Məhkəmə qərarları › İş №2-1(112)-13209/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13209/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13209/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası X1rşı "vəzifələrin yerinə yetirilməsi və mənəvi zərərin ödənilməsi" tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin üzərinə öz vəzifələrinin yerinə yetirilməsi vəzifəsinin qoyulması və ona dəymiş 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə “Vətəndaşların müraciətləri haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və qida təhlükəsizliyi sahəsində qəbul edilmiş texniki normativ hüquqi aktların tələblərinə əsasən aparılır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.7-ci maddəsində qeyd edilir, bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:

1. əvvəlki müraciətlərin doğruluğu;

2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 3.daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi;

4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır. Həmin Qanunun 33.2.2-ci maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.9-cu yarımbəndinə əsasən, qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin səlahiyyətləri sırasındadır. Beləliklə, Bakı şəhəri, Xudu Məmmədov ev 21 yaşayan vətəndaş Səyyarə Heydərova tərəfindən qanunsuz heyvan kəsimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müxtəlif tarixlərdə müarciətlər daxil olmuşdur. Sözügedən müraciətlərə dair Agentliyin Bakı regional bölməsi tərəfindən müvafiq aradırmalar aparılmış, müraciətlədə qeyd olunan sahibkarlıq subyektlərində qida təhlükəsizliyi tələblərinə dair yoxlamalar aparılmış və qanunvericiliyin tələblərindən irəli gələn tədbirlər görülmüş və bu barədə müraciətçiyə məlumat verilmişdir. Səyyarə Heydərova tərəfindən Agentliyə ünvanlanmış 2023-cü il 29 avqust tarixli müraciətə əsasən aparılmış sonuncu yoxlama zamanı Agentliyin ünvan 1 ünvanında fəaliyyət göstərən ət satışı mağazasında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamın 1.3. və 4-cü və Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin tələblərindən irəli gələrək, insanların heyvan xəstəliklərinə yoluxmalarının, baytarlıqsanitariya və sanitariya- gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədi ilə qeyd olunan ünvanda Agentliyin Bakı Regional X7 Nazirliyinin və Xətai rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə reyd keçirilmişdir. Keçirilən reyd zamanı mağaza sahibinə ciddi xəbərdarlıq edilərək, sahibkara inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda obyekt rəhbərliyinə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət olunması ilə bağlı icrası məcburi göstərişlər verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Bununla bağlı müraciət müəllifinə 2023-cü il 21 sentyabr tarixli 3- 44-4/2-1-H-1174/2023 nömrəli cavab məktubu göndərilmişdir. Nəticədə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən müraciətlərdə qeyd edilən sahibkarlıq subyektləri barədə qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək müvafiq yoxlamalar aparılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər görülmüş və cərimələr tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə qarşı mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə tələblərinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddiasında iddiaçının tələbi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 21 və 13 saylı binaların yaxınlığında fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyətdə qanunsuz heyvan kəsiminin həyata keçirildiyi, bununla əlaqədar etdiyi müraciətlər üzrə cavabdeh orqan tərəfindən lazımı tədbirlərin görülməməsi və nəticədə ona mənəvi zərərin vurulması barədədir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur” Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı işdə iddia tələbinə əsasən iddiaçıya mənəvi zərərin dəyməsi hüquq pozuntusundan, yəni cavabdeh orqanın publik hüquqdan irəli gələn vəzifələrini yerinə yetirməməsi, bilavasitə hərəkətsizlik göstərməsindən irəli gəmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.1.1. Sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. -14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. -16.1.Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: -16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; -16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. -16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. -16.8. Bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış media subyektinə göndərilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı ət satışı məntəqələrində antisanitar vəziyyətdə ət kəsiminin həyata keçirilməsi ilə bağlı cavabdeh orqana müraciətlər etmiş, həmin müraciətlər cavabdeh orqan tərəfindən qeydə alınmış, müraciətlər üzrə sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilmiş, yoxlamaların nəticəsində sahibkara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət olunması ilə bağlı icrası məcburi göstərişlər verilmiş, məhdudlaşdırıcı tədbirlər görülmüş və cərimələr tətbiq edilmişdir. İddiaçının etdiyi müarciətlər üzrə aparılmış plandakənar yoxlamaların nəticələri barədə iddiaçıya müvafiq cavab məktubları göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iş üzrə iddiaçının müraciəti əsasında cavabdeh orqan tərəfindən qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti plandankənar yoxlama ilə realizə olunmuşdur. İddiaçının bu nəzarət çərçivəsindəki hüququ ictimai nəzarətin bir forması kimi yalnız səlahiyyətli inzibati orqana müraciət etmək və həmin müraciətə bağlı cavab almaqla məhdudlaşır. İddiaçının müraciətlə əlaqədar aparılmış yoxlama nəticəsində inzibati orqanın sahibkarlıq subyekti barəsində tətbiq edəcəyi tədbirlərdən hansının görülməsini və ya görülməməsini inzibati orqandan tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. İddiaçının müraciət etməsi və müraciət üzə araşdırma aparılmasına dair cavab alması hüququ iddiaçının hüquqi vəziyyətində dəyişiklik edilməsinə xidmət edən maddi hüquq hesab olunmur. Başqa sözlə, iddiaçının “maddi hüquq” anlamında hüquq və azadlıqlarının pozulmadığı sürəcə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hər hansı zərərin ödənilməsini tələb etmək hüququ da yaranmır. Qeyd edilənlər baxımından dəyərləndirmə apardıqda müəyyən olunur ki, iddiaçının etdiyi müraciətlər yuxarıda sadalanan “Vətəndaşların müraciətləri haqqında” Qanun, “İnzibati icraat” haqqında Qanun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən qeydə alınmış və həmin müraciətlərlə bağlı cavabdehin hərəkətsizlik nümayiş etdirməsi müəyyən olunmamışdır. Belə olan halda iddiaçının iddia etdiyi mənəvi zərərin ödənilməsinə əsas verən nə pozulmuş maddi hüquq, nə də maddi hüququn pozulmasına əsas verən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığından hüquq məsuliyyətin mövcudluğundan və bunun nəticəsi olaraq isə zərərin ödənilməsinin tələb edilməsindən bəhs edilə bilməz. Beləliklə, hazırkı halda cavabdehin qərar, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası X1rşı "vəzifələrin yerinə yetirilməsi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar