Məhkəmə qərarları › İş №2-1(112)-13240/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13240/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13240/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X2 qarşı "icra məmuru barədə tədbir görülməsi və pulun tutulması" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin və icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsi (hakim Mirzə Tağızadə) 2-2(103)323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını və digər məhkəmə qərar və qərardadlarının icrasını qərəzli surətdə icra etmədiyinə görə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə) 05 avqust 2022-ci il tarixli, № 8(005)- 475/2022 saylı qərardadına əsasən üzərinə həbs qoyulmuş "xxxx" ASC-nin mülkiyyətində olan 4 (dörd) ədəd 60 m3-lik qəlib qarışığı hazırlayan metal tutumlu bunkerlərin 2 (iki) ədədinin "BakıElektriktökmə” ASC-nin rəhbərliyi tərəfindən satılmasına şərait yaratdığına görə barələrində ciddi qərar qəbul edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ona ödənilməli olan 46.194 (qırx altı min yüz doxsan dörd) manat pulunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin 2(82)-702/2014 saylı 01 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdeh "Bakı Elektriktökmə” ASC-dən 46.194 (qırx altı min yüz doxsan dörd) manat pul məbləğinin tutularaq, ona verilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, xx.xx.2014-cü il tarixdə qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə əsasında xx.xx.2014-cü il tarixli, 2-2(103)-323/2014 saylı icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru X1 icraatına verilmişdir. İcra məmuru Rəfail Səfərov "xxxx" ASC-nin rəhbəri Vüqar Kərimovla əlbir olub xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinin icrası təmin edildiyindən xx.xx.2014-cü il tarixli, 2-2(103)- 323/2014 saylı icra sənədi üzrə icraata xitam vermişdir. Lakin iddiaçıya icra sənədi üzrə ona ödəniş olunmamışdır. O, həmin qərardan apellyasiya şikayəti verib, həmin qərarın ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2-2(103)-323/2014 saylı icra sənədinin icraya yönəldilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakim Mirzə Tağızadə) 22 aprel 2022-ci il tarixli, 2- 2(103)-323/2014 saylı qərardadı ilə iddiaçının şikayəti təmin olunaraq, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (hakim Mehriban Əfəndizadə) 8(005)- 475/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu "xxxx"ASC-nin mülkiyyətində olan 4 (dörd) ədəd 60 m3-lik qəlib qarışığı hazırlayan metal tutumlu bunkerlərin üzərinə həbs qoyulmuşdur. Ancaq əldə etdiyi məlumata əsasən icra məmuru Rəfail Səfərovun köməkliyi ilə üzərinə həbs qoyulmuş 4 (dörd) ədəd 60 m3-lik qəlib qarışığı hazırlayan metal tutumlu bunkerlərdən 2 (iki)-si "xxxx" ASC-nin rəhbərliyi tərəfindən satılmışdır. İcra məmuru Rəfail Səfərov qeyd olunan 4 (dörd) ədəd 60 m3-lik qəlib qarışığı hazırlayan metal tutumlu bunkerlərin qiymətləndirilərək açıq hərracın keçirilməsini təyin etmiş və hərrac vasitəsi ilə satılacaq bunkerlərdən əldə olunacaq məbləğdən məhkəmə qərarına əsasən 46.194 (qırx altı min yüz doxsan dörd) manatın ona ödəniləcəyini bildirmişdir. Lakin icra məmuru Rəfail Səfərov hərracın keçirilməsini dayandıraraq, "xxxx" ASC-nin rəhbəri Vüqar Kərimov ilə sövdələşərək, guya həmin məbləğin ona ödənilməsi barədə saxta ərizə əldə edərək məhkəmə qərar və qərardadlarını icra etməmək üçün müxtəlif əməllər törətmişdir. Hazırda icra məmuru Rəfail Səfərovun və ümumən Nərimanov rayon icra və probasiya şöbəsinin bu kimi qanunazidd əməllərinə görə məhkəmə qətnamə və qərarlarına əsasən iddiaçının 46.194 (qırx altı min yüz doxsan dörd) manat pulu mənimsənilir, bu onu çox ağır maddi və mənəvi duruma salmışdır. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin rəhbərliyinin və icra məmuru X1 məhkəmə qərarını qərəzli surətdə icra etmədiklərinə görə barələrində ciddi tədbir görülməsi və iddiaçıya məhkəmə qərarına əsasən 46.194 manat "xxxx"ASC tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı teleqram məhkəməyə göndərərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisəyə dair qüvvədə olan məhkəmə qərarı ilə bağlı icra icraatı qaydasında icra məmurunun hərəkətlərindən şikayətlə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İş materiallarından göründüyü kimi 2 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin 2(82)- 702/2014 saylı 01 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı inzibatiiqtisadi məhkəməsinin 2(82)-702/2014 saylı 01 aprel 2014-cü il tarixli qətnaməsi ləgv edilərək, iddiası təmin edilmiş, cavabdeh "Bakı Elektriktökmə” ASC-dən 46.194 (qırx altı min yüz doxsan dörd) manat tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, xx.xx.2014-cü il tarixdə qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə əsasında xx.xx.2014-cü il tarixli, 2-2(103)-323/2014 saylı icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-323/2014 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərovun xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2014-cü il tarixli, 2-2(103)- 323/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırki iddiasının birinci tələbində iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə baglı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 10 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər...“İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İddiaçı isə Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2014-cü il tarixli, 2-2(103)- 323/2014 saylı qətnaməsinin icrası ilə baglı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında müraciət etməmiş, ayrıca inzibati qaydada iddia vermişdir. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə qərarlarından göründüyü kimi müvafiq məhkəmə araşdırması iddiaçının hazırda mübahisə açdığı ikinci tələblə (pulun tutulması) baglı aparılmışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi yekun məhkəmə aktı hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2014-cü il tarixli, 2-2(103)-323/2014 saylı qətnaməsinin icrası ilə baglı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında şikayətlə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar