Məhkəmə qərarları › İş №2-1(112)-1320/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1320/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1320/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizənin aidiyyəti üzrə göndərildiyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) 3-17-1/2-Q-294727/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 23 il 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12 il 2 ay 2 gün sığorta stajına uyğun olaraq 11273,42 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 10 il 10 ay sığorta stajına uyğun olaraq 2569,72 manat olmaqla, ümumilikdə 13843,14 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək Zəngilan şəhər 8 NQ-li uşaq bağçasında və xx.xx.1982-ci il tarixindən 01.0112006-cı il tarixinədək Zəngilan rayon X1 əmək fəaliyyəti dövrlərini araşdırılması zərurəti yaranmışdır. Zəngilan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixinədək olan sənədlər işğal bölgəsində qaldığından həmin tarixədək əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmaymışdır. Bu səbəbdən xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 63 yaşı tamam olduqdan sonra 2023-cü ilin oktyabr ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina əsası kimi sığorta stajının 23 il 2 gün təşkil etməsini və əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə Zəngilan rayon 8 №-li uşaq bağçasında işlədiyi müddətdə əmək haqqı alıb-almamasının müəyyənləşdirməsinin mümkün olmaması ilə əsaslandıraraq, qeyd olunan 13 il 9 ay əmək fəaliyyət müddətini sığorta stajına daxil etməmişdir. Cavabdeh inzibati orqanın qeyd olunan əsasla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi tamamilə əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin olunmaması xahiş etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 23 il 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12 il 2 ay 2 gün sığorta stajına uyğun olaraq 11273,42 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il 10 ay sığorta stajına uyğun olaraq 2569,72 manat olmaqla, ümumilikdə 13843,14 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Zəngilan şəhər 8 №-li uşaq bağçasında və xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zəngilan rayon X1 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Zəngilan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixədək olan sənədlər işğal bölgəsində qaldığından həmin tarixədək iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il 10 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində 2569,72 manat pensiya kapitalı olmuş, xx.xx.2006-cı il tarixədək olan stajın sığorta kapitalına çevrilməsi isə ümumilikdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdır. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhər Respublika pioner işçiləri hazırlayan məktəbi bitirmiş və pedaqoji təhsilli olmaqla RXMŞnın dərkənarına əsasən Zəngilan şəhər 8 nömrəli uşaq bağçası və körpələr evinə musiqi müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1982-ci il tarixdə Zəngilan rayon Pioner evinə dərnək rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli, 255734 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında nikah bağlanmış, nikahdan sonra ərə “Quliyev”, arvada isə “Quliyeva” soyadı verilmişdir. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Cahangirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 189 nömrəli arayışından görünür ki, İddiaçı Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 27/7 saylı qərarına əsasən xx.xx.2017-ci il tarixdən orta aylıq əmək haqqı dayandırılmısdır. xx.xx.2017-ci il tarixdən öz ərizəsinə əsasən Cahangirbəyli kənd 4 saylı uşaq baxçasında tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, iddiaçıya Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Cahangirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yanvar 2006-cı ildən dekabr 2016-cı il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Zəngilan rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X3 təhsil idarəsinin Zəngilan Rayon üzrə təhsil sektorunun sənədləri arxivə təhvil verilmədiyi üçün vətəndaş Quliyeva (Əsədova) Sabirə Əziz qızının 1993-cii ildən xx.xx.2006-cı il tarixinədək Zəngilan Rayon X1 işləməsini təsdiq edə bilməmişlər. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 25 il 11 ay 7 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçı xx.xx.2006-cı ildən sonra 2017-ci ilədək “Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Cahangirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləmiş, onun xx.xx.2006-cı ildən sonra cəmi məcburi dövlət sosial sığorta haqları ödənilən 10 il 10 ay sığorta stajı olmuşdur. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə 36 ildən artıq sığorta stajı olmuş, bununla da iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir. Lakin işdən görünür ki, cavabdeh İddiaçı 1993-cü ilin oktyabr ayınadək olan əmək fəaliyyəti öz təsdiqini tapmadığından (arxiv sənədləri işğal bölgəsində qalması səbəbindən) sosial sığorta stajına daxil edilməmiş, buna görə də tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Halbuki işdə olan X3 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-33/2-1152/2024 nömrəli məktubundan görünür ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayında işğal olunduğu üçün Zəngilan rayon X5 Mərkəzinə aid bütün sənədlər Bakı şəhərinə gətirilməmişdir. Belə ki, Quliyeva (Əsədova) Sabirə Əziz qızının nə zaman işə qəbul olunduğu məlum deyil. Quliyeva (Əsədova) Sabirə Əziz qızı xx.xx.1985-ci ildə məktəbdənkənar təhsil müəssisəsinin direktorunun əmri ilə bir yaşına çatmamış övladına qulluq etmək üçün məzuniyyətə buraxılmışdır. Quliyeva (Əsədova) Sabirə Əziz qızı 1993cü ilin oktyabr ayından 2006-cı ilin oktyabr ayınadək dərnək rəhbəri kimi əmək haqqı almışdır. xx.xx.2006-cı ildə Zəngilan rayon X5 Mərkəzi rəhbərinin əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, əmək kitabçasından əlavə, iddiaçının 1993-cü ilin oktyabr ayınadək olan əmək fəaliyyətini təsdiq edən sənəd olmasa da, xx.xx.1985-ci ildə onun işləməsi və bir yaşına çatmamış övladına qulluq etmək üçün məzuniyyətə buraxılması iş materialları ilə öz təsdiqini tapır. Bu hal nəzərə alınmaqla iddiaçının iş stajı 1982-ci ildən deyil, 1993-cü ildən hesablansa belə, onun 63 yaşının tamam olduğu tarixə 25 ildən artıq stajının olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının müəllim və dərnək rəhbəri vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, iddiaçı əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1982- 1993-cü illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, əksinə iddaçının 1985-ci ildə həmin müəssisə işləməsi öz təsdiqini tapdığından onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2023-cü il tarixə 63 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq ümumi sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cu il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Deməli, onun hazırkı iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar