Məhkəmə qərarları › İş №2-1(112)-13216/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13216/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13216/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılıb müvafiq qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və övladlarına Qaçqın statusu verilməsi haqqında vəsatətinə baxılıb müvafiq qərarın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o pakistan İslam Respublikasının vətəndaşıdır. Ona və azyaşlı övladlarına “Qaçqın statusu verilməsi haqqında” vəsatəti ilə cavabdehə müraciət edərək vətəndaşı olduğu Pakistan İslam Respublikasında onun həyatı təhlükəsizliyinin təminatının inamsız olduğunu bildirmiş və göstərmişdir ki, mənsub olduğu Pakistan Tehereek-İnsaf siyasi partiyasının seçki kompaniyası zamanı dörd qardaşı rəqib partiya tərəfindən qətlə yetirilib. O azyaşlı övladları ilə Pakistanda bir neçə şəhərdə gizlənməyə cəhd etsələr də, təqibdən qurtulmaları mümkün olmayıb. Ona görə də qaçıb Azərbaycana gəlmişlər. Cavabdehə olan ardıcıl müraciətləri, təqdim etdiyi sənədlərinə, o cümlədən hədələndiyinə dair sənədin olmasına rağmən hər hansı qaydada cavablandırılmayıb. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət edərək xx.xx.2024cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Əcnəbinin olma müddəti bitmiş və ölkə ərazisini tərk etməyərək qanunsuz miqranta çevrilmişdir. Sonradan əcnəbi sui-istifadə edərək ölkə ərazisində daha artıq qalmaq üçün xx.xx.2024-cü il tarixdə DMX-yə elektron müraciət ünvanlayaraq ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Xidmət əməkdaşları müraciətdə qeyd olunmuş əlaqə nömrəsi vasitəsilə əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Cavabdeh iddia tələbinə vermiş olduğu yazılı etirazında iddianın mümkün sayılmaması xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, etirazda qeyd edilən hallar iddianın mümkün sayılmaması deyil, mahiyyəti üzrə rəddinə yönəlmiş etirazlardır. Belə ki, iddiaçı onun müraciətinə baxılaması ilə bağlı onun hüququnun pozulduğunu iddia edir. Cavabdeh isə hesab edir ki, iddiaçı ərizə ilə Xidmətə şəxsən özü müraciət etməlidir. Bu hal iddianın mümkün sayılmamasına yönəlmiş etiraz yox, iddia tələbinin rədd edilməsinə yönəlmiş etirazdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pakistan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət edərək xx.xx.2024cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Əcnəbinin olma müddəti bitmiş və ölkə ərazisini tərk etməyərək qanunsuz miqranta çevrilmişdir. Sonradan əcnəbi sui-istifadə edərək ölkə ərazisində daha artıq qalmaq üçün xx.xx.2024-cü il tarixdə DMX-yə elektron müraciət ünvanlayaraq ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının iddiaçının ərizəsində qeyd edilən mobil nömrəsi ilə əlaqə saxlamağln mümkün olmadığını bildirmiş, eyni zamanda iddiaçının şəxsən müraciət etməli olduğuna əsaslanaraq iddiaçının müraciətinə baxmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbin əsassız olmaqla, cavabdehin imtinası əsaslıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər. Bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarından görünür ki, şəxs "Qaçqın" statusu verilməsi ilə bağlı vəsatətlə Dövlət Miqrasiya Xidmətinə şəxsən və yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə müraciət etməlidir. Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər. Həmçinin Qaydaların tələbinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Hazırkı işdə iddiaçı elektron vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin elektron müraciətində qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçının yuxarı dövlət orqanları və ya sağlamlığına və ya digər səbəblərə görə şəxsən özünün müraciət etməsinə mane ola biləcək hallara dair iddia ərizəsində hər hansı bir sübut əlavə edə bilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi üçün əsasların olub-olmamasını müəyyən edilməsi üçün onunla müsahibə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar