Məhkəmə qərarları › İş №2-1(112)-1325/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1325/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1325/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən Fövqəladə Hallar Nazirliyinin iddiaçıya dair 23 fevral 2021-ci il tarixli xx/xx- 00052 nömrəli arayışında onun xx.xx.2008-ci il tarixdən bugünədək “X11-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı göstərilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun zərərli iş şəraitində işləməklə xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir. Bu imtina əsassız və qanunsuzdur. İddiaçının iş stajı Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlə məhdudlaşmır, 1976-cı ildən peşə təhsili almaqla, sonrakı müddətdə müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda 44 ildən artıq iş stajı mövcuddur. İş rejiminin əksər hissəsi dənizdə və geoloji kəşfiyyatda keçmişdir ki, həmin müddət güzəştli iş kimi nəzərdə tutulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin 2006-cı ilin yanvarın 1dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının, 122056 nömrəli diplomun və ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979cu il tarixə qədər Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almış və gəmidə 1-ci dərəcəli radiooperator ixtisasını əldə etmiş, xx.xx.1979-cu ildə Qaz Sənayesi Nazirliyinin “X6” Neft və Qaz Hasilatı üzrə X2 “Neftqazdonama” İdarəsinin Abşeron rayon idarəsində ПC-174 birinci radiooperator şagirdi kimi istehsalat təcrübəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə ПC-174 birinci radiooperator kimi ştata daxil edilmiş, xx.xx.1980-ci ildə Sovet Ordusuna çağırışla bağlı işdən azad olunmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Sovet Ordusunda xidmət keçmişdir. İddiaçı xx.xx.1982-ci ildə Hidrometrologiya və təbii mühitə nəzarət üzrə Azərbaycan Respublikası İdarəsində “Şkval” teploxoduna radiooperator təyin edilmiş, xx.xx.1984-cü ildə öz arzusu ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Qaraboğazgöl Hidrometeorologiya stansiyasına texnikradiooperator keçirilmiş, xx.xx.1988-ci ildə 2-ci kateqoriyalı texnik-radiooperator təyin edilmiş, xx.xx.1989-cu ildə həmin stansiyaya 1-ci kateqoriyalı texnik-radiooperator keçirilmiş, xx.xx.1992-ci ildə Türkmənistan Prezidentinin xx.xx.1992-ci il tarixli PD-498 saylı sərəncamına uyğun olaraq Azərbaycan Hidrometrologiya mərkəzində 1-ci kateqoriyalı texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə “Türkmənhidromet”in xx.xx.1992-ci il tarixli 94 saylı əmrinə uyğun Krasnovodsk şəhərində Hidrometeorologiya Mərkəzi təşkil olunmuş və Qaraboğazgöl Hidrometeorologiya mərkəzində 1-ci dərəcəli texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-tədqiqat ekspedisiya donanmasının “Əlif Hacıyev” ETK-nə böyük motorist-elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1995-ci ildə N nömrəli hərbi hissəyə 1-ci dərəcəli radiooperator vəzifəsinə qəbul olunmuş, xx.xx.1995-ci ildə MTB-68-ə 1-ci dərəcəli radiooperator vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ilə işdə azad edilmiş, xx.xx.1997-ci ildə X11 Xilasetmə İdarəsinin Gəmilərdə radiostansiya rəisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə Karvan Xidmətinə rabitə operatoru keçirilmiş, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə X11 Xilasetmə Xidmətinə dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə Azərbayca Respublikası Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitik- informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Xəzər Hövzə ixtisaslaşdırılmış Qəza-xilasetmə X9 Cəmiyyəti” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr nömrə 30, xx.xx.2006-cı il) “Qoryaçi” gəmisinə radiostansiya rəisi vəzifəsinə işə qəbul edildiyi; (əmr nömrə 46, xx.xx.2006-cı il) “Karvan xidmətinə rabitə” operatoru vəzifəsinə keçirildiyi qeyd olunur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2008-ci il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı Nazirliyin X11-Xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. X11-xilasetmə Xidməti tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hazıradək Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaları və işin sadalanan hallarını nəzərə aldıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 26 il 4 ay 3 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İkinci şərt olan iddiaçının güzəştli iş stajına gəldikdə, məhkəmə qeyd edir ki: - işdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 35-ci siyahısında (ümumi peşələr) nəzərdə tutulur. - Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tələb olunan məlumatların təqdim olunması məqsədilə Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə 11 noyabr 2021-ci il tarixli 20/909/d nömrəli məktubla müraciət edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/374/d nömrəli 18 noyabr 2021-ci il tarixli cavab məktubunda işçilərin şüalanmadan fərdi mühafizə vasitələrinin vəzifə təlimatları ilə bağlı sənədlərin Geoloji İnformasiya və Arxiv Fonduna təhvil verilmədiyi bildirilmişdir. - Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1994-cü il tarixədək işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işlədiyi radiooperator vəzifəsindəki işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinə kimi Elmitədqiqat ekspedisiya donanmasının “Əlif Hacıyev” elmi tədqiqat gəmisində 1-ci dərəcəli matros vəzifəsində işləmiş və işlədiyi Əlif Hacıyev” elmi tədqiqat gəmisi xidmət gəmisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Nəqliyyat bölməsində b) Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) daxil olan vəzifə kimi qəbul edilmir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1997-xx.xx.2006-cı illərdə Gəmilərdə radiostansiya rəisi vəzifəsində işləmiş olduğu АСПТР КМП (Каспийское бассейновое аварийно-спасательное специализированное управление) idarəsi 1994cü ildən “X5 Qəza-Xilasetmə” ASC adı altında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2018-ci il tarixli 131 nömrəli Qərarı ilə ləğv edilmişdir. Həmin dövrdə, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş ASC-yə aid arxiv sənədlərini X11-xilasetmə Xidmətindən götürərək Milli Arxiv İdarəsinə təhvil vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. Bununla əlaqədar, göstərilən tarixləri əhatə edən dövr üzrə məhkəmə sorğusunun cavablandırılması və təsbit olunması X11-xilasetmə Xidmətinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 23200000 - XXXİİİ. Ümumi peşələr, 23200000—1753q - UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Hazırkı işdə iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş olmasına dair yeganə sənəd Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublarıdır, hansı ki, həmin məktublara əsasən iddiaçının xx.xx.1982-xx.xx.1986-cı illərdə (4 il 2 ay 4 gün) Şkval elmi tədqiqat gəmisində işlədiyi radiooperator vəzifəsi 2 nömrəli Siyahının Ümumi peşələr bölməsində təsbit olunmuş UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər vəzifəsinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid edilmişdir. Məhkəmə işəgötürənin bu arayışını sübut kimi qəbul edir və gəmilərdə radiooperator vəzifəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na əsasən: - bənd 3.6. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə gəmi kapitanı, gəmi kapitanının baş köməkçisi, baş mexanik və radiomütəxəssis yalnız Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. - bənd 4.28. Radar və ultraqısa dalğalar (bundan sonra — UQD) radiostansiyası vasitəsilə təchiz olunmayan, habelə məhdud görmə şəraitində və gecə vaxtı bu cür avadanlığı nasaz olan gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkəti qadağandır. - bənd 5.8. Gəmilər ilə operator arasında rabitə əlaqələri X8 Xidmətinin və X10 Xidmətinin qaydalarına uyğun olaraq, radiotelefon vasitəsilə həyata keçirilir. - bənd 5.14. Hərəkətdə olan gəmilər operator ilə UQD radiostansiyası vasitəsilə daimi radiorabitə əlaqəsində olmalıdırlar. - bənd 19.1. Liman akvatoriyasında olan gəmilərin UQD radiostansiyası və peyk rabitə vasitələri istisna olmaqla, teleqraf və digər telefon radio qurğularından istifadə etməsi qadağandır. Beləliklə, istinad olunan normalardan görünür ki, hər bir gəmidə rabitənin təmin olunması məqsədilə ultraqısa dalğalar (bundan sonra — UQD) radiostansiyası olmalıdır. Belə olan halda aydındır ki, gəmidə radio operator işləyən şəxs həmin radiostansiya vasitəsilə ultra qısa dalğalara məruz qalacaqdır. Deməli, iddiaçının gəmidə radiooperator işlədiyi vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Məhkəmə hesab edir ki, İddiaçının Şkval elmi tədqiqat gəmisi ilə yanaşı “Qoryaçi” gəmisində radiostansiya rəisi vəzifəsində işlədiyi müddət (xx.xx.1997-xx.xx.2005, 8 il 7 ay 24 gün) də onun UQD (ultra qısa dalğalar) şüalanma mənbələrində işlə məşğul olduğu peşə kimi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 38-7 nömrəli 27 dekabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəniz Donanması nəqliyyat sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasına əsasən (hissə 73) radiostansiya rəisi “Gəmi radio mütəxəssisləri, elektroradionaviqatorun işinə rəhbərlik edir, dəniz yol nəqliyyatı vasitələrində xidməti radiorabitə qaydaları və gəmi cədvəlinə uyqun olaraq növbə çəkir. Dəniz yol nəqliyyatı vasitələrində xidməti radio-rabitə qaydalarına ciddi riayət edir. Gəminin ötürücü qurğulardan çıxan radioşüaların sanitar normalarına uyğun kəlməsinə nəzarət edir. Tabeliyində olan şəxslərin təhlükəsizlik texnikası üzrə qayda və təlimatlara əməl etmələrini təmin edir. Radio mütəxəssislərin növbə cədvəlini tərtib edir və təsvir olunmaq üçün kapitana təqdim edir. Metereoloji məlumat və kapitan tərəfindən göstərilmiş rayonlar üzrə fırtına xəbərdarlığını, həmçinin dənizlərə naviqasiya xəbərdarlığının müntəzəm oalarq vaxtında alınmasını təşkil edir və həyata keçirir. Qəza radiorabitə vasitələrinin həmişə işə hazır olmasını təmin edir. Gündəlik radioteleqraf jurnalını yoxlayır və kapitana təqdim edir. Radiorabitənin texniki vasitələrinin etibarlı işini və onlara texniki xidməti təmin edir. Gəmi səfərə çıxmamışdan əvvəl texniki vasitələrin texniki vəziyyətini yoxlayır və onların işə hazırlığı haqqında kapitanın böyük köməkçisinə məlumat verir. Texniki vasitələrdə aşkar edilmiş nasazlıqları şəxsən və ya radiomütəxəssisləri cəlb etməklə aradan qaldırır (gəmi şəraitində bu işləri görmək mümkündürsə), sahil mütəxəsisləri tərəfindən texniki vasiitələrin təmiri və sazlanması üzrə görülən işlərin keyfiyyətinə nəzarət edir. Texniki vasitələr üzrə texniki formulyar, texniki baxış və təmirin uçotu jurnalını aparır, vaxtında təmir cədvəllərini tərtib edir və böyük mexanikə təqdim edir. Material-texniki təchizata sifarişlər tərtib edir, ehtiyat hissələri, ləvazimatı, alət və materialları qəbul edir və onların uçotunu aparır.” 2 nömrəli siyahıda UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan konkret peşələrin deyil, həmin işlə məşğul olan bütün fəhlə və mütəxəssislərin güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gəmilərdə UQD radiostansiyanın olması məcburi tələb olduğundan və həmin radiostansiyada işləyən şəxslərin müvafiq şüalanmaya məruz qaldığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçının “Qoryaçi” gəmisində radiostansiya rəisi vəzifəsində işlədiyi müddət də güzəştli sığorta stajına daxil edilməlidir. Məhkəmə bu zaman nəzərə alır ki, Azərbaycan Respublikası Dövlət X1 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3.1ci bəndinə əsasən nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatlar (diplomlar) aşağıdakılardır: 3.1.1.4. Gəmi radio mütəxəssisləri üzrə: – Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru; – Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru; – 2-ci dərəcəli gəmi radioelektroniki; – 1-ci dərəcəli gəmi radioelektroniki; – Gəmi radio operatoru. İşdə olan xx.xx.2001-ci il tarixli 25/2001 saylı Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru sertifikatından görünür ki, İddiaçı DİK-in xx.xx.2001-ci il tarixli protokolu əsasında müvafiq sertifikat verilmişdir. 000986 nömrəli 2-ci dərəcəli gəmi radiooperatoru sertifikatından görünür ki, X3 tərəfindən İddiaçı xx.xx.2002-xx.xx.2007-ci illərdə qüvvədə olan müvafiq sertifikat verilmişdir. Göründüyü kimi, iddiaçı radiostansiya rəisi vəzifəsində işlədiyi müddətdə də gəmi radio mütəxəssisləri üçün tələb olunan sertifikasiyadan keçmiş, müvafiq sertifikatları əldə etmiş, gəmidə radio mütəxəssisi olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq (12 il 9 ay 29 gün) güzəştli iş stajı mövcud olmuşdur. Cavabdeh bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının həmin işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələrinin tətbiqi ilə bağlı heç bir sənəd təqdim etmədiyini, buna görə də həmin işlərin güzəştli şərtlərlə pensiya hüququ verən iş kimi qəbul edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdən müəyyən olunur ki, iddiaçının gəmidə radiooperator və radiostansiya rəisi vəzifələrində işlədiyi müəssisələr artıq mövcud deyil və hazırda fəaliyyət göstərən hüquqi varisləri sənədlərin olmaması əsası ilə müvafiq məlumatı məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, hazırkı halda iddiaçıya müvafiq işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələrinin tətbiq edilib edilməmədiyi müəyyən olunmur. Lakin bu halın müəyyən olunmaması iddiaçının pensiya hüququndan məhrum olmasına səbəb ola bilməz. Çünki Siyahıdakı həmin tələb müvafiq vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasının müəyyən edilməsi şərti kimi nəzərdə tutulmamış, həmin işdə işləyən şəxslərin mühafizəsi məqsədi daşımaqla işəgötürənə münasibətdə məcburi xarakterə malik olmuşdur. İşəgötürənin həmin tələbə əməl edib etməməsi isə işçinin təqsiri kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"nın 1.4-cü bəndinin 3-cü abzasına əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrindən istifadə olunması məqsədlərindən biri olaraq müəyyən edilmişdir. Sözügedən peşənin ultra qısa dalğalar, ultra yüksək tezlikli və həddən artıq yüksək tezlikli şüalanma mənbəyi olub-olmaması iş yerlərinin attestasiyasının nəticələrinə əsasən müəyyən edilə bilər. Hazırkı işdə müvafiq iş yerləri artıq mövcud deyil, anoloji müəssisələr isə iddiaçının həmin müəssisələrdə işləməməsi əsası ilə məhkəmə sorğularını mahiyyəti üzrə cavablandırmamışlar. Belə bir halda, İPM-in 14.3-cü maddəsinə əsasən iddiaçının işlədiyi peşələrin güzəştli olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsaslı qəbul etmir və göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi staja malik olduğundan iddia tələbi əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının “ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi” tələbinə gəldikdə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, xx.xx.2018-ci il tarixdə yarandığından iddia tələbi ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində əsaslı olsa da, həmin məbləğin “birdəfəlik” ödənilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar