Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13226/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayədəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7, X9, X2) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1979-cu il təvəllüdlü X7; xx.xx.1988-ci il təvəllüdlü X9; xx.xx.1961-ci il təvəllüdlü X1 Binəqədi rayonu, Əcəmi Naxçıvanı küçəsi, 3068-ci məhəllə, ev 1, mənzil 150 A (yeni qaydalarla: Əcəmi Naxçıvani küçəsi 151, M17, m2) üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanı küçəsi, 3068-ci məhəllə, ev1, 150 A nömrəli mənzili (yeni qaydalarla: Əcəmi Naxçıvani küçəsi 151, M17, m2) X3 dəyərini ödəməklə almışdır. Bu alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən iddiaçının adına **********12-05301-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “çıxarış” verilmişdir. Qeyd olunan mənzilin alqı-satqısı zamanı X7 digər şəxslərlə birlikdə 30 (otuz) gün müddətində pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürmüşdür (müqavilənin 4.6.4-cü maddəsi). Lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq hal - hazıradək: xx.xx.1979 -cu il təvəllüdlü X7; xx.xx.1988 - ci il təvəllüdlü X9; xx.xx.1961 - ci il təvəllüdlü X2 mənim xüsusi mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmamışdır. Qeyd olunan bu hal isə iddiaçının xüsusi mülkiyyətində olan mənzil üzərində öz istədiyi kimi mülkiyyət hüquqlarını həyata keçirməyinə maneçilik törətməklə, formal qeydiyyatı olan bu şəxslərin əvəzinə əlavə kommunal xərclər ödəməyi ilə nəticələnir. X7 qeyd olunan mənzili iddiaçıya satdıqdan sonra ailəsi ilə birlikdə naməlum ünvana köçmüş və hazırda hansı ünvanda yaşamaları barədə heç bir məlumatı yoxdur. X7 və digər şəxslər qanunun tələblərini pozaraq, hazırda daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və qeyd olunan ünvanda qeydiyyatda qalmışlar. Bu şəxslərin mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi hüquqlarını gercəkləşdirilməsinə maneələr yaratmaqdadır. Bu halda mənzil üzərində öz istədiyi kimi mülkiyyət hüquqlarını həyata keçirtməyinə maneçilik törətməklə bərabər, formal qeydiyyatı olan bu şəxslərin əvəzinə hər ay əlavə kommunal xərclər ödəməyi ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bu şəxslərin mənzilə olan pasport qeydiyyatının ləğv edilməsi üçün xx.xx.2021-cı il tarixdə rəsmi ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Binəqədi RPİ-nin tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-46/2-0-214xx/xx/2023 saylı məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsaslanaraq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X4, X5, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinləri qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanında X7 (xx.xx.1979), X9 (xx.xx.1988), X2 (xx.xx.1961), X8 (xx.xx.2005), İddiaçı (xx.xx.1979) yaşayış yeri üzrə qeydiyyatdadır.
5. 21 oktyabr 2022-ci il tarixində bağlanılmış müqaviləyə əsasən İddiaçı üçüncü şəxs X3 əmlakı satın almışdır.
6. Cavabdeh Binəqədi Rayon Polis İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində keçiriləcək məhkəmə iclasına səlahiyyətli şəxsin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxs həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatı formal xarakter daşıyır.
8. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
11. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə X7, X9, X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdur.
14. Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3068-ci məhəllə, ev 1, mənzil 150A (yeni qaydalarla AZ 1108, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti “Binəqədi-31” A/023 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaşlar : X2 xx.xx.1961, X7 xx.xx.1979, X9 xx.xx.1988 xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında mənzili satıblar, lakin bu günə kimi qeydiyyatdan çıxmayıblar. Adı qeyd olunan şəxslər Binəqədi rayonu, 3068-ci məhəllə, Əcəmi Naxçıvani küçəsi, bina 1, 150A mənzildə yaşamırlar.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi royunu, Ə.Naxçıvani küçəsi, 3068-cı məhəllə, ev 1, mənzil 150A (Yeni qaydalarla: ünvan 6 ünvanı üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
17. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli X4, X5, X1 Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 56,58, mənzil C.10.3 (Yeni qaydalarla: AZ 1096, ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X4, X5, X1 Bakı şəhəri, Binəqədi royunu, Ə.Naxçıvani küçəsi, 3068-cı məhəllə, ev 1, mənzil 150A (Yeni qaydalarla: ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva