Məhkəmə qərarları › İş №2-1(112)-13246/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13246/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13246/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 Böyükkişi qızının iştirakı ilə, İddiaçı1 Böyükkişi qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 Böyükkişi qızı və X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 Böyükkişi qızına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iş üzrə X3 iddiaçı qismində göstərilməsini formal xəta olaraq qiymətləndirmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki iddiaçının anası X4 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağları ünvanında Kəlbəcər Rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmışdır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Məlumat üçün bildirilir ki, xx.xx.2002-ci il tarixdə keçmiş həyat yoldaşı X9 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1 Böyükkişi qızı adlı övladı doğulub. xx.xx.2006-cı ildə isə nikahları pozulub. İddiaçının anasının məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Lakin müraciət etsə də iddiaçıya məcburi köçkün vəsiqəsi vermirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X15 Üzrə Dövlət Komitəsi iddiaçıya məcburi köçkünlüyü təsdiq edən vəsiqəni verməkdən imtina edirlər. Səbəb isə göstərirlər ki, X1 həyat yoldaşı X9 1993-cü ildə məcburi köçkün kimi Bərdə rayonunun Qaradırnaq kəndində məskunlaşıb. Daha sonra 2001-ci ildə Bakı şəhəri, Yasamal rayonuna daimi qeydiyyata düşmüşdür, hal-hazırda isə ünvan 3 ünvanında qeydiyyatdadır. X4 bildirir ki, iddiaçının anasıdır, həm də ailə başçısıdır və hesab edir ki məcburi köçkün olduğu üçün övladı da bu statusu əldə edir. Ona görə də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, iddiaçının atasının qeydiyyatı ünvan 4 ünvanında olduğu üçün ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilir ki, İddiaçı1 “ona məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalah’ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, iddiaçının atasının qeydiyyatı Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 86, mənzil 27 ünvanında olduğu üçün ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cı il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ‘‘məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1 -ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, - 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında İddiaçı1 atası X8 məxsus məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə aşkar edilməmişdir; - X14 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; - İddiaçı1 anası X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; - X2 rayonu, Almalıq kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 atası X14 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, həmçinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, “Bakı şəhərinin Nizami rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası ‘‘məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara ‘‘məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildiririk ki, İddiaçı1 atası X14 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhərdə) qeydiyyatda olmadığından, Babayeva X11 rayonundan məcburi köçkün düşə bilməzdi. Odur ki, İddiaçı1 atası X14 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatda olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. AZ İV 669066 qeydiyyat nömrəli doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı1 Böyükkişi qızı xx.xx.2004-cü il təvəllüdlü olmaqla atası X9, anası İddiaçı2dır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı 175957 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 (Kəlbəcər rayonunda doğulmuşdur) 1993-cü ildə Kəlbəcər rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir.

8. İddiaçı2 Əzizbəyov rayon məhkəməsinin 2-550 saylı 11 sentyabr 2007-ci il tarixli qətnaməsinə düzəliş edilməsinə dair ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət edərək Əzizbəyov rayon məhkəməsinin sözü gedən qətnaməsində 18 sentyabr 2006-cı ildə bağladıqları nikah pozulmaqla, uşaqların onun himayəsində qalmasına dair düzəliş edilməsini, həmin ifadənin əlavə olunmasını xahiş edir. Əzizbəyov rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli məhkəmə Əlavə Qətnaməsi ilə Əzizbəyov rayon məhkəməsinin 2-550 saylı 11 sentyabr 2007-ci il tarixli qətnaməsində düzəliş edilmiş, həmin qətnamədə 03 dekabr 2003-cü il təvəllüdlü Nihad adlı və xx xxxxxx 2004-cü il təvəllüdlü Aişə uşaqların İddiaçı2 himayəsində qalması nəticə hissəsinə əlavə olunmuşdur.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

12. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. X10 münasibətdə iddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, qardaşı X16 ilə hüquqi vəziyyəti eyni olduğundan onunla bağlı müraciət olduğu təqdirdə müraciətinin təmin olunacağını güman etməyə ümidinin olmamasını ağlabatan hesab edir.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

17. Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

18. İddiaçı1 Böyükkişi qızı xx.xx.2004-cü il təvəllüdlüdürlər. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçının valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının anası işğal olunmuş rayonda doğulmaqla (Kəlbəcər rayonu) Bakı şəhərində məskunlaşmışdır. Əzizbəyov Rayon Məhkəməsinin 06 yanvar 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Böyükkişi qızı anası İddiaçı2 himayəsinə verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı faktiki və hüquqi olaraq yetkinlik yaşına çatana qədər valideynlərindən yalnız anasının himayəsində olduğundan atasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədar “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi onun fərdi vəziyyətinə mütənasib olmamışdır.

19. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

20. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

21. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

23. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

24. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

25. Hazırkı işdə iddiaçının anası İddiaçı2 (1975-ci ildə Kəlbəcəri rayonunda doğulmuşdur) xx.xx.2017-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Kəlbəcər rayonundan məcburi köçkündür.

26. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan hər üç şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının atasının qeydiyyatı Bakı şəhərindədir.

27. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Digər tərəfdən ancaq “ata”ya münasibətdə “məcburi köçkün” statusunun olması tələbi “ana”ya münasibətdə fərqli rəftardır və həmin fərqli rəftarın ağlabatan əsaslandırması olmamaqla bərabətlik hüququnun pozuntusudur. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1 Böyükkişi qızına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar