Məhkəmə qərarları › İş №2-1(112)-1322/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1322/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1322/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki rayon X2 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.04.2019-cu il tarixli imtinasının qanunsuz hesab edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət bel xəstəliyindən əziyyət çəkmişdir və dəfələrlə bununla bağlı müayinə və müalicə olunmuşdur. Lakin heç bir müalicə və müayinə müsbət təsir göstərməmiş və onun vəziyyəti ağırlaşdığından 2018ci ildə bel fəqərələrinin sürüşməsindən əməliyyat olmuşdur və bel fəqərələrinin saxlaması üçün onlar şurup vasitəsilə tikilmişdir. Həmin vaxt həkim ona bildirmişdir ki, bu xəstəlik onda artıq ömürlükdür və bunun müalicəsi mümkün deyil. 2018-ci ilin sonlarında xəstəliyilə əlaqədar əlillik dərəcəsinin təyin olunması məqsədi ilə Şəki rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Ona stasionar şəraitdə müalicə alması deyilmiş və dəfələrlə həm stasionar, həm də ambulator şəraitdə müalicə almışdır. Sonaradan Şəki RMX-da həkim məsləhət komissiyasından keçdikdən sonra tibbi sənədləri 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. TSEK-dən verilən cavabda əlavə müalicəyə ehtiyacın olması, müalicə potensialı bitmədiyi və əlavə reabilitasiya müalicəsinə ehtiyacının olması əsas gətirilərək, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki rayon X2 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Şəki rayon Mərkəzi Xəstəxanasının 12.04.2019-cu il tarixli 0344003AAHPK saylı göndərişi əsasında baxılmış və “X1: Xİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M40-M54-Dorsopatiyalar = > M50-M54-Digər dorsopatiyalar = > M51-Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr....; ” Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin meilopatiya ilə zədələnmələr (G99.2), “L3,L4,L5,S1 arxa transpedikulyar fiksasiya, stabilliyin bərpası, listezin ləğvi. 2 tərəfli S1 foramenotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət (13.02.2018) Periodik sidik ləngiməsi, Sol aşağı monoparezi; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: “Müalicə potensialı bitməyi. Əlavə reabilitasiya müalicəsinə ehtiyac var” səbəbi ilə imtina verilmişdir.Xəstəxananın 26.08.2019-cu il tarixli 0344003AAHW2 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M40-M54-Dorsopatiyalar = > M50-M54-Digər dorsopatiyalar = > M51-Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr....; ” Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin meilopatiya ilə zədələnmələr (G99.2), “L3,L4,L5,S1 arxa transpedikulyar fiksasiya, stabilliyin bərpası, listezin ləğvi. 2 tərəfli S1 foramenotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət (13.02.2018) Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: “Diaqnoz və ağırlaşmaları təsdiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması, səthi yazılışı və təsdiq edilməməsi. İxtisaslı həkim müayinələrinin qeyd edilməməsi” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar iddiaçıya aidiyyatı tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-ci maddənin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci ildə Şəki rayonu, Qoxmuq kəndində doğulmuş və Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatdadır. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş; - 12.04.2019-cu il tarixli 0344003AAHPK saylı göndərişində “X1: Xİİ Sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar=>M50- M54-Digər dorsopatiyalar=>M51-Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr....; ” Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin meilopatiya ilə zədələnmələr (G99.2), “L3,L4,L5,S1 arxa transpedikulyar fiksasiya, stabilliyin bərpası, listezin ləğvi. 2 tərəfli S1 foramenotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət (13.02.2018) Periodik sidik ləngiməsi, Sol aşağı monoparezi qeyd olunmuşdur. - 26.08.2019-cu il tarixli 0344003AAHW2 saylı göndərişində “X1: Xİİ Sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar=>M50- M54-Digər dorsopatiyalar=>M51-Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr....; ” Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin meilopatiya ilə zədələnmələr (G99.2), “L3,L4,L5,S1 arxa transpedikulyar fiksasiya, stabilliyin bərpası, listezin ləğvi. 2 tərəfli S1 foramenotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət (13.02.2018) qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; - Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: “Müalicə potensialı bitməyi. Əlavə reabilitasiya müalicəsinə ehtiyac var”. - Göndərişin natamam doldurulması-Səbəb: “Diaqnoz və ağırlaşmaları təsdiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması, səthi yazılışı və təsdiq edilməməsi. İxtisaslı həkim müayinələrinin qeyd edilməməsi”. Cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar iddiaçıya aidiyyatı tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 298/2021 saylı (ekspertizanın başlanma tarixi 22 oktyabr 2021-ci il, başa çatma tarixi 04 noyabr 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Şəki rayon X2 hüquqi şəxsi tərəfindən göndərilmiş 12.04.20199-cu il tarixli 0344003AAHPK saylı və 26.088.2019-cu il tarixli 0344003AAHW2 saylı 088 saylı göndərişlərdə qeyd olunan diaqnozdakı şəxsin səhhətini əks etdirən əsas xəstəlik ağırlaşmaları, aparılmış klinik, labarator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş və qoyulmuş diaqnoza uyğun tədbirlər aparılmışdır. Diaqnozda göstərilən xəstəliklərlə əlaqədar xəstəliyin kəskinləşmə fazasında onun reabilitasiya müalicəsinə (medikamentoz, fizotrapiya və idman müalicələrinə)) ehtiyac yaranır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən Diaqnozda göstərilən xəstəliklərlə əlaqədar xəstəliyin kəskinləşmə fazasında onun reabilitasiya müalicəsinə (medikamentoz, fizotrapiya və idman müalicələrinə)) ehtiyacının yarandığının müəyyən olunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar