Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13218/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı (məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyim xidmət illəri nəzərə alınmaqla), sabiq hakim kimi 01 sentyabr 2021-31 avqust 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə) nəzərə alınmaqla, ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hüququ yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı, 15 avqust 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 15 avqust 1980-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsində məsləhətçi; 12 iyul 1982-ci ildən həmin idarədə böyük məsləhətçi; 20 dekabr 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququn təbliği və vətəndaşların hüquqi maarifləndirilməsi Şöbəsində böyük məsləhətçi; 15 sentyabr 1983-cü ildən Məhkəmə orqanları İdarəsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika Şöbəsində böyük məsləhətçi; 21 yanvar 1987ci ildən “Sosialist qanunçuluğu” bülletenində böyük redaktor; 05 iyun 1989-cu ildən Məhkəmə orqanları İdarəsində böyük məsləhətçi; 01 dekabr 1989-cu ildən Məhkəmə orqanları İdarəsinin 1-ci dərəcəli mütəxəssisi; 01 may 1992-ci ildən həmin idarənin aparıcı mütəxəssisi; 21 aprel 1994-cü ildən həmin idarənin baş mütəxəssisi; 21 noyabr 1994-cü ildən Azərbaycan Respublikası Prezidentinin Aparatında Dövlət-hüquq Şöbəsinin böyük məsləhətçisi; 04 may 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Aparatında Bağışlama məsələləri Sektorunun müdiri; 05 may 1998-ci ildən 02 sentyabr 2000-ci ilədək Azərbaycan Respublikası Prezidentinin Aparatında Hüquq mühafizə orqanları ilə iş Şöbəsinin Əfv məsələləri Sektorunun müdiri; 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində, 28 iyul 2007-ci ildən 06 avqust 2008-ci ilədək Bakı şəhərinin Nizami Rayon Məhkəməsində, 06 avqust 2008-ci ildən 01 yanvar 2011-ci ilədək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində, 01 yanvar 2011-ci ildən 01 sentyabr 2023-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. Məhkəmə-Hüquq Şurasının 31 avqust 2023cü il tarixli Qərarı ilə 01 sentyabr 2023-cü ildən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə orqanında sədr və hakim vəzifəsində işlədiyi xidmət illəri ümumilikdə 23 il təşkil edir. İşlədiyi 23 il ərzində hər ay DSMF-yə konkret məbləğdə iddiaçının əmək haqqısından pul ödənilmişdir. 05 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ona 2018-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər aldığı əmək haqqı barədə 5 illik (60 aylıq) arayış təqdim edilmişdir. 07 sentyabr 2023-cü ildə o, pensiya təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Hazırki pensiyası 2018-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək (60 aylıq) hesablanmışdır. 15 sentyabr 2023-cü ildə ona 02 sentyabr 2023-cü ildən başlayaraq (bununla da hakimlik stajı 23 il təşkil etdi) 5923,06 (beş min doqquz yüz iyirmi üç manat 06 qəpik) manat pensiya hesablanmışdır. Sonradan 2024-cü ilin yanvar ayından pensiyaların artması ilə əlaqədar iddiaçının pensiyası 6.586,44 (altı min beş yüz səksən altı min qırx dörd qəpik) manat olmuşdur. İddiaçıya pensiya təyin olunarkən orta aylıq əmək haqqının 80 faizi nəzərə alınmışdır, halbuki ona pensiya sonuncu 2 il ərzində aldığı orta əmək haqqı da həmin 80 faizi ilə hesablanmalı idi. Sonradan onun tərəfindən müəyyən edilmişdir ki, ona pensiya təyin olunarkən qanunda nəzərdə tutulan iki aylıq məzuniyyət pulu hesablanmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, iddiaçının cavabdeh inzibati orqana müraciəti ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hesablama qaydası barədə məlumat verilməsi ilə bağlı olmuş, ərizəyə 60 aylıq – 5 illik əməkhaqqı cədvəli əlavə edilmişdir. Məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən hazırki iddia ərizəsidəki dövr üzrə əməkhaqqının orta aylıq məbləğinin 80% məbləğində əlavənin hüququnun yarandığı 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi tələbi ilə Mərkəzi Filiala müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi məqsəd ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasıdır. Lakin iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hesablama qaydası barədə məlumat verilməsi ilə bağlı olmuş, hazırki tələb ilə bağlı isə müraciəti olmamışdır. Göründüyü kimi iddianın məhkəməyə müraciət etdiyi vaxt onun hüquqlarının pozulduğunu təsdiq edən əsaslar mövcud deyil. İddiaçı tərəfindən qanunvericiliklə tələb olunan ilkin prosedurlar həyata keçirilməmiş, yəni müvafiq quruma müraciət olunmamışdır. Bu isə hüquq pozuntusunun müəyyən edilməsi üçün zəruri olan şərtlərin yerinə yetirilməməsinə gətirib çıxarır. İlkin müraciətinin olmaması iddiaçının hazırki mərhələdə müdafiəyə ehtiyacın olmadığını göstərir. Bu isə hazırki iddianın mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13218/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13218/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver