Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1324/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasına qarşı “göndərişin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən ona xx.xx.2016-cı il tarixdə “Sağ bazu sümüyünün orta 1/3-nin qeyri-düzgün bitmiş sınığı diaqnozu ilə İİİ dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən Forma-88 yazılaraq 17 may 2021-ci il tarixdə sənədləri TSEK-ə göndərilmişdir. Lakin imtina cavabı verilmişdir. İmtina səbəbində əlavə ixtisaslaşmış müalicəyə və əlavə bərpa müalicəsinə ehtiyacın olması göstərilmişdir. Bir sıra tibb müəssisələrində müalicə və bərpa kursları keçsə də, sağlamlığı bərpa olunmamışdır. Buna görə də sənədlərinin TSEK-ə göndərilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin göndərişin verilməsindən imtinası əsassızdır. Ona görə ki, əlilliyin təkrar təyin edilməsindən TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə imtina edilməsindən sonra imtina səbəbi kimi göstərilən əlavə ixtisaslaşmış müalicə və əlavə bərpa müalicəsini davam etdirmişdir. Lakin səhhətində hər hansı yaxşılaşma olmamış, əksinə ağırlaşmalar yaranmışdır. Belə ki, əlilliyin təyin edilməsindən TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə imtina edilməsindən sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunmuş və buna dair həmin institut tərəfindən 27 iyul 2022-ci il tarixli arayış 3 nömrəli şəhər poliklinikasının həkim məsləhət komissiyasına təqdim edilmişdir. Bundan başqa Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə və müayinə olunmuş, buna dair xx.xx.2022-ci il tarixli arayış, həmçinin Azərbaycan X1 institutunda müalicə və müayinə olunmuş, buna dair xx.xx.2023-cü il tarixli arayış 3 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasına təqdim olunmuşdur. Həmçinin ağ ciyər vərəmi keçirmiş, 1 nömrəli X3 tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri TDM (-) mənfi, fl 14 (2 pr). Buna dair xx.xx.2023-cü il tarixli arayış 3 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasına təqdim edilmişdir. İddiaçı hesab edir ki, əlilliyinin qiymətləndirilməsi üçün göndəriş verilməsi üçün AR Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş əsaslar olsa da, cavabdeh əsassız olaraq imtina vermişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh 3 nömrəli şəhər Poliklinikası tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirmişdir ki, İddiaçı 2007-ci ildən 3 nömrəli şəhər Poliklinikasında “Sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı. Sağ dirsək oynağının kontrakturası (70-105 dərəcə), artrozu, osteofiti. Sağ tərəfli aşağı döş, yuxarı bel fəqərələrinin 1-ci dərəcəli skoliozu” diaqnozları ilə cərrahi kabinetdə dispanser qeydiyyatındadır. 2021-ci ilə qədər 3 dərəcəli əlillik dərəcəsi almışdır. Əlillik müddəti bitdiyindən xx.xx.2021-ci il tarixində xəstənin sənədləri həmin dövr üçün qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi haqqında AR NK-nın 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına əsasən TSEK-ə göndərilmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı “Əlavə müalicəyə ehtiyacın olması. Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi təyin edilir.” səbəbi ilə imtina edilmişdir. Bu səbəbdən vətəndaş xx.xx.2021ci il tarixdən poliklinikada fizioterapevtik müalicələrə başlamışdır. Bərpa müalicəsi bitdikdən sonra İddiaçı tibbi rəyin alınması üçün ETTOİ-na göndəriş verilmiş, ETTOİ-nun xx.xx.2022ci il tarixli ********** nömrəli tibbi rəyinə əsasən ona “Sağ tərəfli aşağı döş, yuxarı bel fəqərələrinin 1-ci dərəcəli skoliozu, sağ bazu sümüyünün boyun nahiyəsində medial səthi ilə osteofitlər. Sağ bazu sümüyünün distal 1/3-nin bitişmiş sınığı, sağ dirsək oynağının valqus deformasiyası, artrozu, açıcı-bükücü kontrakturası (büknı 70 dər, açma 104 dər), daimi ağrı sindromu ilə və əzələ atrofiyası” diaqnozları qoyulmuşdur. Xəstədə əzələ atrofiyası olduğundan o, nevropatoloqun konsultasiyasına göndərilmiş və ona xx.xx.2022-ci il tarixində EMQ müayinəsi aparılmışdır. EMQ müayinəsinin nəticəsində əlilliyə və sinir zədələnməsinə səbəb olan ciddi patologiya aşkar olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində HMK-nın iclasında baxış keçirilmiş, xəstəliyin gedişatında ağırlaşmaların olmaması, xəstəliyin müalicəyə tabe olması səbəbindən göndərişin verilməsindən imtina edilmişdir. Vətəndaşın təkidi ilə onun sənədlərinə təkrar xx.xx.2023-cü il tarixində HMK-nın iclasında baxış keçirilmiş, İddiaçı xəstəliyinin gedişatında ağırlaşmalar olmadığından AR NK-nın xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlillin müəyyən olunması meyarları”-na əsasən ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərilmiş veriməsinə imtina edilmiş, xəstəyə ixtisaslaşmış cərrahi müdaxilə məsləhət görülmüşdür. Əlavə olaraq, yanaşı xəstəlikləri kimi qeyd olunmuş “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri” və “OU-mürəkkəb miopik astiqmatizm” halhazırda əlilliyin müəyyən olunması meyarlarına uyğun olmadığından İddiaçı bu diaqnozlarla da ixtisaslaşmış müayinə və müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı tələbi müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının 2750003AAE08 nömrəli göndərişi üzrə İddiaçı Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinəsinin nəticəsində “Əlavə müalicəyə ehtiyacın olması. Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi təyin edilir.” əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. -cavabdeh 3 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə tarixdə tərtib edilmiş əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktından görünür ki, E.M.Şirinovun xəstəliyinin gedişatında ağırlaşmaların olmaması, xəstəliyin müalicəyə tabe olması səbəbindən göndərişin verilməsindən imtina edilmiş, müalicəsinin davam etdirilməsi tövsiyə edilmişdir. -Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 1 nömrəli X3 tərəfindən İddiaçı Cavabdehna təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir: “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri. TDM (-) mənfi. Fl 14 (2pr). xx.xx.2022”. -Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2011-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində bir il müddətinə üçüncü dərəcə təkrar əlillik təyin edilmiş və xx.xx.2016-cı il tarixədək qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə İddiaçı üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən 2750003AA08nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı yenidən əyani müayinəyə cəlb edilərək hazırkı tələbi üzrə müraciətinə baxılması və nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi Cavabdehna həvalə edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında qərardadın icası ilə bağlı bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 3 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, vətəndaşa ixtisaslaşmış müayinə və müalicəsinin davam etdirilməsi məqsədi ilə X2 və Ortopediya İnstitutuna göndəriş verilməsi məsləhət olunmuşdur. Lakin İddiaçı ETT və Oİ getməkdən imtina etmiş, imtinanı öz imzası ilə təsdiq etmişdir. Yanaşı xəstəlikləri kimi qeyd olunmuş “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri” və “OU-mürəkkəb miopik astiqamatizm” hal-hazırda əlilliyin müəyyən olunması meyarlarına uyğun olmadığından İddiaçı bu diaqnozlarla da ixtisaslaşmış müayinə və müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Cavabdehin imtina dəlillərinin araşdırılması və iddiaçıda mövcud olan xəstəliklərin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən mütəxəssis rəyinin verilməsi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş və mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1980-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. İddiaçıda müəyyən edilmiş xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 3.İddiaçıda müəyyən edilmiş xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə ehtiyacı mövcuddurmu?
4. Mövcud olduğu təqdirdə, iddiaçıda müəyyən edilmiş həmin xəstəliklərin XBT-10 kodu qeyd olunmaqla, orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti dəqiq göstərilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən E,Şirinov əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və və patofunksional pozuntular aşkar edilmədiyindən, həm AR NK-nın göndərişin göndərildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə, həm də hazırda qüvvədə olan 187 nömrəlki qərarı ilə təsdiq edilmiş Meyarlara müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin verilməsinə nail olmaqdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2.-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydadnın 1.3-cü bəndinə əsasən, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydadan: -2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. -2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. -2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Hazırkı iş üzrə iddiaçının göndəriş verilməsi üçün cavabdehə müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin müəyyən edilmiş hallarına görə iddiaçıya 2010-cu ildən ilkin təyinat aparılmaqla “Sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı. Sağ dirsək oynağının kontrakturası (70-105 dərəcə), artrozu, osteofiti. Sağ tərəfli aşağı döş, yuxarı bel fəqərələrinin 1-ci dərəcəli skoliozu” diaqnozları ilə 2021-ci ilə qədər üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli göndərişi əsasında müvafiq Komissiya tərəfindən iddiaçının sağlamlıq vəziyyəti həmin dövrdə qüvvədə olan AR NK-nın 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması. Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi təyin edilir.” səbəbi ilə imtina edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmiş, əlavə ixtisaslaşmış müalicə və bərpa müalicəsi almışdır. İddiaçı aldığı əlavə bərpa müalicəsinə baxmayaraq səhhətində yaxşılaşma olmadığını, əksinə ağırlaşmalar yarandığını hesab edərək əlilliyinin məyyən edilməsi üçün müvafiq göndərişin verilməsi üçün 3 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. İş materillarından görünür ki, iddiaçının müraciəti əsasında cavabdeh tibb müəssisəsi tərəfindən onun barəsində müvafiq müalicə sənədlərinin toplanması, həmin sənədlərin təhlil edilməsi təmin olunmuş, əyani müayinəyə cəlb edilərək sağlamlıq vəziyyəti yoxlanılmış, nəticədə iddiaçıda hazırda qüvvədə olan AR NK-nın 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlillik üçün əsas verən xəstəliklərin diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər müəyyən edilmədiyindən və həmin xəstəliklərin müalicəyə tabe olması, reabilitasiya olunmasının mümkünlüyü təsbit edildiyindən göndəriş verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə Dövlət Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyi ilə də iddiaçının əyani müayinəsi nəticəsində onda müəyyən edilmiş xəstəliklərin əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə görə, şəxsə təyin edilmiş əlillik müddətinin bitməsindən sonra onda müəyyən edilmiş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsinə əsas versə də, bu öhdəlik yalnız həmin xəstəlik, çatışmazlıq və ya pozuntuların AR NK-nın 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə göstərildiyi halda qoyula bilər. Belə ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunun 9-cu bəndində göstərilmişdir ki, “xüsusilə nəzərə alınmalıdır ki, göndərişin verilməsi üçün yuxarıda istinad edilən Qaydanın 1.5.1-ci bəndində təsbit edilmiş əsasların formal olaraq mövcud olması, yəni şəxsin eyni xəstəliklə müvafiq müddətdə ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması özü-özlüyündə qeyd-şərtsiz göndərişin verilməsinə birmənalı şəkildə əsas vermir. Belə ki, həkim komissiyasının şəxsə əlilliyinin qiymətləndirilməsi üçün göndəriş vermək öhdəliyi yalnız həmin xəstəlik, çatışmazlıq və ya pozuntuların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə öz əksini tapdığı təqdirdə yaranır. Məhkəmə bir məqamı vurğulayır ki, iddiaçıya əvvəlki dövrlərdə, yəni 2010-2021-ci illərdə tibb müəssisəsinin göndərişləri əsasında üçüncü dərəcə əlillik təyin edilməsi xüsusatı nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin əsasında iddiaçıya yeni göndərişin verilməsindən imtina dayanır. Göründüyü kimi iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda müəyyən edilmiş xəstəlik və pozuntular istinad olunan Meyarlarda əlillik təyininə əsas vermədiyindən cavabdehin imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.
Hakim Tural Məlikov