Məhkəmə qərarları › İş №2-1(112)-13227/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13227/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13227/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan mənzilindən 32 ildir istifadə edə bilmədiyinə görə ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin və onun evində məskunlaşan qaçqınların mənzildən çıxarılması, onların tezliklə Şuşa şəhərində öz döğma şəhərinə köçürülməsinin təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildən Bakı şəhərində yaşayır. Valideynləri də 1988-ci ildə Ermənistan Respublikasından, öz doğma yurd-yuvalarından deportasiya olunublar və qaçqın olublar. 1985-ci ildə Ali məktəbi qurtardıqdan sonra gənc mütəxəssis kimi Bakı şəhərində təyinatla işə qəbul olunmuş, 1992-ci ildə isə Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2№-li binanın 84-cü mənzilini gənc mütəxəssis kimi almışdır (014718№-li order, xx.xx.1992-ci il). Mənzil hüququndan istifadə edərək, 1996-cı ildə öz mənzilini şəxsi mülkiyyətinə keçirərək özəlləşdirmişdir. Ailə üzvlər və iddiaçı həmin mənzildə pasport qeydiyyatındadır. Lakin, artıq 32 ildir ki, öz mənzil hüququmdan istifadə edə bilmir. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq həmin binadakı mənzillərin çoxu və onun da mənzili daxil olmaqla Şuşa rayon köçkünləri tərəfindən 1992-ci ilin may ayından zorla zəbt olunub. 1992-ci ildən başlamış indiyə qədər Binəqədi rayon icra Hakimiyyətindən və “Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən” tutmuş Respublikanın bütün Ali Dövlət orqanlarına dəfələrlə müraciət etmişdir. Lakin ümidverici heç kim informasiya verilməyib. Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin sədrinə ünvanlanmış məktublarına isə yerli orqanlar (Binəqədi rayon İcra Hakimiyyətindən və “Qaçqınların və X3 üzrə Dövlət Komitəsi”) biganə yanaşmışlar. Zəbt olunmuş mənzillərin boşaldılması üçün Binəqədi rayon Məhkəməsinin da 1994/95-ci illərdə xüsusi qərarı olub. Məktuba yerli və ali orqanlardan cavablar yazıblar, ancaq heç birində onların ev məsələsinin müsbət həlli göstərilməyibdir. Təkcə Binəqədi rayon İcra Hakimiyyətinin 3 aprel 2013-сü il tarixli E-6 saylı məktubunda göstərilir ki, Bakı və Sumqayıt şəhərlərində yerli vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşmış köçkünlərin 2012-2014-cü illərdə yeni tikiləcək mənzillərə köçürülməsinin nəzərdə tutulması haqqında məlumat verilib. Bu məlumat da Azərbacan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1346 saylı sərəncamından irəli gəlir. Artıq 2024 -ci il də başa çatmaq üzrədir. Bu 32 ildə onun ailəsi zərər çəkmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş maddi zərər olaraq 115200 manat, sağlamlığına dəymiş və mənəvi zərərinə görə 128000 manat zərərin ödəənilməsi vəzifəsinin cavabdehinü zərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, tələb dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, digər vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri kimi, məcburi köçkün X2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə ünvanında yerləşən 2 saylı evin 84 nömrəli mənzildə müstəqil şəkildə məskunlaşmışdır. Məcburi köçkün ailəsi sözügedən mənzildə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən yerləşdirilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan “ünvan 2 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış məcburi köçkün X2 həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətdə olan yaşayış və ya qeyriyaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Bildiririk ki, Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi kömək göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Ümumiyyətlə məcburi köçkünlərin Dövlət Proqramında nəzərdə tutulandan başqa fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçirilmir və Komitənin imkanı xaricindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Komitənin üzərinə hər hansı öhdəliyin qoyulması üçün Komitə ilə iddiaçı arasında müvafiq məzmunlu müqavilə bağlanmış olmalıydı. Lakin Komitə ilə iddiaçı arasında belə bir müqavilə bağlanılmadığından, Komitədən hər hansı öhdəliyin yerinə yetirilməsinin tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, başqa şəxslərə məxsus mənzillərdə məskunlaşmış məcburi köçkünlər məhz müstəqil olaraq həmin mənzillərdə yerləşdiyindən və Komitə tərəfindən yerləşdirilmədiyindən, Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmadığından, eyni zamanda Komitənin təsdiqlənmiş xərclər smetasında kirayə haqlarının ödənilməsi ilə əlaqədar vəsait nəzərdə tutulmadığından - Komitənin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçınn hüquqlarının pozulması əsaslandırılmadığından, iddiaçının iddiası mümkün hesab edilməməsi xahiş edilmişdir. Vətən müharibəsində qazanılmış Zəfər nəticəsində ölkəmizdə məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətində yeni bir mərhələ başlanmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası, müvafiq ərazilərdə yaşayış üçün təhlükəsiz şəraitin və zəruri infrastrukturun yaradılmasının təmin olunması istiqamətində məqsədyönlü iş aparılaraq, məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Odur ki, məcburi köçkün X2 digər məcburi köçkünlər kimi işğaldan azad olunmuş ərazilərə qayıdış zamanı qanunvericiliyə uyğun olaraq mənzillə təmin olunacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçıının hazırkı iddia tələbi də, məhz, cavabdehin, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qətnaməsi üzrə icrası ilə iddiaçıya (tələbkara) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl zərərin ödənilməsi ilə bağlı cavabdehə müracət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən 2 saylı evin 84 nömrəli mənzili 07.012.1996-cı ildən iddiaçının mülkiyyətindədir. Şuşa şəhərindən məcburi köçkün X2 ailə üzvləri ilə birgə iddiaçıya məxsus sözügedən mənzildə məskunlaşmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(001)-7201/2018 saylı qətnaməsi ilə cavabdehlər X1 onunla birlikdə yaşayan şəxslərlə iddiaçıya məxsus mənzildən çıxarılmaları qət edilmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğunu, özü və ailə üzvlərinin həmin mənzildə qeydiyyatda olsalar da mənzildə məskunlaşmış Şuşa şəhərindən məcburi köçkün X2 və onun ailə üzvləri keçən müddət ərzində məcburi köçkünlərin yeni tikiləcək mənzillərinə köçürülmədiyindən iddiaçının mənzil hüququndan istifadə edə bilmədiyi, bununla da ona maddi və mənzəvi zərərin dəydiyini iddia edərək kompensasiyanın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Beləlklə, İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı iş üzrəiinzibati orqanın mülki məsuliyyətinin yaranması üçün qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu öz təsdiqini tapmır. Yəni, iddiaçının iddia etdiyi formada mülkiyyətində olan əmlakdan istifadə edə bilməməsi nəticəsində iddia etdiyi dəymiş ziyanın səbəbi cavabdeh inzibati orqanın bilavasitə faktiki xarakterli hərəkətləri və ya inzibati aktı olmamış, cavabdehin zərər vurmada təqsiri müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İşin hallarından məlum olduğu kimi məcburi köçkünlər cavavdeh orqan tərəfindən iddiaçıya məxsus ünvanda yerləşdirilməmişdir. Eyni zamanda məcburi köçkünlər Dövlət Proqramı çərçivəsində növbəlilik qaydasında mütəmadi olaraq Komitə tərəfindən dövlət büdcəsi hesabına yaşayış sahəsi ilə təmin edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının əmlakından faktiki istifadə edə bilməməsindən dolayı maddi və mənəvi itkiyə dair nəticə ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında zəruri səbəbli əlaqə mövcud deyildir, qeyd edilən zərər vurmada cavabdeh orqanın bilavasitə təqsiri müəyyən olunmur. Buna görə zərərvurmadan yaranan öhdəliklərinin ümumi şərtləri baxımından ziyan mövcud olmuş olsa idi belə, buna gətirib çıxaran hərəkətlər cavabdeh inzibati orqan tərəfindən törədilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Dolayısı ilə, inzibati orqanın qanuni hərəkətləri halında məsuliyyət daşıması ümumi qaydada istisna edilir. İş üzrə iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsini tələb etsə də, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi iş üzrə sübuta yetirilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar