Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13223/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) qarşı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasında müvəqqəti olmaq hüququnun uzadılması tələbilə əlaqədar müraciətinə baxılıb müvafiq cavablandırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Banqladeş Xalq Respublikasının vətəndaşı olan iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi müraciətilə bildirmişdir ki, o, müvvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Gəlişilə əlaqədar vizanın tarixi 13 iyun 2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin 3 (üç) ay uzadılmasını istəyir. Ərizəsinin hüquqi əsası kimi də Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, 13 mart 1996-cı il tarixli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, 4 aprel 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və 22 dekabr 1998-ci il tarixli “İmmiqrasiya haqqında” Qanunlara istinad etmişdir. Lakin cavabdeh DMX-i müraciətini hər hansı qaydada cavablandırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixdə olduğu yer üzrə qeydiyyata alınmışdır. Lakin iddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin (bundan sonra - MOM) uzadılması barədə DMX-yə müraciət etməmiş və nəticədə ölkə ərazisində qalmasını leqallaşdırmamışdır. Ona görə də, şəxsin iddia ərizəsi mümkün hesab edilməməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək bildirdi ki, iddiaçı müvafiq tələblə bağlı rəsmi qaydada lazımi sənədləri təqdim etməklə, yazılı müraciət etməmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda həmçinin göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.1-5.3). Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, məcburetmə növündə iddialarda xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iş üzrə iddiaçının məqsədi Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması olsa da, o, tələbi ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən: 20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 39.1. Bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə müvafiq qərar qəbul edilir. 39.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir. 41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 42.1. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər. 42.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ərizəanket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 42.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və müvafiq qərar qəbul edilir. Göründüyü kimi qüvvədə olan miqrasiya qanunvericiliyi əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müvqqəti olma müddətinin uzadılması barədə müraciətinin formasını müəyyən etmiş və bunun üçün aidiyyəti inzibati orqana təqdim edilməli olan sənədləri imperativ qaydada müəyyən etmişdir. Lakin hazırkı halda iddiaçı Miqrasiya Məcəlləsinin 41.1-ci maddəsində göstərilən sənədlərin cavabdehə təqdim etməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən DMX-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə isə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi üçün zəruri inzibati icraatın aparılmasına imkan vermir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının qeyd olunan müraciəti cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə əməl edilməklə cavablandırılmış və iddiaçıya qanunda göstərilən müraciət forması izah olunmuşdur. Belə olan halda, iddiaçı məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdeh orqana müraciət etməsi ilə bağlı sübutlar təqdim etmədiyinə görə, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir (16.5). Məhkəmə hesab edir ki, Plenum qərarındakı hüquqi mövqedən göründüyü kimi, yardım etmə vəzifəsinə bunun üçün zərurət olduğu, başqa sözlə, işin baxılmasına mane olan halların məhkəmə tərəfindən veriləcək hüquqi təkliflər nəticəsində aradan qaldırılması imkanının mövcud olduğu hallarda əməl olunmalı və bunun üçün lazımi şərait yaradılmalı, tərəf dinlənilməlidir. Hazırkı halda belə bir zərurətin və imkanın mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı məqsədinə çatması üçün ümumiyyətlə qanunla nəzərdə tutulan qaydada cavabdeh inzibati orqana müraciət etmədiyindən hər hansı inzibati icraat da aparılmamışdır. Odur ki, iddiaçının məhkəmə iclasında iştirak etmədiyi halda iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müəyyən edilmiş qaydada müraciət edə, məqsədinə nail ola bilmədiyi halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məhkəmədə iddia irəli sürə bilər. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13223/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13223/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver