Məhkəmə qərarları › İş №2-1(112)-132/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-132/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-132/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın və plan ölçünün verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 1 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli, 09 mart 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına Neft və Qazçıxarma İdarəsinin 28 aprel 2000-ci il tarixli, 01- 7/513 nömrəli məktubunu nəzərə alaraq Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində “Qum” adası adına neft və qazçıxarma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 hektar torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) 03 iyun 2005-ci il tarixdən “Qum adası” bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş və ona bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 15 yanvar 2021-ci il tarixli, **********03 nömrəli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Qum adası" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli 09 mart 2001-ci il tarixli sərəncamı ilə Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyətinə ayrılmış 10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən ona ayrılmış 600 kvadrat metr sahəsi (Mədən küçəsi-8 ünvanında yerləşən 31 saylı bağ sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsində sadalanan sənədləri təqdim etmişdir. Həmçinin ona məxsus bağ sahəsi guya ayrıc aktından kənarda yerləşmir, nə də ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə düşmür. Həmin halı ekspertiza müəyyən etməlidir. Hesab edir ki, İdarə tərəfindən açıq şəkildə qanunvericiliyin tələbləri pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı müvafiq torpaq sahəsinin şimal-qərb hissəsindən 14,3 metr kənarda faktiki istifadə edilməyən neft quyusunun mövcud olduğu müəyyən edilmişdir. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-cü il tarixli sərəncamı əsasında "Qum adası" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş ərazilərdə yerləşir və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdır. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində ARDNŞ tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Bundan başqa, sənaye təyinatlı torpaq sahəsində hər hansı tikintinin mövcud olması sözügedən torpaq sahəsində yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı 03 iyun 2005-ci il tarixdən “Qum adası” bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. İddiaçı həmin bağçılığa dair sənədlərə istinad edərək Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli 09 mart 2001-ci il tarixli sərəncamı ilə Suraxanı rayonu, Zığ- Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyətinə ayrılmış 10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən ona ayrılmış 600 kvadrat metr olan 8-ci küçə 31 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi üzvlük kitabçasına, bağçılığın iclas protokolundan çıxarışa və bağçılıq tərəfindən verilmiş arayışa istinad edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. 2) Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Qum adası" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmə birinci halla bağlı qeyd edir ki, iddiaçı həmin sənədlərin notarial qaydada təsdiq edilmiş surətini təqdim etsə də, cavabdeh iddiaçının adının bağçılığın üzvlərinin siyahısında olmamasını göstərdiyindən təqdim edilən sənədlərin mötəbərliliyi şübhə altına alınmışdır. Bu halın araşdırılması üçün məhkəmə ARDNŞ-yə sorğu vermişdir. Məhkəməyə həmin bağçılığın üzvlərinin siyahısı təqdim edilmişdir. Təqdim edilən siyahıda 211-ci sırada iddiaçının adı qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin imtina əsası kimi istinad etdiyi bu hal aradan qalxmışdır. Məhkəməyə təqdim edilən bağçılığın üzvlərinin siyahısında iddiaçının adının qeyd edilməsi, iddiaçının təqdim etdiyi digər sənədlərin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) mötəbərliliyi ilə bağlı şübhələri aradan qaldırır. Cavabdehin ikinci imtinası əsası ilə bağlı məhkəmə qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolllegiyasının 2-1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (məhkəmə təcrübəsinin vahidliyi baxımından 3 ulduzla işarələnmiş qərar) qeyd edilmişdir ki, “...bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”. Məhkəmə cavabdehin imtinasında qeyd olunan halların yoxlanılması üçün cavabdeh idarədən bağçılığın arxiv qovluğunu, o cümlədən ayrıc aktını tələb etmiş və iş materiallarına əlavə edilmişdir. Eyni zamanda cavabdeh İdarənin mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Bundan başqa məhkəmə bu halın yoxlanılması üçün iş üzrə ekspertizanın keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi, “Qum adası” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bundan başqa iş üzrə üçüncü şəxs iddia tələbinə verdiyi etiraz ərizəsinə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin də işarələndiyi, “X2 Limited” Əməliyyat şirkətinin kontrakt sahəsi daxilində ARDNŞ-in daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planını əlavə etmişdir. Həmin plandan da iddiaçının iddia etdiyi torpaq sahəsinin Zığ-Hövsan blokunun ərazi hüdudlarında yerləşdiyi müəyyən edilir. Bundan başqa iddiaçının iddia ərizəsinə əlavə etdiyi, iddia tələbinin faktiki əsası kimi istinad etdiyi, bağların eskizindən çıxarışdan da müəyyən edilir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin yanında neft quyusu yerləşir. Cavabdeh də iddia tələbinə verdiyi etirazında bu əsası qeyd etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi onu göstərir ki, bağçılıq səlahiyyətili olmadığı yerdən (ərazidən) torpaq sahəsinin ayrılmasına dair iddiaçıya sənədlər vermişdir. “Qum adası” bağçılıq-yoldaşlıq ona üzvə olan işçilərə yalnız Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli, 09 mart 2001-ci il tarixli sərəncamı ilə bağçılığa ayrılmış 10 ha torpaq sahəsinin hüdudlarında torpaq ayırmağa səlahiyyətli ola bilərdi. Bundan başqa torpaq sahəsinin yanında (14 metr məsafədə) neft quyusunun yerləşməsi təhlükə potensiallı ərazi baxımından da iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə ki, bu hal araşdırılarkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin normanın tələblərinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar