Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13203/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "ekspertizanın təyin edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 837 və 837a nömrəli bağların fiziki sərhədləri müəyyən olunmaqla arxiv sənədlərinin və iddiaçının adına olan 838a nömrəli bağın, 0,12 ha olan torpaq sahəsinin əhatəsində olmaqla fiziki sərhədlərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının təyin olunması və cavabdehdən sorğu vasitəsi ilə tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı birliyinin nümayəndələrinin iştirakı ilə ilkin sahəsi 0,24 ha olan 838 № li bağın ərzasinin 0,12 ha torpaq sahəsi sxematik xəritədə göstərilən ümumi yol tərəfdən Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı Birliyi tərəfindən Goradil Bağlar sahəsində xx.xx.1989-cu il tarixli 4/151 № li qərarına əsasən Goradil Bağlar sahəsində 75 № li ВТК nəzdində 30 iyun 1989-cu ildə 838 № li bağ olaraq 3 № li order əsasında mərhum X3 verilmişdir. 0,24 ha olan 838 № li bağın qalan 0.24 ha torpaq sahəsini də 838 № li bağın törəməsi olaraq yenə sxematik xəritədəki ümumi yola giriş və çıxış üçün ayrılan ərazidə 0,12 ha torpaq sahəsinin əhatəsində olmaqla Goradil Bağlar sahəsində xx.xx.1989-cu il tarixli 4/151 № li qərarına əsasən Goradil Bağlar sahəsində 75 № li ВТК nəzdində xx.xx.1989-cu ildə 838 A № li Bağ olaraq 4 № li order əsasında iddiaçıya verilmişdir. 837 və 837 A №-li bağlara dair əldə etdiyi məlumatlara əsasən 837 № li bağın ilkin sahibi X6 837 saylı bağın 0.24 ha torpaq sahəsinin 0.12 ha özünə götürmüş, 0.12 ha torpaq sahəsini də həmin bağın törəməsi olan 837 A saylı bağ olaraq X9 vermişdir. 837 saylı bağın sahibi X6 həmin 837 saylı bağını X1, 837 A saylı bağın sahibi X10 həmin 837 A saylı bağını mərhum X8 satmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edərək, iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçının ilk tələbi 837 və 837a nömrəli bağların fiziki sərhədləri müəyyən olunmaqla arxiv sənədlərinin cavabdehdən alınmasıdır, hansı ki, iddiaçının bu tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Belə ki, İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Bundan əlavə, iddiaçı ayrıca tələb qismində məhkəmə ekspertizasının təyin olunması xahiş edir, hansı ki, bu tələb müstəqil iddia tələbi kimi çıxış edə bilməz. Çünki prosessual qanunvericiliyə əsasən ekspert rəyi sübut növü olmaqla, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində əldə olunur. Məhkəmə onu da qeyd edir ki, işdən görünür ki, iddiaçının hazırkı hüquqi marağı Goradil bağlar sahəsində yerləşən 1200 kv.metr sahəsi olan 838A nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır, hansı ki, iddiaçı müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-632/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə bu zaman ona istinad etmişdir ki, “İddiaçının mülkiyyəti kimi qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin 220 kv.metr hissəsi yoldur - ümumi istifadədə olan torpaq sahəsidir, qanunvericiliyin tələbinə əsasən isə ümumi istifadədə olan torpaq sahəsinin - yolun hər hansı bir şəxsin adına özəlləşdirilməsi nəzərdə tutulmamışdır.” İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı tələbi iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13203/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13203/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver