Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1321/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “qeydiyyat şəhadətnaməsində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Baş X2 İdarəsinə qarşı “qeydiyyat şəhadətnaməsində yol verilən yalnışlığın aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “** JR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin maksimal kütləsinin 7500 kq-a düzəliş edilməklə qeydiyyat şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qabul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ İddiaçınə məxsus olan 99JR977 dövlət qeydiyyat nişanlı İSUZU markalı yük avtomobilinin maksimal kütləsi 7500 (yeddi min beş yüz) kq olduğu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimal kütlə 8500 (səkkiz min beş yüz) kq kimi qeyd olunmuşdur. Şəhadətnamədə yol verilən texniki yanlışlıq nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi xx.xx.2022-ci il tarixdən etibarən, xüsusi təyinatlı, həmçinin, qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, maksimal kütləsi 8 tondan artıq olan yük avtomobillərinin gündüz saatlarında Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan olunması, əsassız olaraq, yük avtomobilimizə şamil olunur və nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin olunmasına məhdudiyyət yaradır. Halbuki, nəqliyyat vasitəsinin istehsalını həyata keçirən “İSUZU” Motors Limited zavodu tərəfindən rəsmi qaydada təqdim edilən texniki göstəriciləri əks etdirən bildirişdə yük avtomobilinin maksimal çəkisinin Komissiya tərəfindən müəyyən olunan normanı aşmadığı görünür. xx.xx.2024-cü il tarixdə məsələnin aidiyyəti üzrə araşdırılması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq düzəlişlərin edilməsi ilə bağlı texniki göstəriciləri əks etdirən bildirişlə birlikdə yazılı qaydada Baş X1 İdarəsinə müraciət ünvanlamış, yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş etmişik. Nəticə dəyişməmiş, İdarə yol vermiş olduğu nöqsanı aradan qaldırmamışdır. Baş X1 İdarəsinin iddiaçıya ünvanlamış olduğu məktubun (xx.xx.2024-cü il tarixdə almışıq) mətnindən müvafiq qurum tərəfindən müraciətinə son dərəcə etinasız yanaşıldığı, yanlışlığın aradan qaldırılması ilə bağlı həlledici tədbirlər görmək niyətinin olmadığı birmənalı şəkildə anlaşılır. Eyni məzmunlu müraciətlə satıcı şirkət də X1 İdarəsinə məktub ünvanlamış olsa da, müraciətə məhəl qoyulmamış, nəqliyyat vasitəsinin çəkisinin Komissiya tərəfindən müəyyən edilən həddi keçmədiyi nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və onun direktoru iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC 1 ədəd “İsuzu NMR85H” markalı Ban: JAANMR85HN7101608 avtomobili "xxxx" MMC-nin mülkiyyətinə verməyi, "xxxx" MMC isə avtomobili təhvil almağı və bu müqaviləyə uyğun olaraq malın dəyərini "xxxx" MMC-y ödəməyi öz öhdəsinə götürmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “İsuzu” NMR 85 HD yük markalı nəqliyyat vasitəsinin maksimal kütləsinin 8500 kq olduğu göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, göstərilən xüsusatlara aydınlıq gətirilmiş, araşdırmanın nəticəsindən iddiaçının razılığı nəzərə alınmışdır. İSUZU tərəfindən “Azermash Group” LLC-yə ünvanlanmış avtomobilin spesifikasiyasından görünür ki, “İsuzu” NMR 85 HD yük markalı nəqliyyat vasitəsinin maksimal kütləsi 7500 kq təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus “İsizu NMR 85 HD” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kütlə göstəriciləri (yüksüz kütlə 3500, yüklü kütlə 8500) istehsalçının Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəsi “İsuzu Motors” şirkəti tərəfindən verilmiş rəsmi sənəd əsasında qeydiyyata alınmışdır. Sənəd qismində İSUZU tərəfindən “Azermash Group” LLC-yə ünvanlanmış avtomobilin spesifikasiyası çıxış edir. Bu sənəddən nəqliyyat vasitəsinin maksimal kütləsi 8500 kq göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə satılmış **-JR-*** dövlət qeydiyyat nişanlı “İSUZU” markalı, NMR 85HD model, JAANMR85HN7101608 şassi nömrəli yük avtomobilinin maksimal kütləsi 7500 (yeddi min beş yüz) kq olduğu halda Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinə təqdim edilən sənədlərdə texniki yalnışlığa yol verilmiş və nəqliyyat vasitəsinin maksimal kütləsi 8500 (səkkiz min beş yüz) kq kimi qeyd olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin: İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 28-ci maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir: 1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”; 2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”; 3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”; 4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”; 5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”; 6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”; 7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”; 8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”. İİ. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. İİİ. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. Vİ. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın: 2.12. Qeydiyyata alınmış nəqliyyat vasitəsinin mülkiyyətçisinə aşağıdakılar təqdim edilir: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; - dövlət qeydiyyat nişanları; - texniki cəhətdən saz olan nəqliyyat vasitələrinə dövlət texniki baxşın keçirilməsi barədə talon. Nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi tərəfindən yuxarıda göstərilən sənədlərin və nişanların alınması barədə müvafiq reyestrdə imza edilir. Qeydiyyat hərəkətləri birbaşa üsul ilə həyata keçirildikdə, nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi bu sənədləri və nişanları alan zaman ərizədə imza edə bilər. Dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi onların rəqəm ardıcılığı qaydasında verilir. 2.13. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qeydiyyat hərəkətlərinin aparılması reyestrində (Təlimata 5 nömrəli əlavə müvafiq yazılar qeyd olunur. Qeydiyyat hərəkətlərinin növləri üzrə ayrıca reyestrlər aparılır. 4.1. Nəqliyyat vasitələrinin qeydiyyat göstəriciləri dəyişdirildikdə “Əsasnamə”nin tələblərinə müvafiq olan və bu Təlimatın 2.1-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. “Əsasnamə”nin 4.5-ci bəndində nəzərdə tutulmuş halda, nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilməsinə və yenidən yığışmasına müvafiq icazə Azərbaycan Respublikası DİN DŞ İdarəsi tərəfindən verilir. Fiziki şəxslərə məxsus olan yüngül minik avtomobillərinin eyni marka daxilində yenidən yığılmasına müvafiq icazə, onların uçotda olduqları qeydiyyat məntəqələrində bu Təlimata 9 nömrəli əlavədə göstərilən formada verilə bilər. 4.2. Qeydiyyat göstəricilərinin dəyişdirilməsi rəsmiləşdirildikdən sonra bu Təlimatın 3cü bəndində göstərilən qaydada nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Əsasnamə”nin 4.6-cı bəndinin 5-ci və 5.2-ci bəndinin 2-ci nəzərdə tutulmuş hallarda mülkiyyətçinin ərizəsi əsasında nəqliyyat vasitəsinin nömrəli aqreqatının, qovşağının satılması, özgəninkiləşdirilməsi məqsədi ilə müvafiq arayış verilir (Təlimata 10 nömrəli əlavə) Məhkəmə diqqətə çatdırır ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Dövlət qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Bu sənəddə göstərilən məlumatlar isə qanunvericiliyin müddəalarında nəzərdə tutulmuşdur ki, yük daşıyan nəqliyyat vasitələrinə münasibətdə qeydiyyat şəhadətnaməsində “maksimal kütlənin” qeydi zəruridir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisədə məhz “maksimal kütlə” göstəricisinin qeyri-dəqiq əks olunub-olunmaması məsələsi ilə bağlı olmuşdur. İddiaçı, nəqliyyat vasitəsinin istehsalçısı olan “İsuzu Motors” tərəfindən təqdim edilmiş spesifikasiyaya istinad edərək, həmin vasitənin maksimal kütləsinin 7500 kq olduğunu bildirmişdir. Cavabdeh isə qeydiyyat şəhadətnaməsinin tərtibində əsas götürülmüş sənədin məhz “İsuzu Motors”un təqdim etdiyi texniki spesifikasiya olduğunu qəbul etsə də, bu sənəddə maksimal kütlənin 8500 kq göstərildiyini əsas gətirərək, qeydiyyat orqanının hərəkətlərinin qanunauyğun aparıldığını müdafiə etmişdir. Belə olan halda, mübahisənin mahiyyətini aydınlaşdırmaq üçün məhkəmə iddiaçının nəqliyyat vasitəsini əldə etdiyi "xxxx" MMC-yə sorğu ünvanlamış və daxil olmuş rəsmi cavab əsasında müəyyən etmişdir ki, nəqliyyat vasitəsinin texniki göstəricilərində yer alan maksimal kütlə göstəricisi texniki xəta nəticəsində 8500 kq olaraq qeyd edilmiş, əslində isə bu göstərici 7500 kq təşkil edir. Bu halda Məhkəmə hesab edir ki, qeydiyyat hərəkətlərinin aparıldığı zaman qeydiyyat şəhadətnaməsinin verilməsinə əsas olan sənəddə nəqliyyat vasitəsinin “maksimal kütləsi” 8500 kq göstərilsə də, daha sonra uyğunsuzluq olduğu müəyyən olunmuş və əslində “maksimal kütlə”nin 7500 kq olduğu müəyyən olunmuşdur ki, bu hal qeydiyyat şəhadətnaməsinin texniki parametrlərinin real göstəricilərə uyğunlaşdırılması və iddiaçının yeni qeydiyyat şəhadətnaməsi ilə təmin olunması üçün əsasdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. ** JR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin maksimal kütləsinin 7500 kq-a düzəliş edilməklə iddiaçı "xxxx" MMC-yə qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1321/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1321/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver