildirir və məsələnin notariat qurumundakı icraatda əvvəldən səhv istiqamətə aparıldığını diqqətə çəkir. İkinci tələb kimi “mənzilin qaytarılması”na gəldikdə isə, məhkəmə qeyd edir ki, bu tələb aydın şəkildə mülki xarakterli mübahisənin predmetidir. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya (hər iki tələb üzrə) inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar