Məhkəmə qərarları › İş №2-1(112)-13245/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13245/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13245/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona artıq əmək pensiyası ödənilməsi əsası ilə 9785,51 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə hər ay 664,48 manat olmaqla əmək pensiyasından tutulmaqdadır. Buna əsas kimi isə cavabdeh pensiyanın 52 yaşın tamam olduğu vaxtdan təyin edilməli olduğu halda 50 yaşdan təyin edildiyini qeyd etmişdir. Halbuki, hər hansı pozuntulara yol verilmədən bütün sənədlər cavabdehə təqdim edilmişdir. 2020-ci ilin avqust ayında hər hansı xəbərdarlıq edilmədən Nazirliyin audit şöbəsi onun pensiyasının verilməsini 5 ay müddətinə dayandırmış, 2004-2005-ci illər üzrə sənədlər tələb edilmiş, həmin sənədlərin onlarda olduğu tərəfindən qeyd edilmişdir. Çətinliklə də olsa həmin sənədlər tapıldıqdan sonra pensiyası 2021-ci il tarixdən bərpa edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 22 may 2023-cü il tarixli qərarın ləğv edilməsi, 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyinatının bərpa edilməsi və artıq ödəmə adı ilə 9786,51 manat pul vəsaitinin tutulmasının qadağan edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 14 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməli olduğu halda 50 yaşından pensiya təyin edildiyi aşkar edilmişdir. Əmək pensiyaçı olduğunuz dövrdə yığılmış sığorta kapitalı da əmək pensiyasının yenidən hesablanması zamanı düzgün nəzərə alınmamış, nəticədə artıq ödəmə yaranmışdır. Müəyyən edilmişdir ki, 9786,51 manat pul vəsaiti artıq ödənilmişdir ki, hər ay 664,48 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. Əmək pensiyasının yenidən hesablanması barədə 22 may 2023-cü il tarixli qərardan görünür ki, 7014,32 manat olan pensiya məbləği yenidən hesablanaraq 6644,75 manat olmuş, hesablamanın əsası pensiya yaşının 52 yaşdan təyin edilməli olduğu halda 50 yaşdan təyin edilməsi ilə bağlı olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda pensiya alan şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Bundan başqa bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar) Göründüyü kimi kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Digər tərəfdən Məhkəmə iddiaçının irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab edir. Belə ki, qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 50 yaşdan pensiya təyin edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh şəxsə pensiyanın 52 yaşdan təyin edilməli olduğu qənaətindədir ki, məhkəmə hesab edir ki, cavabdeh təyinatın həmin yaşdan təyin edilməli olması hissəsində də qanunsuz və əsassız mövqe nümayiş etdirmişdir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: 1 yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 50 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01 avqust 1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01 avqust 1997-ci ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Həmin stajların mövcud olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisə 01 avqust 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməsi ilə bağlıdır ki, cavabdeh iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasına istinad edərək pensiyanın 52 yaşdan təyin edilməli olması qənaətindədir. Halbuki, yuxarıda istinad edilən müddəanın tələbindən göründüyü kimi bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Odur ki, iddiaçıya düzgün olaraq pensiya yaşına çatdığı 50 yaşda 20 illik ümumi, 10 illik xüsusi stajı nəzərə alınmaqla ilkin təyinat aparılmışdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməklə 50 yaşdan aparılmış təyinat bərpa edilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla da əsas tələb təmin edildiyindən onun hüquqi nəticəsi kimi artıq ödəmə adı ilə 9786,51 manat pul vəsaitinin tutulmasının qadağan edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının yenidən hesablanması barədə qərar qanuni və əsaslı olsa belə həmin hal iddiaçıdan pul vəsaitinin artıq ödəmə adı ilə tutulmasına əsas vermir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada tutulmanın qanunsuz və əsassızlığını hazırkı iş üzrə cavabdeh iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddiadan görünür ki, mübahisə pul məbləğinin tutulmasının qanunsuz hesab edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, 39.1-ci madddənin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən tutulmanın ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Bunun üçün mütləq qaydada pensiya orqanının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mütləq olaraq qiymətləndirilməli olması ilə bağlı qanunvericilik müddəası mövcud olmadığından, yəni istər hazırkı iş üzrə cavabdehin qaldırmalı olduğu artıq ödəmənin geri tələb edilməsi barədə iddia ərizəsi üzrə, istərsə də nə qədər ki tutulmanın qanunsuz hesab edilməsi tələb edilirsə hazırkı iddia üzrə həmin halın qanunsuz və əsasızlığı məhkəmə predmetini təşkil edə bilər. Bu baxımından qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş ehtimal olunan artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi artıq ödəmənin mövcud olması cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış ehtimal olunan səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv olunmasa belə, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının hər hansı müdaxiləsi olmadan aparılmış ehtimal olunan səhv hesablama artıq ödəmə adı ilə ödənilmiş pul vəsaitinin istər məhkəmə qərarı, istər məhkəmə qərarı olmadan cavabdeh tərəfindən tutulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə əsas ola bilməz. Odur ki, pul vəsaitinin tutulması cavabdehə qadağan edilməli, büdcəyə bərpa edilmiş pul vəsaiti də iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə 22 may 2023-cü il tarixli qərarı ləğv edilsin. Artıq ödəmə adı ilə 9786,51 manat pul vəsaitinin iddiaçıdan tutulması Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin İddiaçının 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyinatının bərpa edilməsi və tutulmuş pul məbləğini iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar