Məhkəmə qərarları › İş №2-1(112)-13216/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13216/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13216/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğvi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019-cu il tarixli sərəncamının ünvan 1 ünvanına aid hissəsində hissəvi ləğv edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təbriz küçəsi, ev 34 ünvanlı mülkə dair tərtib edilmiş 1961-ci il tarixli Texniki Pasportda, xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanla təsdiq edilmiş “Siyahı”nın 2.4.-cü bəndinin göstərişinə tam uyğun olaraq, həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd vardır ki, bu da hüquqmüəyyənedici sənəddir. ƏMDX DƏDKR p.h.ş.-nin xx.xx.2023-cü il tarixli təsdiqedici məktubu əlavə olunmuşdur. Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ 439 saylı fərmanına əsasən ona- mülki hüququn sahibinə aiddir. Nərimanov rayonu İcra Hakimiyyətinin 161 saylı (21.06.19) Sərəncamına Təbriz küçəsi, ev 34 ünvanını da daxil edərək ünvana məxsus olan həyətyanı torpaq sahəsi üzərində sərəncam verməsi (onu "xxxx"MMC-nin istifadəsinə verməsi) sərəncamı qeyri-normativ akt etməklə yanaşı, mülkü hüquq sahiblərinin konstitusion hüquqlarını, həmçinin 439 saylı fərmanla müəyyən olunan hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır ki, bu da Konstitusiyanın 71-ci maddəsinin müddəasına ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının sərəncamın ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İş üzrə mübahisə predmeti olan Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsi «Qaya Qala" MMC-nin daimi istifadəsinə verilməsi, Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "Qaya Qala MMC-ye aşağıdakılar həvalə edilməsi: "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ile razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsısatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "xxxx" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla “Qaya Qala" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, Rayonun Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əİizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının qismən-ünvan 1 ünvanına aid hissəsində ləğvini mübahisələndirir. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamın mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarından görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2332/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "Qaya Qala” MMC-nın cavabdehlər X1, X2, X8, X5, X4, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızına, X10 və X6 qarşı "kirayə haqqı və kompensasiya ödənilməklə mənzil və qeyri-yaşayış sahələrindən çıxarılma, mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi" tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı MMC-nın verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnamə, apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(102)- 5603/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sxalanılmışdır. Adçəkilən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2332/2020 iş üzrə mülki məhkəmə icraatında iddiaçı «Qaya Qala" MMC-nin istinad etdiyi və məhkəmənin araşdırdığı hüquqmüəyyənedici sənədlər sırasında Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı da olmuş, X3 cavabdeh qismində tərəf, eləcə də proses iştirakçısı kimi məhkəmədə bilavasitə və nümayəndəsi İddiaçı ilə təmsil olunarkən cavabdeh tərəf həmin sərəncamdan məlumatlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı qəbul edilmiş inzibati aktdan hələ ən geci Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2332/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi vaxtından məlumatlı olmuşdur. Başqa sözlə, iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar