Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1326/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayonu, S.Əliyev adına Südlük-maldarlıq üzrə X8 X1 xx.xx.2000-ci il tarixli 06 saylı əmri ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi üzərində mərhum atası Tanrıverdiyev Vəkil İsmayıl oğlunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, S.Əliyev adına südlükmaldarlıq üzrə X8 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi iddiaçının mərhum atası Tanrıverdivev Vəkil İsmayıl oğluna ayrılmış və istifadəsində olmuşdur. Atası 2008-ci ildə rəhmətə getdiyindən torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2022-ci il tarixli imtina məktubu ilə təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrə ilə digər fiziki şəxsə (X5) fərqli ərazidə yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X2 rəhbərinin əmrinin əsli təqdim olunmamışdır. Qeyd olunanlarla yanaşı Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X4 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsi 1000 kv.m qeyd olunsa da, ərizəyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sahə və faktiki istifadəsində olan torpaq sahəsi 528 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********76 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı olsa da, təqdim edilən sənədlər Tanrıverdiyev Vəkil İsmayıl oğlunun adınadır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli 2**********76 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrə ilə digər fiziki şəxsə fərqli ərazidə yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon S.Əliyev adına südlük- maldarlıq üzrə X8 X2 rəhbərinin əmrinin əsli təqdim olunmamışdır. Qeyd olunanlarla yanaşı Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X2 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsi 1000 kv.m qeyd olunsa da ərizəyə əlavə edilmiş "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sahə və faktiki istifadənizdə olan torpaq sahəsi 528 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli b04 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84b , mənzil 48-da qeydiyyatda olmuş xx.xx.2008-ci ildə vəfat etmiş Tanrıverdiyev Vəkil İsmayıl oğlundan miras qalmış əmlaka dair vərəsəsi İddiaçıdur. - Abşeron rayon Dövlət Arxivinin F-129 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X1 06 saylı 17 fevral 2000-ci il tarixli əmri ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 039466 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X9 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmri ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna 528 kv.m fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İddiaçıya məxsus İİ-CL № 441642 saylı doğum haqqında şəhadətnamədən görünür ki, onun atası Tanrıverdiyev Vəkil İsmayıl oğludur. - Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X1 06 saylı 17 fevral 2000ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır, sonrdan əmrdən çıxarışda diyircəkli qələmlə düzəliş edilmiş, torpağın sahəsi “0,05” hektar göstərilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 1921 saylı xx.xx.2008-ci il tarixli rəyində bildirilmişdir ki, Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X1 xx.xx.1995-cı il tarixli 25 saylı əmrinə əsasən Tanrıverdiyev Vəkil İsmayıl oğluna 0.0528 hektar olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafıqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. - Abşeron rayon Dövlət Arxivinin H451 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X1 17 fevral 2000-ci il tarixli 06 №-li əmrində vətəndaş İddiaçı adı aşkar edilməmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********63 saylı məktubu ilə bildirilmişdir ki, DT və XK tərəfindən tərtib olunan A007155 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin aid olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********21 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Göstərilən sahə S.Əliyev adına Südçülük-Maldarlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Tanrıverdiyev Vəkil ismayıl oğlu və X3 torpaq sahələrinə dair ilkin yerləşmə cizgiləri təqdim edilmədiyindən sahələrin cizgiyə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/8107 №-li ekspert rəyində göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Göstərilən sahə S.Əliyev adına Südçülük-Maldarlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Tanrıverdiyev Vəkil ismayıl oğlu və X3 torpaq sahələrinə dair ilkin yerləşmə cizgiləri təqdim edilmədiyindən sahələrin cizgiyə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının tələbinin əsaslandığı hallara görə, Abşeron rayonu, S.Əliyev adına Südlükmaldarlıq üzrə X8 X1 xx.xx.2000-ci il tarixli 06 saylı əmri ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi üzərində mərhum atası Tanrıverdiyev Vəkil İsmayıl oğlunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasında gösətrilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrə ilə digər fiziki şəxsə fərqli ərazidə yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X2 rəhbərinin əmrinin əsli təqdim olunmamışdır. Qeyd olunanlarla yanaşı Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X2 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsi 1000 kv.m qeyd olunsa da, ərizəyə əlavə edilmiş "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sahə və faktiki istifadədə olan torpaq sahəsi 528 kv.m təşkil edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə torpaq sahəsinin iddiaçının mərhum atasına ayrıldıgı iddia olunsa da, sahəsinin təhkim aktının olması müəyyən olunmamışdır. Belə ki, iş üzrə alınmış ekspert və mütəxəssis rəyindən görə vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Göstərilən sahə S.Əliyev adına Südçülük- Maldarlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Tanrıverdiyev Vəkil ismayıl oğlu və X3 torpaq sahələrinə dair ilkin yerləşmə cizgiləri təqdim edilmədiyindən sahələrin cizgiyə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X2 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsi 1000 kv.m qeyd olunsa da, əmrdən çıxarışda diyircəkli qələmlə düzəlişlər edilməklə torpaq sahəsinin ölçüsünün 0.05 ha olması göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67-ci maddəsinin birinci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin tələbindən göründüyü kimi, sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq əmrin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla yanaşı, işdə olan torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçının təqdim etdiyi cizgini səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi əmrin arxiv çıxarışı məhz təqdim edilən cizgi üzrə və faktiki vəziyyətdə ayrıc aktından kənarda yerləşən iddia olunan torpaq sahəsinə hüququnun qeydə alınması üçün əsas ola bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən arayışın verilməsi” barədə iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/8053 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə prosessual xərclər iddiaçıya aid edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva