Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1321/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Qələndər oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı (üçüncü şəxs Oğuz rayonu Baş Daşağıl Bələdiyyəsi) «enerji təchizatı şəbəkəsinə qoşulma» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Oğuz rayonu Baş Daşağıl bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin X3 qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 Qələndər oğlu izahatında bildirdi ki, iddiaçı mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin X3 qoşulması üçün 19.06.2020-ci il tarixində ASAN Kommunal xidməti vasitəsi ilə “xxxx” ASC-yə müraciət etmiş, müraciəti qeydiyyata alınaraq bu barədə ona bildiriş verilmişdir. Həmin bildirişdə məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4 kV-luq şəbəkədən 1 fazalı 5 kVt gücündə) 24 gün müddətində qoşulması məbləğinə uyğun olaraq 160 manat, yük hesabatının hazırlanması üçün 7,50 manat, ümumilikdə 167,50 manat rüsum hesablanmışdır. Daha sonra “xxxx” ASC tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. 28.06.2020-ci il tarixində “xxxx” ASC tərəfindən iddiaçıya AXM20/0954 saylı cavab məktubu ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 saylı qərarının 1.2.6-cı bəndinə istinad olunaraq həmin ərazidə “xxxx” ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması əsas gətirilərək elektrik enerjisi təchizatının mümkünsüzlüyü bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinin tələbləri vurğulanmışdır. Eyni zamanda şifahi şəkildə iddiaçının yaşayış evinin 0.4 kV-luq 235 saylı transformatordan 750 metr, sonuncu işıq dirəyindən isə 500 metr məsafədə yerləşməsi göstərilmişdir. Cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 saylı qərarının 1.3-cü və 27.08.2013-cü il tarixli 234 saylı qərarının 1.6-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin bəndlərdə hər bir sifarişçinin X3 (ETŞ-yə) qoşulma hüququnun olması göstərilmişdir. “xxxx” ASC-nin istinad etdiyi 326 saylı qərarın 1.2.6-cı maddəsində qeyd edilən 400 metr məsafə mövcud 0.4 kV-luq şəbəkənin olduğu yerdir, qoşulma nöqtəsi deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 326 saylı qərarının 1.2.12 və 3.2-ci, 234 nömrəli qərarının 2.26.1 və 2.27.3-cü maddələrində qoşulma nöqtəsi kimi yarımstansiya, transformator, paylayıcı lövhə və elektrik xəttləri göstərilmişdir. Buna görə də yalnız transformator yaşayış evinə qoşulma nöqtəsi kimi qəbul edilə bilməz. İddiaçının yaşayış evinə ən yaxın məsafədə (500 metr) elektrik xətti, ən uzaq məsafədə isə (750 metr) transformator yerləşir. Buna görə də qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul ediməlidir. Texniki şərtlərin tələbləri ilə razılaşmadıqda Nazirlər Kabinetinin 326 saylı qərarının 1.6-cı maddəsinə əsasən məsələyə məhkəmə qaydasında baxılması qeyd edilmişdir. İddiaçının yaşadığı ərazidə 60-a yaxın yaşayış evi elektrik enerjisi təchizatı ilə təmin edilməmişdir. Bununla bağlı dəfərlərlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi ərazi Oğuz rayonu Baş Daşağıl kəndinin yeni yaşayış massivi olan hissəsidir. Həmin ünvanın elektrik enerjisi ilə təchiz edilməsi həmin ərazidə “xxxx” ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “xxxx” ASC X5 Təchizatı və Satışı İdarəsi tərəfindən ünvan 2 ünvanlanmış 01-01/113/230 nömrəli 29.06.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin “xxxx” ASC-yə ünvanlanmış 09.06.2020-ci il tarixli Kol-255 saylı müraciətiniz aidiyyəti üzrə Şimal-Qərb RETSİ-nə göndərilmiş və mütəxəssislərimiz tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, Sizin müraciətdə qeyd etdiyiniz ərazi Oğuz rayonu Baş Daşağıl kəndinin yeni yaşayış massivi olan hissəsidir. Buna görə də “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu və bu Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30.08.1999-cu il tarixli 187 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000ci il tarixli 158 nömrəli qərarı ilə yeni salınmış yaşayış massivlərinin kommunikasiya xətləri, o cümlədən elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün 10-0.4 kV-luq şəbəkənin quraşdırılması yerli bələdiyyə və icra strukturları tərəfindən həyata keçirilməlidir. Lakin bu istiqamətdə yerli bələdiyyə və icra strukturları tərəfindən heç bir iş görülməmişdir. “xxxx” ASC tərəfindən regionlarda aparılan yenidənqurma işləri çərçivəsində Oğuz rayonunda aparılan yenidənqurma işləri zamanı 35/10 kV-luq “Oğuz” Y/st-dan çıxan Baş Daşağıl hava xətti 2018-ci ildə layihə əsasında yenidən qurulmuşdur. Eyni zamanda aparılan yenidənqurma işləri çərçivəsində Oğuz rayonunun bütün yaşayış məntəqələrinin, o cümlədən müraciətdə qeyd olunan ərazinin elektrik təsərrüfatı mərhələləli şəkildə yenidən qurulacaqdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış AXM-20/0954 saylı 28.06.2020-ci il tarixli məktubda qeyd olunur: Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən İddiaçı məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə “xxxx” ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 saylı qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0.4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6 bəndinə əsasən). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya təminatı sisteminin və infrastrukturun yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitlərinin yaradılmasını təmin etmək üçün mühəndis-kommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə yuxarıda göstərilən Qaydaların 1.3 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq orta gərginlik şəbəkəsindən enerji təchizatı şəbəkəsinə qoşulmanı təmin etmək üçün 10 iş günü müddətində texniki şərtlə veriləcəkdir. Verilən texniki şərtləri Asan Kommunal Mərkəzlərindən götürə bilərsiniz. İş materiallarında olan Oğuz rayonu Baş Daşağıl bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.03.2021-ci il tarixli, 25 saylı məktubun surətindən görünür ki, İddiaçı evi kəndin evlərindən kənarda yerləşir. Həmin yerdə bur çox evlər mövcuddur. Bələdiyyənin həmin 16 ha həyətyanı məqsədlə ayrılmış yerə işıq çəkmək imkanı yoxdur. İddiaçı tərəfindən də bələdiyyəyə rəsmi müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayonu, Baş Daşağıl kəndi 0.12 hektar torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestində 15.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir; 1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir; 3.1-ci bəndinə əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir; 3.2-ci bəndinə əsasən qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır; 3.7-ci bəndinə əsasən tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Oğuz rayonu, Baş Daşağıl kəndi 0.12 hektar torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestində 15.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Oğuz rayonu Baş Daşağıl kəndində ona məxsus torpaq sahəsində tikinti obyektinin X3 qoşulması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsinin həmin ərazidə “xxxx” ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün olmamasını bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın tələblərindən də göründüyü kimi, mövcud 0,4 kV-luq şəbəkə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tikilinin yerləşdiyi ərazidə “xxxx” ASC-yə məxsus 0.4 kV-luq şəbəkə mövcud deyildir. Belə olan halda iddiaçıya məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi qeyd olunan normaların tələblərinə əsasən mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1321/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1321/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver