Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1321/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin ləğv edilməsinə dair verilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23.02.2021-ci il tarixdə iddiasını dəyişdirərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini cavabdeh kimi göstərmiş, iddia tələbini isə “onun əlillik dərəcəsinin ləğv edilməsinə dair verilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-454/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-454/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Oğuz (keçmiş Vartaşen) şəhərində anadan olmuşdur. Onun əvvəllər əlillik dərəcəsinin ləğv edilməsinə dair verilmiş qərarın əsasları və səbəblərinin bildirilməsi barədə etdiyi müraciətlərinə Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi tərəfindən 3 (üç) dəfə eyni məzmunlu ümumi cavablar verilmişdir. 05 fevral 2020-ci il tarixli **********6 nömrəli cavab məktubunda, 24 fevral 2020-ci il tarixli **********8 nömrəli cavab məktubunda və 18 mart 2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verildiyi və bu barədə protokol tərtib edildiyi qeyd edilmişdir. 05 fevral 2020-ci il tarixli **********6 nömrəli cavab məktubunda cavabdeh iddiaçının İİİ qrup kimi pensiya aldığını, 24 fevral 2020-ci il tarixli **********8 nömrəli cavab məktubunda və 18 mart 2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda isə onun İİ qrup kimi pensiya aldığını qeyd etmişdir. Hər üç məktubda əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verildiyi və bu barədə protokol tərtib edildiyi qeyd edilmişdir. Müraciət etməyinə baxmayaraq onun əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarın hansı əsasla verildiyinə aydınlıq gətirilməmişdir. Bundan başqa iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar və bu barədə tərtib olunmuş protokol ona təqdim olunmamışdır. Bundan sonra iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarın və bu barədə tərtib olunmuş protokolun ona göndərilməsini cavabdehdən xahiş etsə də bu günə qədər həmin qərar və protokolun müvafiq qaydada təsdiq olunmuş surəti göndərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7704/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərardadı ilə Oğuz Rayon Mərkəzi Xəstəxanası iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 17.12.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsində əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil 18.03.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehin əlilliyin etibarsız hesab etməsinin qanunsuz hesab edilməsi, 16.05.2017-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi 03.02.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının 16.05.2017-ci il tarixli 0307003AACT3 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50-K52 - Qeyri-infeksion enterit və kolit => K52 - Digər qeyri-infeksion qastroenteritlər və kolitlər => K52.9 - Dəqiqləşdirilməmiş qeyri-infeksion qastroe...; Diaqnozun mətni: Qeyri-spesifik kolit, Tez-tez kəskinləşən və qanaxma ilə fəsadlaşan qeyri-spesifik xoralı kolit; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmış, müayinə olunması məqsədi ilə dəvət edilmişdir. Müayinə olunanlardan 23 (iyirmi üç) nəfərin tibbi ekspertiza sənədləri və sağlamlıq vəziyyətlərinin əlilliyə uyğun olmadığına görə əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verilmişdir. 03.02.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmçinin sözügedən Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa yuxarıdan göründüyü kimi iddiaçı barəsində qərar 2020-ci ilin fevralında verilmişdir. Müraciət isə 2021-ci ildə olmuşdur. Belə ki, İPM-in 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxsə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Oğuz rayonu, Muxas kəndində qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının 16.05.2017-ci il tarixli 0307003AACT3 saylı göndərişi əsasında qiymətləndirilmiş və ona 16.05.2017-ci il tarixdə “Səbəbi: Ümumi xəstəlik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50-K52 - Qeyri-infeksion enterit və kolit => K52 - Digər qeyri-infeksion qastroenteritlər və kolitlər => K52.9 - Dəqiqləşdirilməmiş qeyriinfeksion qastroe...; Diaqnozun mətni: Qeyri-spesifik kolit, Tez-tez kəskinləşən və qanaxma ilə fəsadlaşan qeyri-spesifik xoralı kolit; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinin iddiaçıya ünvanladığı 05.02.2020, 24.02.2020, 18.03.2020-ci il tarixli eyni məzmunlu məktublarında bildirilmişdir ki, 10 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və 18 №-li Tibbi Sosial Ekspert Komissiyasının üzvlərinin iştirakı ilə Oğuz rayonu üzrə əlillik dərəcəsi alan 77 nəfərin müayinəsi keçirilmişdir. Müayinə olunanlardan 23 (iyirmi üç) nəfərin tibbi eksperitiza sənədləri və sağlamlıq vəziyyətlərinin əlilliyə uyğun olmadığına görə əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verilmişdir və bu barədə protokol tərtib edilmişdir. Əlillik dərəcələrinin ləğv edilməsi barədə qərar verilən 23 (iyirmi üç) nəfərin adlı siyahısında sizin də adınız olduğu üçün İİ qrup kimi aldığınız pensiyanın ödənişi 01.01.2020-ci il tarixdən aydınlaşma ilə dayandırılmışdır. Odur ki, sizin əlilliyinizin yenidən müayinə ediiməsi üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasıya Xidmətinə müraciət etməyiniz tövsiyə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı 22.12.2020-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, əlillik vəziyyətiniz Oğuz Rayon Mərkəzi Xəstəxanasının 0307003AACT3 nömrəli göndəriş əsasında 16.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Aparılan əsassız əlillik təyinatlarının araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, sizə dair rəsmiləşdirilmiş 0307003AACT3 nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab olunmuşdur. Qeydiyatda olduğunuz səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağınız və sizə göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21.02.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının 0307003AACT3 nömrəli göndərişi əsasında 16.05.2017-ci il tarixdə (Diaqnoz: Tez-tez kəskinləşən və qanaxma ilə fəsadlaşan qeyri-spesifik xoralı kolit) elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad, Ağdaş, Qusar, Oğuz, Ucar, Ağstafa rayon şöbələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının auditi zamanı audit qrupunun və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yerli Tibbi-Sosial Ekspert Komissiyalarının əməkdaşlarının iştirakı ilə bir sıra şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəsi həyata keçirilmişdir. Belə ki, İddiaçı 10.12.2019-cu ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmamışdır. Bundan irəli gələrək, İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0307003AACT3 nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının auditinin nəticələri haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 noyabr 2019-cu il tarixli, **********5 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Oğuz rayon şöbəsinin 01 aprel 2017-ci il tarixdən 01 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının auditi zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. 23 nəfərin hazırkı sağlamlıq vəziyyətlərinin müvafiq əlilliklərinə uyğun olmadığından həmin əlillik dərəcələrinin ləğv edilməsi, pensiya və ya müavinət təyinatı aparılmış 31 nəfərin Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində təkrar müayinə olunması barədə müvafiq protokollar tərtib edilmişdir. Yekunda əlilliyə görə pensiya təyinatı aparılmış 31 vətəndaşın əlilliyinin müəyyən edilməsinin qanunauyğunluğunun araşdırılması məqsədi ilə əlilliyin yenidən qiymətləndirilməsi üçün həmin şəxslərin əyani müayinədən keçirilməsi, 23 nəfərin hazırkı sağlamlıq vəziyyətlərinin müvafiq əlilliklərinə uyğun olmadığından əlillik dərəcələrinin ləğv edilməsi ilə bağlı Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin olunması və nəticəsi barədə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə, əlillik dərəcəsi ləğv ediləcək şəxslərə verilən pensiya və ya müavinət ödənişinin dayandırılması üçün isə Fonda məlumat verilməsi qərara alınmışdır. - 10.12.2019-cu il tarixli protokolun surətindən görünür ki, imza edənlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin aparıcı məsləhətçisi X6, 18 №li Tibbi Sosial Ekspert Komissiyasının üzvü, həkim ekspert terapevti X3 iştirakı ilə bu protokolu tərtib edirlər ondan ötrü ki, həqiqətən Oğuz rayonu üzrə əlillik dərəcəsi alan 77 nəfər tərəflərindən müayinə olunması məqsədi ilə dəvət edilmişdirlər. Müayinə olunanlardan 23 (iyirmi üç) nəfərin tibbi ekspertiza sənədləri və sağlamlıq vəziyyətlərinin əlilliyə uyğun olmadığına görə əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verilmişdir. Həmin protokolun yekununda əlillik dərəcələrinin ləğv edilməsi barədə qərar verilən 23 (iyirmi üç) nəfərin adlı siyahısında 23-cü şəxs FİN xxxxxxx İddiaçı, təyinatın tarixi 16.05.2017, əlillik müddəti 16.05.2022 qeyd edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının 0307003AACT3 nömrəli göndərişi əsasında 16.05.2017-ci il tarixdə (Diaqnoz: Tez-tez kəskinləşən və qanaxma ilə fəsadlaşan qeyri-spesifik xoralı kolit) elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun auditi zamanı bir sıra şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəsi nəticəsində İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0307003AACT3 nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı 03.02.2020-ci il tarixdən “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin əllillik dərəcəsinin etibarsız hesab olunduğu tarixdən bərpa olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh iddiaya etirazında iddiaçının mübahisələndirdiyi qərarın 2020-ci ilin fevral ayında qəbul edilməsinə baxmayaraq, iddiaçının məhkəməyə 2021-ci ildə müraciət etdiyi, bununla da İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürdüyünü və bu əsasdan iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, işin yuxarıda sadalanan hallarından da müəyyən olunduğu kimi cavabdeh iddiaçı barəsində 16.05.2017ci il tarixdə əlillik dərəcəsinin təyini barədə əlverişli inzibati akt qəbul etmiş, sonradan təyin etdiyi əlillik dərəcəsini əlillik alt sistemində etibarsız hesab etmişdir. Bununla bağlı cavabdeh hər hansı inzibati akt qəbul etməmiş və belə bir aktı (qərarı) iddiaçıya təqdim etməmişdir. Hazırkı halda iddiaçı cavabdehin əlillik alt sistemində etibarsız hesab etdiyi əlillik dərəcəsinin bərpasını tələb edir ki, bu cür faktiki hərəkətlər isə öz hüquqi təbiətinə görə mübahisələndirmə haqqında iddia növünə deyil, öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERASa daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normaların işin hallarına tətbiqi ilə müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əlillik dərəcəsini əlillik altsistemində etibarsız hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad, Ağdaş, Qusar, Oğuz, Ucar, Ağstafa rayon şöbələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının auditi zamanı audit qrupunun və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yerli Tibbi-Sosial Ekspert Komissiyalarının əməkdaşlarının iştirakı ilə bir sıra şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəsi həyata keçirilmişdir. Cavabdehin qeyd etdiyinə görə İddiaçı 10.12.2019-cu ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmamışdır. Bundan irəli gələrək, İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0307003AACT3 nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin prosessual qaydası baxımından qiymətləndirərək də bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi, lakin sağlamlıq vəziyyətinin müvafiq əlilliyinə uyğun olmadığına şübhəsi olduğu halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan istər həmin dövrdə qüvvədə olmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 5.3.2-ci bəndinin, istərsə də hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olubolmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Cavabdeh inzibati orqan İddiaçı 10.12.2019-cu ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə cəlb edildiyini qeyd etsə də lakin iş materiallarından onun əyani müayinəyə cəlb edildiyi müəyyən olunmur. Belə ki, təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən əlillik təyinatının etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə inzibati icraat normalarının aşağıdakı tələblərinə də uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyəyn olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, hüquqi əsas olmadan, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. İş materiallarından da görünür ki, iddiaçı onun barəsində təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarın ona təqdim edilməsi ilə bağlı müraciətlər etmiş, lakin qeyd edilən qərar iddiaçıya təqdim edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş icraat materialları sırasında iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı inzibati akt təqdim edilməmişdir. Məhkəməyə yalnız əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar verilən 23 nəfərin adlı siyahısının olduğu 10.12.2019-cu il tarixli “protokol” adlı sənəd təqdim edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi adıçəkilən protokol inzibati icraat haqqında qanunvericiliyin, eləcə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın qeyd edilən inzibati orqanın tərtib etdiyi inzibati aktın forması, məzmunu, əsaslandırması, rekvizitləri tələblərinə cavab vermir. Protokolda inzibati icraatın hansı qaydada aparıldığı, əyani müayinədə iştirak edənlər, təqdim edilən sənədlər, inzibati icraatda dinlənilmə hüququnun təmini, TSEK-in üzvləri, yetərsay tərkibi (azı 3 nəfərdən ibarət olmaqla), səsvermə nəticəsində qəbul olunan qərar, qərarın əsaslandırılması və s. hallar öz əksini tapmamışdır. Belə olan halda təqdim edilən “Protokol” inzibati orqanın apardığı inzibati icraatın hüquqi nəticəsi, iddiaçı barəsində əliverişli inzibati aktı ləğv edən inzibati akt qismində qiymətləndirilə bilməz İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilməli, İddiaçı 16.05.2017-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi 03.02.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Gülçöhrə Kamal qızına təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı 16.05.2017-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi 03.02.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1321/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1321/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver