Məhkəmə qərarları › İş №2-1(112)-13198/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13198/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13198/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı “qərarın icrasının dayandırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizənin əsaslı və qanuni olduğunu, 18 iyul 2024-cü il tarixli qərarı 19 avqust 2024-cü il tarixdə aldığını, 20 avqust 2024-cü il tarixdə şikayət verdiyini, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu nəzərə alaraq, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair əsaslı və qanuni iddiasının mümkün sayılmasının təmin edilməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı 29 may 2024-cü il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsindən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində tam, hərtərəfli, obyektiv baxılanadək, həll edilənədək, qanuni qüvvəyə minənədək bununla bağlı olan Suraxanı Rayon İcra Şöbəsinin 18 iyul 2024-cü il tarixli qərəzli, əsassız və qanunsuz qərarının icrasının dayandırılması və habelə əmək haqqından 50 % aliment tutulması barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3152/2024 saylı 29 may 2024-cü il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsindən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində və AR Ali Məhkəməsində baxılanadək, qanunauyğun həll edilənədək, qanuni qüvvəyə minənədək və bununla bağlı Suraxanı Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli, e220759/2024-18-19 saylı qərəzli, əsassız və qanunsuz qərarının icrası dayandırılmalıdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı işsiz olduğu və əmək haqqı almağı barədə arayış təqdim edə bilmədiyi üçün cavabdeh (borclu) İddiaçı 154 (bır yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı (tələbkar) X4 verilməsi qət edilmişdir. Həmin dövrdə işsiz olduğuna və habelə vəfat edənə qədər xəstə atasına qulluq etdiyinə görə alimenti vaxtında ödəyə bilməmiş, hazırda 1019 (bir min on doqquz) manat borcu qalıbdır. Suraxanı Rayon İcra Şöbəsinin təqdimatına əsasən Suraxanı Rayon Məhkəməsinin 3(010)-655/2018 saylı, 20 iyul 2018-ci il tarixli qərarı ilə barəsində AR İXM-nin 528.1-ci maddəsilə 10 (on) gün müddətinə, 3(010)-799/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsilə 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. O, xx.xx.2023-cü il tarixdən Fiziki şəxs X5 məxsus “Möcüzə Market” mağazada mühafizəçi vəzifəsində işləməyə başlamış, hazırda işləyir və 365 (üç yüz altmış beş) manat aylıq əmək haqqı alır. Baş Direktor E.C.Nəbiyevin və Baş Mühasib İ.İ.Babayevin Binəqədi Rayon Məhkəməsinə təqdim etdikləri xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı həqiqətən Fiziki şəxs X5 məxsus “Möcüzə Market” mağazada xx.xx.2023-cü il tarixdən mühafizəçi vəzifəsində işləyir və 365 (üç yüz altmış beş) manat aylıq əmək haqqı alır. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə onun əmək haqqının 70 %-nin tutulmasını, iddiaçı (tələbkar) X4 verilməsini qərara almışdır, şikayətindən sonra 50%-nin tutulmasını, iddiaçı (tələbkar) X4 verilməsini qərara almışdır. Onun əmək haqqının yarısı, yəni 182,50 manatı hər ay aliment tutulur, bu da düz deyildir. Çünki, 365 (365-200=165) manatdan 14% yəni, 23,10 manat gəlir vergisi və 2% yəni, 3,30 manat DSMF-na sosial ayırmalar tutulduqdan sonra 365 - 23,10 - 3,30 = 338,60 manat qalır, 338,60 manatın 50 faizi 169,30 manat təşkil edir və 182,50 - 169,30 = 13.20 manat-hər ay artıq tutulur. İddiaçı (tələbkar) X7 iddiaçının işləməyinə, əmək haqqının yarısının, yəni 182,50 manatının hər ay aliment tutulmasına, ona verilməsinə baxmayaraq, alimentin 235 manata artırılması, 50 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun ondan tutulması barədə qərəzli, əsassız və qanunsuz iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı X3 hüquqlarından suiistifadə edərək cavabdeh İddiaçı qarşı alimentin artırılmasına və 50 manat mediasiya xərcini ondan tələb etməsinə dair iddia ərizəsini qərəzli, əsassız, qanunsuz olduğunu, onun yalnız 365 manat məbləğində maaş aldığını, imkansız olduğundan qəti etiraz etdiyini nəzərə alaraq, rədd edilməsi barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməsini və səhhətində, ailə və maddi vəziyyətində dəyişiklik olduğunu nəzərə alaraq, AR Ailə Məcəlləsinin 76.1.1-cı maddəsinin tələbinə uyğun olaraq, 1 uşağın, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay onun əmək haqqının % hissəsində, hazırda 91,25 manat məbləğində alimentin ondan tutulması və iddiaçı X4 verilməsinin qətnamədə göstərilməsini etiraz ərizəsi və vəsatət ilə məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Pərviz Məmmədov 2(001)- 3152/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə onun işləməyinə və 365 (üç yüz altmış beş) manat əmək haqqı almağı barədə arayış, etiraz ərizəsi və vəsatət təqdim etməyinə baxmayaraq, “cavabdeh İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci iddiaçı X3 xeyrinə və 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulmasını və alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər" qət etmişdir, amma qətnamənin hansı qüvvəyə minməsini göstərməmişdir. İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı, 29 may 2024-cü il tarixli qərəzli, əsassız, qanunsuz qətnaməsini xx.xx.2024-cü il tarixdə qəbzi imzalayıb məhkəmədən almış, bir ay müddət ərzində yəni, xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti vermişdir, vəkilin qonorarını ödəməyə pulu olmadığı üçün vəkillə müqavilə bağlaya bilməmiş, özünün elektron və asan imza və elektron kabineti olmadığı üçün xx.xx.2024-cü ildə notariusda təsdiq olunmuş AR-İİİ 394482 etibarnamə ilə elektron kabinetə yüklənməsini X6 etibar etmişdir. Onun iştirakı ilə X8 müddətin son günündə xx.xx.2024-cü il tarixdə saat 23:05 radələrində apellyasiya şikayətini və əlavə olunmuş dövlət rüsumu haqqında qəbizi və s. sənədləri elektron kabinetə yükləmişdir və hətta 208764 nömrəli müraciətin xx.xx.2024-cü il tarixdə saat 00:08:08-də daxil olması barədə məlumat almışıq və Binəqədi Rayon Məhkəməsinin elektron kabinetinə yerləşdirilməsini +99450 *** ** ** nömrəli telefonla AR Ədliyyə Nazirliyinin Qaynar Xəttinin rəisi Abbas Teymurzadədən (Əsgərovdan) xahiş etmişdir. Amma, nəticəsiz qalmışdır. Çox təəssüf ki, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə “icraata başlamaq haqqında” qərar çıxarmadan, ona təqdim etmədən, iş yerinin adını səhvən “Sərham Market” yazıb, xx.xx.2024-cü il tarixli məktub və xx.xx.2024-cü il tarixli icra vərəqəsi təqdim edib ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3152/2024 saylı, 29 may 2024-cü il tarixli qərəzli, əsassız, qanunsuz qətnaməsi guya xx.xx.2024-cü il tarixdə qüvvəyə minib və icra olunmasını tələb edib. Amma, qətnamə qanuni qüvvəyə minməyibdir. Halbuki, Binəqədi Rayon Məhkəməsinin hakimi Pərviz Məmmədovun köməkçisinə 051 *** ** ** nömrəli telefona və Bakı Apellyasiya Məhkəməsinin 012 *** ** ** qaynar xəttinə zəng etmiş və apellyasiya şikayətinin kimə həvalə olunmasını soruşmuş, cavab ala bilməmişdir. Göründüyü kimi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı, 29 may 2024-cü il tarixli qərəzli, əsassız, qanunsuz qətnaməsi qəbul edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə Məcəllələri ilə müəyyən edilməyib, hakim Pərviz Məmmədov özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq qəbul etdiyi həmin qətnamədən müddətin son günündə xx.xx.2024-cü il tarixdə saat 23:05-də elektron kabinetə yüklənən əsaslı və qanuni 09 iyul 2024-cü il tarixli apellyasiya şikayəti gizlədilib, daxil olub-olmaması barədə heç bir məlumat bildirilmədən, Bakı Apellyasiya Məhkəməsi araşdırmadan, hüquqi qiymət vermədən qərəzli əsassız qanunsuz qətnamə qanuni qüvvəyə minmədən qəsdən icraya yönəldilib. İndi isə, 365 manatın 70%-i yəni, 255,50 manatı aliment tutulur, 23,10 manat gəlir vergisi və 3,30 manat DSMF-na sosial ayırmalar tutulduqdan sonra 365 - 255,50 - 23,10 - 3,30 = 83,10 manat qalır, bu da yol xərcinə çatır, ona maaşdan heç nə qalmır və yaşamaq hüququ pozulur. Bununla da maddi və prosessual konstitusion hüquq normaları kobudcasına pozulmuşdur. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar çıxarıb, e220759/2024-18-19 saylı bildiriş və məlumat tərtib edib, 32 gün gizlədib, iddiaçı tələb etdikdən sonra xx.xx.2024-cü il tarixdə verib. İddiaçı həmin xx.xx.2024-cü il tarixli qərəzli, əsassız və qanunsuz qərarın icrasının dayandırılması üçün aldığı gündən 10 gün ərzində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarları

4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

6. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

7. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

8. X11 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X11 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

10. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur.

11. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.

12. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

13. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı 29 may 2024-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

14. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər.

15. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

18. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

19. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir.

20. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

21. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Binəqədi rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar