Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1323/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “torpaq sahəsinin koordinatlarının yenidən müəyyən edilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "Bolluq" adlı ərazidə yerləşən 0.70 ha torpaq sahəsinin künc koordinatlarının yenidən müəyyən edilməsinə və məktubda adları qeyd olunan X5 və X4 adlarına yeni çıxarışların verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Göstərilən 700,0 kv.metr torpaq sahəsinin yerləşməsi təqdim edilmiş JN-120H kod (********) saylı şəhadətnamə üzrə yerləşməsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, hasarlanma işləri düzgün aparılmamışdır (sənəd üzrə olan torpaq sahəsinin 140,0 kv.metr hissəsi qonşunun istifadəsindədir, həmçinin hasar daxilində 140,0 kv.metr əlavə torpaq sahəsi istifadə edilməkdədir). Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Bolluq» adlı ərazidə yerləşən və tərəfindən hasarlanmış 0,07 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yenidən müəyyən edilməsi və həmin torpaq sahəsi ilə bağlı onun adına yeni çıxarışın, yaxud bu torpaq sahəsini almış X5 və X4 adına ayrı-ayrılıqda çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlı ərazidə yerləşən və faktiki istifadəsində olan hasarlanmış 0,07 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yenidən müəyyən edilməsi və həmin koordinatlara əsasən torpaq sahəsi ilə bağlı onun adına yeni plan və ölçü və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, bir neçə il bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin «Bolluq» adlı ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi almış, 2017-ci ilin noyabr ayında bu torpaq sahəsini adına rəsmiləşdirmişdir. Belə ki, 21 noyabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, ardınca onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması haqqında RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin planı və ölçü sxemi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mühəndisləri tərəfindən ölçülərək çəkilmişdir. Ehtiyacı olduğuna görə mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini X3, 0,02 ha hissəsini isə X1. 17 mart 2021-ci il tarixdə aralarında notarial qaydada alqı-satqı müqavilələri bağlanmış, torpaq sahəsinin iki şəxs arasında bölünərək hər birinə ayrı-ayrı çıxarışların verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Bu zaman idarənin əməkdaşları ona, o cümlədən torpaq sahəsini ondan almış X11 Axundova bildirmişlər ki, adına rəsmiləşdirilmiş 0,07 ha torpaq sahəsinin ölçüləri səhv göstərilmişdir. Belə ki, döngə nöqtələrinin künc koordinatları içəri tərəfə sürüşdürülüb, bitişik torpaq sahəsinin üzərində yerləşdirilmişdir. Ona görə torpaq sahəsi onun adından X11 Axundovun adına keçirilməmiş qalmış, 1 saylı Bakı Ərazi İdarəsi də bu əməliyyatı aparmaqdan imtina etmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun səhvindən deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mühəndislərinin səhvi ucbatından düzgün müəyyən edilməyərək bitişik torpaq sahəsi istiqamətində sürüşdürülmüş, bu səbəbdən də torpaq sahəsini almış şəxslərlə aralarında xoşagəlməz münasibət yaranmış, nəticədə mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququ məhdudlaşmışdır. Çünki imtina məktubunda göstərildiyi kimi deyil, əksinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mühəndisləri torpaq sahəsinin planı və ölçü sxemini tərtib etmək üçün ora gəldikdən xeyli əvvəl o, həmin torpaq sahəsi üzərində hasarlama işləri aparmışdır. Yəni mühəndislərə torpaq sahəsini hasarlanmış vəziyyətdə təqdim etmiş, bu zaman onlar sahənin döngə nöqtələrinin koordinatlarını GPS aləti vasitəsilə qeydə alaraq getmişlər. Bir müddət sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması haqqında RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Yəni mühəndislər torpaq sahəsinin planını və ölçü sxemini çəkərkən sahə hasara alınmış halda olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı bağladığı 2021-ci il tarixli müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin torpaq sahəsinə sərəncam vermək səlahiyyəti iddiaçıya məxsusdur (AR Mülki Məcəlləsinin 146-cı maddəsi). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair plan və ölçünün və yeni çıxarışın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - JN-120H KOD 00300026 nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 521 nömrəli və Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli qərarları ilə fərdi evin tikintisi üçün ayrılmış Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. -xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, iddiaçının müraciəti ilə bağlı müəyyən edilmişdir ki, iki torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Tikili yoxdur. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 700 kv.m., faktiki sahəsi 830 kv.metrdir, 130 kv.metr artıqdır. - xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 700 kv.metr, faktiki ölçüsü 830 kv.metr təşkil edir. İki torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Tikili yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi hasar daxili faktiki olaraq 700,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Ərazidə yerləşən torpaq sahələrinin hasarlanma işləri sənəd üzrə yerləşmələrinə görə aparılmamışdır. Belə ki, mövcud hasarlara görə mülkiyyətdə olan 700,0 kv.m torpaq sahəsinin 140,0 kv.m hissəsi qonşunun hasarı daxilinə düşməklə istifadəsindədir. Bundan əlavə olaraq hasar daxilində zəbt olunmuş torpaq sahəsi istifadə edilməkdədir. Qeyd olunan qonşu sahə **********91 reyestr nömrəsi ilə X7 mülkiyyətindədir. Beləliklə, işin istinad olunan hallarından müəyyən edilir ki, Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli qərarı ilə fərdi evin tikintisi üçün ayrılmış Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 2006-cı ildə qeydə alınmaqla ona torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, daha sonra 2017-ci ildə iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq üçün müraciət etdikdə cavabdeh onun faktiki istifadəsində 700 kv.metr deyil, 830 kv.metr torpaq sahəsinin olduğunu iddia edərək, əlavə 130 kv.metr torpaq sahəsini çıxmaqla 700 kv.metr torpaq sahəsinə dair iddiaçının hüquqlarını qeydə alaraq çıxarış vermişdir. İddiaçı həmin torpaq sahəsinin satılması ilə bağlı digər şəxslərin adına rəsmiləşdirilməsi üçün müraciət etdikdə isə, göstərilən 700,0 kv.metr torpaq sahəsinin yerləşməsinin təqdim edilmiş JN-120H kod (********) saylı şəhadətnamə üzrə yerləşməsi ilə uyğunsuzluq təşkil etdiyini, yəni hasarlanma işləri düzgün aparılmadığından sənəd üzrə olan torpaq sahəsinin 140,0 kv.metr hissəsinin qonşunun istifadəsində olduğunu, hasar daxilində isə 140,0 kv.metr əlavə torpaq sahəsi istifadə edildiyini bildirmişdir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən mütəxəssis rəyinin əldə edilməsi üçün cavabdehə müraciət edilmiş və xahiş olunmuşdur ki:
1. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlı ərazidə yerləşən torpaq sahəsinin JN-120H kod (********) saylı şəhadətnamə üzrə yerləşmə koordinatları müəyyən edilsin.
2. ********** nömrəli sənədə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlı ərazidə yerləşən torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı xx.xx.2017-ci ildə tərtib edilmiş müayinə aktına əlavə edilən ümumi torpaq sahəsinin (830 kv.metr) koordinatları məhkəməyə təqdim edilsin;
3. Həmin koordinatların xx.xx.2017-ci il tarixli AN191600 nömrəli torpaq sahəsinin plan və ölçüsündə müəyyən edilən koordinatla üst-üstə düşüb düşməməsi barədə məlumat təqdim edilsin;
4. xx.xx.2017-ci il tarixli AN191600 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən iddiaçının faktiki istifadəsində olan, lakin qeydə alınmayan 130 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilsin.
5. xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilən iddiaçının istifadəsində olan əlavə 140 kv.metr torpaq sahəsinin və iddiaçıya məxsus olub qonşunun istifadəsində olan 140 kv.metr torpaq sahəsinin koordinatları təqdim edilsin;
6. xx.xx.2022-ci il tarixli müayinə aktında göstərilən əlavə 140 kv.metr sahələrindən hansının (iddiaçının, yoxsa qonşunun istifadəsində olan artıq sahə) xx.xx.2017-ci ildə tərtib edilmiş müayinə aktındakı əlavə 130 kv.metr torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilsin. Məhkəmənin qərardadının icrası məqsədilə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: 1-ci sual üzrə- vahid elektron kadastr məlumat bazasında JN-120H kod (********) saylı şəhadətnamənin baza məlumatı yoxdur. Bundan əlavə şəhadətnamədə koordinatlar qeyd edilmədiyindən koordinatları müəyyən etmək mümkün deyildir. 3-cü sual üzrə - vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 840,0 kv.m sahə plan-ölçüdə göstərilən sahə ilə eynilik təşkil edir. Hasarlama işi plan-ölçüyə uyğun aparılmadığından sahənin 140,0 kv.m hissəsi qonşunun hasarı daxilində qalmışdır. 4-cü sual üzrə -iddiaçının əlavə istifadə etdiyi 140,0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, 2017-ci ildə iddiaçının hüquqlarının qeydə alınması ilə bağlı müraciət zamanı iki torpaq sahəsi vahid hasar daxilində olmuş, iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinin koordinatları müəyyən edilərkən onun ilkin hüquqmüəyyənedici sənədi olan JN-120H kod (********) saylı şəhadətnamənin koordinatları olmadığından faktiki göstərilən 830 kv.metr ərazinin koordinatları müəyyən edilməklə əlavə 130 kv.metr torpaq sahəsinin koordinatları yanlış müəyyən edilmiş, nəticədə üçüncü şəxsə ayrılmış 0,07 ha torpaq sahəsinin 140 kv.metr hissəsi iddiaçıya məxsus torpaq sahəsi kimi rəsmiləşdirilmişdir. Bu nəticə həmçinin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı da hasil olmuşdur. Belə ki, yerli baxış zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 4 tərəfdən mişar daşı ilə hasarlandığı, iki tərəfdən qonşu, iki tərəfdən isə yol ilə əhatə olunduğu müəyyən edilmiş, yol tərəfdən olan hasarlamanın yolboyu digər qonşularla eyni səviyyədə yerləşməsi müəyyən olunmuş, iddiaçı tərəfindən hasarlanmış ərazinin bir hissəsinin (140 kv.metr) yola düşməsi aşkar edilməmişdir. Halbuki cavabdehin qeyd etdikləri, o cümlədən məhkəməyə təqdim etdiyi xx.xx.2022ci il tarixli məktuba əlavə etdiyi koordinatlar həqiqətə uyğun olsa idi, onda iddiaçının əlavə istifadə etdiyi 140 kv.metr torpaq sahəsi yola düşməli idi (çünki yuxarıda qeyd edildiyi kimi, iddiaçı iki tərəfdən yol, iki tərəfdən qonşu torpaq sahəsi ilə əhatə olunmuşdur ki, əgər üçüncü şəxs iddiaçıya məxsus torpaq sahəsindən istifadə edirsə, deməli iddiaçının istifadə etdiyi əlavə torpaq sahəsi həmin sahəyə parelel olan yol ilə sərhədlənən, yəni bir tərəfi yol düşən ərazi olmalıdır). Belə olan halda müəyyən edilir ki, cavabdeh 2017-ci ildə iddiaçının istifadəsində olan 130 kv.metr torpaq sahəsinin koorinatlarını yanlış müəyyən etdiyindən iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsində səhvə yol vermişdir. Bu səbəbdən həmin torpaq sahəsinin koordinatlarına dair məlumatlarda düzəliş edilərək yeni plan və ölçü və çıxarış verilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. -9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. -2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. -4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. -5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - 4. Plan və ölçüdə aşağıdakılar göstərilir: - 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; - 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ilk növbədə həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməli, daha sonra hüquqların dövlət qeydiyyatı həyata keçirilməlidir. Qeydiyyat zamanı səhvə yol verilərsə, qeydiyyat orqanı buraxılmış texniki səhvlərin düzəlişini həyata keçirməlidir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından bəlli olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilərkən səhvə yol verilmişdir, bu səbəbdən həmin torpaq sahəsinin koordinatları yenidən müəyyən edilməkə iddiaçıya həmin kordinatlara uyğun torpaq sahəsinin yeni plan və ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan və faktiki istifadə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlı ərazidə yerləşən hasarlanmış 0,07 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və həmin koordinatlara əsasən 0,07 ha torpaq sahəsinə dair yeni plan və ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərtib edilərək İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova