Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13222/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı nümayəndəsi X2 oglunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “rütbəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “kapitan” hərbi rütbəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 312.2, 228-1, 341.2.3 və 48 maddələri ilə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qərarları qüvvədə saxlanılmaqla 9 il 6 ay azadlıqdan və “mayor” zabit rütbəsindən məhrum olunmuşdur. Lakin cavabdeh onu əsassız olaraq “kapitan” hərbi rütbəsindən də məhrum etmişdir. Buna görə də onun pensiyası dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı “kapitan” hərbi rütbəsinin bərpa olunmasını xahiş edir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək müvafiq ərizə ilə cinayət-prosessual qanunvericiliyinin tələbləri tətbiq edilməklə aidiyyəti məhkəməyə müraciət etməsi təklif edilsə də, iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 4/17-1210 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 21 ş\h nömrəli əmri ilə zabit hərbi rütbəsindən məhrum edilməklə xx.xx.2017-ci il tarixdən etibarən əsgər hərbi rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bildirilmişdir ki, hərbi qulluqçuların “hərbi rütbədən məhrum edilməsi” və “hərbi rütbələrinin aşağı salınması" anlayışları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq fərqli prosedurdur. Hərbi qulluqçuların hərbi rütbələri intizam tədbiri kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 5-ci fəslinin (Hərbi rütbələrdən məhrum etmə, hərbi rütbələrin aşağı salınması və bərpa edilməsi) (Maddə 69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X1 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər) tələblərinə əsasən pilləli səkildə aşağı salına və bərpa edilə bilər. Lakin ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildiklərinə görə hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi və ya bərpa edilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 5-ci fəslinin (Hərbi rütbələrdən məhrum etmə, hərbi rütbələrin aşağı salınması və bərpa edilməsi) müvafiq müddəalarının tələblərinə əsasən müvafiq məhkəmə instansiyalarının qərarları əsasında həyata keçirilir. Məhkəmə orqanının qərarı əsasında hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçular bu zaman bütün hərbi rütbələrdən məhrum edilir və Silahlı Qüvvələrin ehtiyatına buraxılırlar. Bununla yanaşı qeyd edilmişdir ki, hərbi və ya xüsusi rütbədən məhrum edilmiş hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən (Hərbi və ya xüsusi rütbələrdən məhrum edilmiş hərbi qulluqçulara da pensiya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş əsaslarla təyin olunur.) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş Cəlilabad Hərbi Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 12 mart 2021-ci il tarixli, 1-1(096)-13/2018 nömrəli məktubundan görünür ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmiş və ağır cinayət törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 48-ci maddəsinə əsasən «mayor» hərbi rütbəsindən məhrum edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərarı ilə məhkum İddiaçı barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmündə qeyd olunmuş «mayor» hərbi rütbəsindən məhrum edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmış və həmin tarixdə hökm qanuni qüvvəyə minmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2020-ci il tarixli, 1-1 (096)-13/2018 saylı məktubla onun nəzərinə çatdırılmışdır. Bir daha nəzərinə çatdırılmışdır ki, hərbi və ya xüsusi rütbədən məhrum edilmiş hərbi qulluqçuların pensiya təminatı «Hərbi qulluqçuların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu»nun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən (hərbi və ya xüsusi rütbələrdən məhrum edilmiş hərbi qulluqçulara da pensiya «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş əsaslarla təyin olunur) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından məlum olur ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən məhrum edilmiş zabit hərbi rütbəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı barəsində hərbi rütbədən məhrum edilmə əlavə cəza kimi məhkəmənin hökmünə əsasən cinayət törətməkdə təqsiri müəyyən edilmiş şəxs barəsində baş vermişdir ki, bu halda da cinayət məhkəmə icraatı qaydasında qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırdığı məsələ barəsində hökmü icra edən ümumi yurisdiksiyalı məhkəməyə ərizə vermək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13222/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13222/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver